Yay Olimpiya Oyunlarının ikiqat mükafatçısı, üçqat dünya, dördqat Avropa çempionu Hacı Əliyevin Offsideplus.az saytına müsahibəsi

- Bu yaxınlarda Azərbaycan Güləş Federasiyasında sərbəst güləş üzrə koordinator vəzifəsinə təyin olunmusunuz. Rəhbərlik tərəfindən qarşınıza hansı məqsədlər qoyulub?

- Məqsəd yeniyetmə, gənclər və böyüklərdən ibarət milli komandalara dəstək olmaq, onlara məşq prosesində kömək etməkdir. Fikrimcə, mənim kimi idmançının borcudur ki, gənc nəslə nələrsə öyrətsin, qazandığı təcrübəni bölüşsün. Azərbaycan Güləş Federasiyanın rəhbərliyinə mənə etimad göstərdiyinə görə təşəkkür edirəm. Əlimdən gələni edəcəyəm ki, bu etimadı doğruldum.

- Peşəkar karyeranızı bitirdikdən sonra idmansız qalmaq çətin olmadı ki? Xalçadan kənardakı həyata necə adaptasiya oldunuz?

- Sözsüz ki, uzun illər güləşmək, bir idmançı kimi gündəmdə olmaq başqa hisslərdir. Həqiqətən də xalçadan kənardakı həyat idmançı həyatından çox fərqlənir. Əvvəlcə düşünürsən ki, dincəlirəm, rahatam. Ancaq bir müddət keçəndən sonra  güləş, komanda, yarış, uğur qazanmaq üçün darıxırsan. Mən həddindən artıq güləşdim. Bir sözlə, güləşdən yoruldum. Ona görə də, adi həyata adaptasiya olmaq mənim üçün o qədər də çətin olmadı. Həm də peşəkar idmanı atsam da, yenə də idmanla məşğul oluram. Milli komandaların yanındayam. Məşq vaxtı uşaqlarla güləşirəm, həftədə bir-iki dəfə futbol oynayıram. Bir sözlə, idmansız həyat keçirmirəm.

- Federasiyadakı vəzifənizlə yanaşı, mebel evinə rəhbərlik edirsiniz. Biznes fəaliyyəti federasiyadakı işlərinizə mane olmur?

-  Yox, qətiyyən. Bu, sadəcə, şəxsi biznesdir və mənim şərikim, şirkətin peşəkar komandası var. Biznesə başlamaq barədə son 1 ildə düşünürdüm. Güləşdə böyük uğurlara imza atdığım kimi, burada da uğurlu işlər görəcəyimə inanıram. Daha doğrusu, artıq belə işlər görürük. Sözsüz ki, mənim üçün prioritet güləşdir. İdmanda mən təkcə özüm üçün yox, həm də xalqın güləşçiləri üçün çalışıram.

- Biznesdə dostlarınızın dəstəyini hiss edirsinizmi?

- Çox dəstək olurlar. Artıq bir neçə dostumla əməkdaşlığımız olub. Biz həm də təmir və dizayn xidmətləri göstəririk. Sənət adamları var ki, onların evlərini təmir etmişik. Bilirsiniz ki, həm idmançılar, həm də sənət adamları ilə yaxşı münasibətlərim var. Ümumiyyətlə, mənim çevrəm böyükdür. Sağ olsunlar, mənə dəstəklərini hiss etdirirlər. Mən də bunun qarşılığında çalışıram ki, onlar üçün keyfiyyətli və münasib qiymətə işlər görüm.

- Sənət adamlarını qeyd etdiniz. Deyəsən, idmançı dostlarınızdan hələ ki xeyir verən olmayıb?

- Hələlik yox... (gülür).