Futbol üzrə Azərbaycan Birinci Liqasında mübarizə aparan “Mingəçevir” komandasının baş məşqçi postunda dəyişiklik edilib.
Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.
Belə ki, komanda PRO kateqoriyalı mütəxəssis Ramiz Məmmədova tapşırılıb. Təcrübəli məşqçi ilə 1 illik müqavilə imzalanıb.
Ramiz Məmmədov bu postda Füzuli Məmmədovu əvəz edib. Hansı ki, klub onun istefaya göndərildiyini rəsmən açıqlamağa ehtiyac duymayıb.
Füzuli Məmmədov bu ilin yanvar ayından sözügedən komandaya rəhbərlik edirdi. 47 yaşlı mütəxəssisin klubla 2027-ci ilin 30 iyununa kimi müqaviləsi mövcud idi. O, daha öncə “Neftçi”də, həmçinin Azərbaycanın U-15 və U-16 yığmalarında da məşqçi kimi çalışıb.
Xatırladaq ki, “Mingəçevir” 2024/2025-ci illər mövsümündə keçirdiyi 27 oyunda 9 qələbə qazanıb, 8 heç-heçə və 10 məğlubiyyət görüb. 35 xal toplamış komanda 10 iştirakçı arasında 4-cü yeri tutub.