AZ

“İran türk amili ilə hesablaşmağa məcburdur” – Ramiyə Məmmədova – ÖZƏL

"Bu gün SEPAH-ın atdığı addımlar, bu addımlara cavab olaraq Pezeşkianın Xankəndinə gəlməsi, orada  prezidentlərlə görüşü və onların çıxışları - bütün bunlar diqqətlə nəzərə alınmalıdır. Çünki artıq İranda siyasi vəziyyətin dəyişməsi prosesi başlayıb. Aydındır ki, Pezeşkian oraya özbaşına gəlməyib. O, ali dini lider Xameneinin razılığı ilə hərəkət edib. Bu isə onu göstərir ki, ali dini rəhbərlik və onun ətrafındakı şəxslər də başa düşürlər: bu gün İranın daha çox islahatçı, yəni reformist yönümlü bir rəhbərə ehtiyacı var. Çünki İranın əvvəllər islam dəyərləri adı ilə apardığı sərt siyasət ölkəni hazırkı acınacaqlı vəziyyətə gətirib çıxarıb".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Bildirib ki, Pezeşkianın prezident seçilməsi İran türklərinin artan siyasi təsirinin və ictimai dəyişikliklərin bariz nəticəsidir:

"İran artıq 40 ildən çoxdur ki, Qərbin sanksiyaları altındadır. Təbii ki, İran zəif və kiçik dövlət deyil - bunu biz həm 12 günlük müharibədə, həm də bu gün ABŞ-yə qarşı yeritdiyi siyasətdə aydın şəkildə gördük. İran, açıq desək, ABŞ-nin qarşısında dayanmağı bacaran bir dövlətdir. Ancaq nəzərə almaq lazımdır ki, bu gün İranda baş verən daxili proseslər artıq əvvəlki fars mərkəzli siyasətin dəyişməsinə səbəb olur. İran hakimiyyəti də anlayır ki, ölkədə türklərin sayının çox olması siyasi xətti də dəyişməyə məcbur edir. İran bu reallığı gözardı edə bilməz. Ölkədəki təxminən 40 milyonluq türk əhalisi - onların atdığı ictimai və mədəni addımlar, göstərdikləri birlik və güc - İran rəhbərliyini bu dəyişiklikləri qəbul etməyə vadar edir.
Pezeşkianın prezident seçilməsi də məhz bu daxili ictimai proseslərin nəticəsidir. O, xalqın içindən çıxmış bir şəxs olaraq reformist mövqedə dayanır və onun komandası - baş nazir, xarici işlər naziri və s. - hamısı bu xətti dəstəkləyən şəxslərdir. Bu da onu göstərir ki, artıq İran daxilində türk xalqının, Azərbaycan türklərinin siyasi çəkisi və təsiri getdikcə artır".

R. Məmmədova qeyd edib ki, İran  azərbaycanlıları hər zaman mədəniyyətə və ənənəyə bağlı olublar. Ancaq son illərdə biz sosial şəbəkələrdə də görürük ki, bu bağlılıq daha da güclənir. Onlar mədəniyyətlərinə, dillərinə və kimliklərinə daha çox sarılır, bunu açıq şəkildə nümayiş etdirirlər. Pezeşkianın çıxışlarında da bu tendensiya hiss olunur - artıq İran azərbaycanlılarının öz sözlərini demək və cəmiyyətdə daha fəal mövqe tutmaq imkanları formalaşmağa başlayıb. Təbii ki, bu proseslərin fonunda SEPAH gücünü itirmək istəmir. Hər zamankı kimi, iğtişaşlar yaratmaq, terror təşkilatlarına dəstək verməklə tanınan SEPAH bu gün də prosesləri nəzarətdə saxlamağa çalışır. Amma artıq onların cəmiyyətə tam nəzarət edə bilməməsi görünür və bu səbəbdən də sərt reaksiya verirlər. Yenə qeyd etmək lazımdır ki, Pezeşkian xalqın istəklərinin və dəyişiklik arzusunun təzahürüdür. İran getdikcə daha çox islahat və beynəlxalq inteqrasiya yolunu seçir. Regionda da bunu müşahidə edirik - Pezeşkianın sələf prezidentlərdən fərqli olaraq Azərbaycana və Türkiyəyə daha yaxın siyasət yürütməsi də bunun göstəricisidir. 
12 günlük savaşdan sonra İran daxilində Azərbaycana və türklərə qarşı bəzi təxribatlar olsa da, Pezeşkianın Xankəndinə gəlməsi və burada verdiyi mesajlar artıq dərin mənalar kəsb edir. Bu da göstərir ki, İran, Azərbaycan və Türkiyə regionda eyni istiqamətdə hərəkət edə bilər. Bu, yeni bir dönəmin siqnalıdır.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
olaylar.az

1Mənbələr