" Mən 35 ildən çoxdur ki, Yunus Oğuzu tanıyıram. Son 20-25 ildə isə demək olar ki, bir yerdə mətbu fəaliyyətimizdə Yunus Oğuzun doğum günləri həmişə bizim üçün yadda qalan olub. Çünki Yunus Oğuzun doğum günü Azərbaycan Milli Mətbuat Gününə təsadüf edir. Bunun bir simvolik mənası var. Çünki Yunus Oğuz mətbuatla sıx bağlı insandır və gənc yaşlarından mətbuat orqanları yaradıb. Onun rəhbərlik etdiyi "Olaylar" qəzetinin, "Olaylar" İnformasiya Agentliyinin 30 illiyini bir müddət əvvəl Mətbuat Şurasında təntənəli şəkildə qeyd etdik.
Azərbaycan qəzetləri sırasında özünəməxsus yer tutan "Olaylar" qəzeti Yunus Oğuzun rəhbərliyi ilə istedadlı jurnalistlərin ortaya qoyduğu bir mətbuat nümunəsidir.
Yunus Oğuz eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin üzvüdür və dəyərli tarixi əsərlərin müəllifidir. Onun Azərbaycan tarixinə yeni yanaşma ilə yazdığı bədii əsərlər oxucular tərəfindən böyük maraqla qarşılanır.
Mən həmişə demişəm: mənim anam Yunus Oğuzun romanlarının ən sədaqətli oxucusudur. Hər bir yeni roman çıxan kimi Yunus Oğuz onu avtografla göndərir və anam da onu maraqla oxuyur.
Eyni zamanda, Yunus Oğuzun Azərbaycan tarixi ilə bağlı elmi məqalələri də öz fərqliliyi, yeni baxışı ilə seçilir.
Yunus Oğuz enerjilidir, daim yazır, yaradır, hərəkətdədir, tədbirlərdə iştirak edir, fəaldır. Ona görə də onun 65 yaşı mənə də təəccüblü gəlir və elə bilirəm ki, Yunus Oğuz gənclik enerjisi ilə dolu bir insandır.
Yunus Oğuzla səfərə çıxmaq, müxtəlif ölkələrdə olmaq özü də maraqlı bir səyahətdir. Dəfələrlə birlikdə müxtəlif tədbirlərdə, müxtəlif ölkələrdə iştirak etmişik. Həmişə bu barədə xoş xatirələrimiz yaranıb.
Yunus Oğuzu yubileyi - 65 yaşı münasibətilə təbrik edirəm və ona gələcək illərdə çox-çox yaradıcılıq uğurları arzulayıram.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta