Pandemiyadan sonra populyarlaşan uzaqdan işləmə formatı, xüsusilə qadınlar üçün elastik və balanslı iş mühitləri yaratmaq baxımından əhəmiyyət qazanıb. Artıq bir çox beynəlxalq platformalar qadınlara yönəlik “remote” iş imkanları təqdim edir. Metbuat.az xəbər verir ki, bu barədə karyera kouçu Türkan Əkbərova açıqlama verib. O bildirib ki, bəziləri Azərbaycandan birbaşa istifadə üçün tam uyğun olmasa da, Avropa və Amerikada yaşayan və ya beynəlxalq iş bazarına çıxmaq istəyən qadınlar üçün dəyərli seçimlərdir. Qadınlara uzaqdan iş imkanı yaradan platformaları təqdim edirik: "The Mom Project" – mərkəzi ABŞ-də olan platforma əsasən analara və qadınlara yönəlik iş imkanları təqdim edir. Əlbəttə, əsas fokus Amerika bazarı olsa da, bəzən beynəlxalq “remote” iş elanlarına da rast gəlmək olur. Azərbaycandan müraciət etmək istəyənlərə tövsiyə odur ki, “Remote” və “Worldwide” açar sözləri ilə axtarış etsinlər."PowerToFly" – Beynəlxalq şirkətlərin iş elanlarını bir araya toplayan çox geniş bir platformadır. Xüsusilə texnologiya və biznes sahəsində iş axtaran qadınlar üçün buradakı imkanlar kifayət qədər genişdir. Azərbaycandan müraciət etmək də tam mümkündür. Axtarış zamanı “Remote worldwide” filtrlərindən istifadə etmək faydalıdır."Remote Woman" – Adından da göründüyü kimi, qadınlara yönəlik “remote” iş elanları təqdim edən bir platformadır. Saytdakı işlərin əksəriyyəti qlobal səviyyədədir. Əgər siz “Anywhere in the world” qeyd olunan işlərə fokuslanarsınızsa, Azərbaycandan müraciət etməkdə çətinlik yaşamazsınız."Fairy God Boss" – Bu platforma əsasən ABŞ və Kanada bazarına xidmət edir. Lakin bəzən “remote” iş elanlarına da rast gəlmək olur. Azərbaycan üçün uyğunluq nisbətən aşağı olsa da, yenə də “Remote” açar sözü ilə axtarış apararaq uyğun iş tapmaq mümkündür."Women Who Code" – Əgər texniki sahələrdə, məsələn, proqramlaşdırma, data elmi və ya texniki dəstək sahəsində çalışırsınızsa, bu platforma sizin üçün ideal seçimdir. Burada qlobal səviyyədə “remote” elanlar çoxdur və Azərbaycandan da müraciət etmək mümkündür."She Can Code" – Xüsusilə texnologiya startaplarına yönəlmiş bir platformadır. UX/UI dizayn, məhsul menecmenti, proqramlaşdırma kimi sahələrdə çalışan qadınlar üçün bir çox “remote” iş imkanları mövcuddur. Azərbaycanın da bu sahədə potensiallı qadınları var və bu platforma onlara uyğundur."Elpha" – Bu platforma yalnız iş imkanları deyil, eyni zamanda qadınlar üçün güclü bir dəstək icması da təqdim edir. Burada şəbəkələşmə və təcrübə mübadiləsi ilə yanaşı, qlobal “remote” iş elanları da var. Azərbaycanın gənc və aktiv qadınları bu imkanlardan rahatlıqla faydalana bilər.Qeyd edək ki, bu platformalar qadınların sərhədsiz iş imkanlarından faydalanmasına şərait yaradır. Texnologiyaya yaxın, özünü beynəlxalq mühitdə sınamaq istəyən qadınlar üçün bu resurslar həm fürsət, həm də motivasiya mənbəyidir.