Maraqlıdır, sərhədlərin demarkasiyası ticarətə hansı mexanizmlərlə təsir göstərir və iqtisadi artımı necə stimullaşdıra bilər?
"İqtisadi münasibətlərin arxasında mütləq şəkildə sabit coğrafiya və sabit atmosfer dayanmalıdır. Əgər bu sabitlik yoxdursa, iqtisadi münasibətlərin inkişafı mümkün olmur".
Bu fikirləri Olaylar.az-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. Ekspert bildirib ki, hazırda Azərbaycan və Ermənistan arasında sərhədlər müəyyən olunub, daha dəqiq desək, təsdiqlənib. Delimitasiya və demarkasiya prosesləri başa çatdıqdan, sülh müqaviləsi imzalandıqdan sonra iki ölkə arasında iqtisadi əlaqələrin qurulmasına start veriləcək. Bu əlaqələrin başlanması isə hər iki ölkənin iqtisadi inkişafını sürətləndirəcək. Hətta sülh müqaviləsindən dərhal sonra belə, beynəlxalq investisiya axınının şahidi ola bilərik. Çünki yeni bir investisiya mühitinin formalaşması və onun dayanıqlı olması üçün sabitlik əsas şərtdir. İnvestorlar heç vaxt sülh müqaviləsi imzalanmamış, qeyri-sabit bir məkana böyük həcmdə vəsait yatırmağa risk etməzlər. Çünki investorlar üçün ən vacib qiymətləndirmə meyarlarından biri məhz siyasi və hərbi sabitlikdir. Bu baxımdan, regionda siyasi sabitliyin təmin olunması, yəni Azərbaycan və Ermənistan arasında münaqişənin sülh müqaviləsi ilə yekunlaşması, hesab edirəm ki, hər iki ölkənin iqtisadiyyatının möhkəmlənməsinə təkan verəcək. Eyni zamanda, ölkələrarası ticarət dövriyyəsinin sıfırdan başlamasına səbəb olacaq. Düşünürəm ki, həmin mərhələdə Ermənistan da Azərbaycanın müəllifi olduğu nəqliyyat dəhlizlərinin iştirakçısına çevrilə bilər.
Səidə Ramazanova