AZ

Rus bölmələrinin bağlanmasında emosiyadan çox, rasional yanaşma tələb olunur -EKSPERT

"Məqsədimiz rus bölmələrini bağlamaq deyil, hansı bölmədə oxumağından asılı olmayaraq ölkəmizdə təhsil alan hər kəs Azərbaycan dilini yaxşı bilməlidir".
Bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda ADA Universitetində keçirilən tədbirdə deyib.
O bildirib ki, şagirdlər xarici dillə yanaşı, Azərbaycan dilini yaxşı bilməlidirlər.
"Buna baxmayaraq, bizim rus dili ilə bağlı çatışmazlıqlarımız da var. Müəllimlərin işə qəbulu prosesində rus bölməsi üzrə müəllim olmaq istəyən namizədlərin maksimum balı 50-60 arasıdır. Azərbaycan bölməsi üzrə isə 80-dən yuxarıdır. Buna görə də rus bölməsinə məcbur qalıb yarıbayarı nəticə göstərən müəllimi işə götürürük, çünki başqası yoxdur", - nazir əlavə edib.

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri (THiA) , təhsil ekperti Əmrah Həsənli “Sherg.az”a deyib ki, Elm və Təhsil naziri Emin Əmrullayevin  açıqlamasında toxunulan məqamlar kifayət qədər aktual və strateji əhəmiyyət daşıyır:

“Rus bölmələrinin bağlanması məsələsi isə çox həssas bir mövzudur. Bu məsələdə emosiyadan çox, rasional yanaşma tələb olunur. Bu bölmələrin tamamilə bağlanması isə yalnız dil deyil, eyni zamanda sosial, tarixi və pedaqoji kontekstləri özündə birləşdirən kompleks bir məsələdir. Hazırkı şəraitdə rus bölmələrinin bağlanmasının həm müsbət, həm də mənfi tərəfləri ola bilər. Müsbət tərəfdən baxdıqda, belə bir addım ölkədə təhsilin vahid dil bazasında formalaşmasına, milli kimliyin və ortaq vətəndaşlıq şüurunun möhkəmlənməsinə xidmət göstərəcək. Bu, eyni zamanda Azərbaycan dilinin rəsmi dövlət dili olaraq cəmiyyətin bütün təbəqələrində funksional səviyyədə istifadə olunmasına da stimul verəcək. Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsinə əsasən, dövlət dili Azərbaycan dilidir və dövlət bu dilin inkişafını və tətbiqini təmin edir. Bu, hüquqi çərçivədə dövlətin əsas dil siyasətini müəyyənləşdirən fundamental prinsiplərdən biridir. Lakin bu prosesin mənfi nəticələri də az deyil. Əvvəla, indiki mərhələdə rus bölməsinin bağlanması real müəllim çatışmazlığı şəraitində qeyri-funksional nəticələr doğura bilər. Nazir də haqlı olaraq qeyd edir ki, rus bölməsi üzrə müəllimlərin keyfiyyət göstəriciləri ciddi şəkildə aşağıdır və bu problemi həll etmədən bölməni bağlamaq şagirdlərin keyfiyyətli təhsilə çıxışını çətinləşdirir. Digər tərəfdən, rus bölməsi müəyyən mənada həm tarixi-mədəni reallıq, həm də regionda yaşayan rusdilli ailələrin sosial ehtiyaclarını əhatə edir. Bu ailələrin övladlarını sistemdən kənarda qoymaq sosial inteqrasiya baxımından əks təsir yarada bilər”. 

Əmrah Həsənli qeyd edib ki, rus bölməsini bitirən şəxslərin Azərbaycan dili üzrə imtahan verməsi məsələsi də gündəmdə qalmalıdır:
“Çünki ölkədə hansı dildə təhsil almasından asılı olmayaraq, hər bir vətəndaşın Azərbaycan dilini funksional səviyyədə bilməsi konstitusion tələbatdır. Bu baxımdan, rus bölməsində təhsil alanların gələcəkdə dövlət qulluğu, ali təhsil və digər sahələrə inteqrasiya olunması üçün Azərbaycan dili üzrə standartlaşdırılmış imtahanlar verməsi mütləqdir. Bu artıq bir seçim deyil, ehtiyacdır. Amma bu imtahanlar diskriminasiya xarakteri daşımamalı, inteqrasiyaedici yanaşma ilə tətbiq edilməlidir. Nəticə etibarilə, təhsil sistemində dəyişikliklər zamanla, mərhələli şəkildə və alternativlər təklif olunmaqla həyata keçirilməlidir. Rus bölməsinin bağlanması əvəzinə, bu bölmədə tədrisin keyfiyyətini artırmaq, müəllim hazırlığına xüsusi diqqət yetirmək və paralel şəkildə Azərbaycan dilinin öyrədilməsini daha effektiv modellərlə gücləndirmək daha real və optimal bir yanaşma olardı. Bu həm sosial barışı qoruyar, həm də dövlət dili ilə bağlı strateji hədəflərə zərər vermədən yaxınlaşmaq imkanı yaradar”. 

Kəmalə Vəliyeva
Seçilən
33
1
sherg.az

2Mənbələr