AZ

30-cu avrokubok mövsümü ərəfəsində: rəqəmlər nə deyir?

Həyəcan, həyəcan, həyəcan...

“Futbol+”in yaşlı oxucuları bəlkə də bu ifadəni kimin və nə vaxt dediyini xatırladılar. Yaxşı, qoy mən xatırladım: 1992-ci il martın 14-də birgünlüyə prezident vəzifəsinə qayıdan mərhum Ayaz Mütəllibov həmkarımın “indi hansı hissləri keçirirsiz” sualına məhz belə cavab vermişdi.

Onun sözü olmasın, azərbaycanlı futbolsevərlər üçün həyəcan dönəmi, yəni avrokubok yayı başlayır. Hər yeni mövsüm bizim üçün yeni ümidlər deməkdi. Bu il püşk ölkəmizin avrokuboklardakı təmsilçilərinə münasibətdə heç də rəhmli olmadı. Ötənilki çıxışına görə bu il də böyük ümidlər bəslədiyimiz “Zirə”nin bəxtinə Xorvatiyanın ən güclü klublarından “Hayduk”, debütant “Araz-Naxçıvan”ın bəxtinə isə Yunanıstan təmsilçisi “Aris” düşdü.

Beləliklə, artıq bu həftə, daha dəqiqi, cümə axşamı Azərbaycan üçün 30-cu avrokubok mövsümü başlayır. Yeni mövsüm ərəfəsində bəzi önəmli məqamlara baxmağa dəyər.

500-cü qol tezliklə olacaq, bəs 500-cü oyun?
Aşağıdakı statistikadan göründüyü kimi, Azərbaycan klubları geridə qalan 29 mövsümdə qitə turnirləri çərçivəsində keçirdiyi 470 oyunun 146-da qələbə qazanıb, 108-də heç-heçə edib, 216-da uduzub, topların fərqi isə 499-699-du. “Sabah” “Selye”nin qapısına yol tapsa, avrokuboklardakı yubiley – 500-cü qolumuzu vuracaq.

Məğlubiyyətlərin sayının qələbələrdən, buraxılan topların sayının vurulanlardan çox olması xüsusən də ilk illərdəki total uğursuzluqla bağlıdı. Futbol inqilabından sonra vəziyyət çox dəyişdi, “Qarabağ”ın ardıcıl uğurları isə klublarımızı “qapazaltı” imicindən qurtardı. Düzdü, artıq tarixə qovuşan iki turnirdəki – İnteroto və Kuboklar Kubokundakı statsistikanı dəyişə bilməyəcəyik. Amma Avropa Liqası, Çempionlar Liqası və Konfrans Liqası ilə bağlı hər şey öz əlimizdədi.

500-cü qol tam realdısa, 500-cü oyundan danışmaq bir qədər çətindi. Bunun üçün klublarımız bu mövsüm qitə turnirlərində ən azı 30 oyun keçirməlidi. Son dörd ildə oyun sayı 24-28 arasında dəyişib, yəni “Qarabağ”ın qrupa düşməsi ilə yanaşı, başqa klublardan da qəhrəmanlıq tələb olunur.

Turnirlər üzrə ümumi statistika belədi:
UEFA kuboku/Avropa Liqası 277 81 62 134 283-421
Çempionlar Liqası 103 36 29 38 122-127
Konfrans Liqası 52 19 11 22 64-81
İntertoto kuboku 26 9 3 14 19-41
Kuboklar Kuboku 8 0 2 6 1-17
cəmi 470 146 108 216 499-699

Hanı o 34 oyunluq mövsümlər?
Yazının əvvəlində 29 mövsümün arxada qaldığını, 30-cu mövsümə başlayacağımızı vurğuladıq. Əslində bu say 33 olmalıydı. Sadəcə, klublarımız məlum qalmaqal üzündən avrokubokların 2002/03, 2003/04 mövsümünə qatılmayıb. Cəmi bir qələbənin qazanıldığı ilk dörd mövsümü də məmnuniyyətlə tarixdən və arxivdən silərdik. Nə yazıq ki, rəqəmlər yalan danışmır və biz indi “onlara qulaq asmağa məcburuq”. Mövsümlər üzrə statistikadan da görünür ki, 2003-cü ilin dekabrındakı futbol inqilabından sonra vəziyyət kəskin şəkildə dəyişib. Ən əsası odu ki, qələbələrimizin sayı artıb. Dörd dəfə - 2010/11, 2013/14, 2017/18, 2023/24 mövsümlərində qələbə sayı məğlubiyyətlərdən çox olub.

Konkret mövsümlər üzrə oyun sayına gəlincə, 2015/16 və 2016/17-də klublarımız avrokuboklarda rekord müəyyənləşdirib. Hər iki mövsümdə oyun sayı 34-ə çatıb. Bildiyiniz kimi, bu rekord “Qarabağ”la “Qələbə”nin eyni vaxtda qrup mərhələsinə vəsiqə qazanması ilə bağlıdı.

