AZ

"Kolleclər müəllim hazırlaya bilmir" - Deputatdan açıqlama

Bir müddətdir kolleclərdə "Müəllimlik" ixtisası üzrə hazırlıq dayandırılıb. Bunu Elm və Təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim-keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib. Nazir həmçinin, kollec məzunu olan müəllimlərin sertifikasiya imtahanlarında nəticələrinin aşağı olmasınıda qeyd edib. Bəs, verilən təhsil yetərli olmursa, kolleclər niyə bağlanmır?


Mövzu ilə bağlı Manset.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, kolleclər yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində də fəaliyyət göstərir:

"Bu gün dünyada çoxlu sayda nüfuzlu kolleclər mövcuddur ki, onlar təhsil sahəsində mühüm rol oynayırlar. Kolleclər yalnız müəllim hazırlığı ilə məhdudlaşmır. Burada digər ixtisaslar üzrə də kadr hazırlığı aparılır".

C.Məmmədov qeyd edib ki, mövcud mərhələdə kolleclərdə müəllimlik ixtisası üzrə hazırlığın dayandırılmasını doğru və vacib bir qərar hesab edir:

"Təcrübə, praktika göstərir ki, kolleclər müəllim hazırlaya bilmir. Buna görə də bu qərar məqsədəuyğundur.

Kolleclərin bağlanması məsələsinə gəlincə, qeyd etdiyim kimi, onlar təkcə müəllim deyil, digər sahələr üzrə də mütəxəssislər yetişdirirlər. Bu amili nəzərə almaq vacibdir. Hesab edirəm ki, məsələyə reallıq prizmasından yanaşmalıyıq. Bəli, kolleclər artıq müəllim hazırlamır, lakin digər sahələr — məsələn, tibb bacısı və ya texniki sahələr üzrə kadr hazırlamaq imkanına malikdirlər. Bu baxımdan kolleclərin fəaliyyətinin davam etməsi məqsədəuyğundur".


Seyranə Quliyeva

Seçilən
0
manset.az

1Mənbələr