Mövsümlər üzrə göstəricilər:
1994/95 2 0 0 2 0-7
1995/96 4 0 1 3 1-12
1996/97 6 1 2 3 5-20
1997/98 6 0 0 6 0-20
1998/99 8 1 0 7 4-25
1999/00 10 2 0 8 6-22
2000/01 10 2 0 8 9-25
2001/02 8 0 1 7 1-14
2004/05 12 4 1 7 6-17
2005/06 10 4 0 6 10-18
2006/07 10 4 2 4 6-9
2007/08 8 1 4 3 7-11
2008/09 14 3 5 6 11-18
2009/10 16 4 4 8 15-27
2010/11 14 6 4 4 16-14
2011/12 12 3 5 4 13-14
2012/13 22 5 11 6 29-26
2013/14 18 8 4 6 16-22
2014/15 24 9 6 9 27-27
2015/16 34 8 14 12 28-36
2016/17 34 11 7 16 38-42
2017/18 24 10 5 19 28-29
2018/19 20 7 3 10 17-28
2019/20 24 9 5 10 40-34
2020/21 14 4 3 7 16-17
2021/22 26 9 7 10 29-41
2022/23 24 9 6 9 33-29
2023/24 28 13 5 10 48-44
2024/25 28 9 3 16 40-51

“Qarabağ” 200-ün astanasında
“Araz-Naxçıvan” Azərbaycanın avrokuboklardakı 22-ci təmsilçisi olacaq. Rəqib hər nə qədər güclü olsa da, qələbə ilə debüt etməyə çalışmaq lazımdı. Klub debütantdı, Elmar Baxşıyev ki debütant deyil!
Bəli, indiyə qədər ölkəmizi avrokuboklarda 21 klub təmsil edib və onların 8-i artıq yoxdu. Söhbət “Bakı”, “Xəzər Lənkəran”, “MKT Araz”, “Bakı fəhləsi”, AZAL, “Xəzri”, “Viləş” və “Simurq”dan gedir.

Oyun sayına görə “Qarabağ”ın aşkar üstünlüyü var. Bir komanda ardıcıl 11 il avrokubokların qrupuna düşübsə, elə belə də olmalıdı. Ağdamlılar ən yaxın izləyicisi “Neftçi”ni iki dəfədən çox qabaqlayır. Təbii ki, bu il fərq daha da artacaq. 190-da dayanan “Qarabağ”ın bu il 200-ü ötəcəyi də şübhə doğurmur. “Sabah” 10-a çatacaqsa, “Zirə” də 20-yə çatmağa çalışmalıdı.

Klublar üzrə oyun sayı:
1. Qarabağ 190 70 46 74 228 238 256
2. Neftçi 82 26 20 36 95 127 98
3. İnter 39 16 11 12 42 45 59
4. Qəbələ 42 11 7 24 42 67 40
5. Zirə 14 6 4 4 17 19 22
6. Bakı 18 4 5 9 16 30 17
7. Xəzər Lənkəran 18 2 7 9 14 33 13
8. Sabah 8 4 0 4 12 11 12
9. Kəpəz 14 2 1 11 6 30 7
10. Karvan 6 2 1 3 3 6 7
11. MKT Araz 4 1 1 2 1 3 4
12. Bakı fəhləsi 2 1 0 1 1 3
13. Şəmkir 10 1 9 7 21 3
14. AZAL 4 0 2 2 3 5 2
15. Sumqayıt 5 0 2 3 1 6 2
16. Xəzri 2 0 1 1 2 11 1
17. Turan 2 0 0 2 0 7 0
18. Viləş 4 0 0 4 2 10 0
19. Şəfa 2 0 0 2 0 7 0
20. Simurq 2 0 0 2 0 4 0
21. Səbail 2 0 0 2 4 6 0

Zubir hamıdan öndədi
“Qarabağ” avrokuboklarda hamıdan çox oyun keçiribsə, bombardirlər siyahısının önündə məhz bu komandanın futbolçularının qərarlaşması da təbiidi. Ötən il bombardirlərin mübarizəsində çox maraqlı mənzərə yarandı. Deməli, oktyabrın 3-də keçirilən “Qarabağ” – “Malmö” oyununda (1:2) Juninyo rəqib qapısına yol tapdı. Bu, braziliyalı hücumçunun 23-cü avrokubok oyununda 13-cü qolu idi. Həmin vaxt zirvədə 14 qolla Abdulla Zubir qərarlaşmışdı. Oktyabrın 24-də keçirilən “Qarabağ” – “Ayaks” oyununda (0:3) bu futbolçulardan heç biri fərqlənmədi. Noyabrın 7-də keçirilən “Bude/Qlimt” – “Qarabağ” oyununda (1:2) isə Zubir qələbə topunu, deməli, həm də avrokuboklarda 15-ci qolunu vurdu. Ardından “Qarabağ” evdə “Lion” önündə darmadağın oldu. Komandasının təsəlli qolunu vuran Juninyo Zubirlə mübarizədə hesabı 14:15 etdi. Və rəqabət elə burdaca qırıldı. “Qarabağ” dekabrın 12-də səfərdə “Elfsborq”a uduzdu (0:1). Həmin gün sonuncu dəfə avrokuboklarda “Qarabağ” forması geyən Juninyo bir ay sonra artıq “Flamenqo”da idi. Qalsaydı, “Styaua” və “Olimpiakos”la oyunlarda da fərqlənə, yəqin ki, Zubiri arxada qoya bilərdi. Aşağıdakı siyahıdan da göründüyü kimi, fransalı ulduzun rekordunun yenilənəcəyi çətin görünür. Düzdü, bu da mümkündü. Ancaq gərək Kadi Borges ən azı 7 qol vura.

Azərbaycan klublarının avrokuboklardakı bombardirləri:
Abdulla Zubir 15
Olavio Juninyo 14
Reynaldo 11
Filip Ozobiç 10
Emin Mahmudov 9
Kadi Borges 9
Dani Kintana 8
Rəşad Sadiqov 8
Riçard Almeyda 8

Seçilən
14
football-plus.az

1Mənbələr