Maraqlıdır, bu təşəbbüs Azərbaycanın ərazi bütövlüyünə və post-münaqişə mərhələsinə necə təsir edə bilər?
"İsveçrədə bəzi deputatların ABŞ-də keçirmək istədikləri tədbir sifariş xarakteri daşıyır. Bu tədbirin təşkili və ideyası açıq şəkildə rüşvət və korrupsiya ilə əlaqəlidir. Heç bir şübhə doğurmur ki, isveçrəli bəzi deputatlar belə bir təşəbbüslə çıxış etmək üçün erməni diasporundan külli miqdarda rüşvət alıblar".
Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, adətən bu kimi təşəbbüslərin arxasında yalnız və yalnız rüşvət faktoru dayanır. Eyni zamanda, bəzi Qərb siyasi dairələri Cənubi Qafqazdakı vəziyyəti qarışdırmaq üçün bu cür təşəbbüslərdən istifadə etməyə çalışırlar. Lakin bu, tamamilə uğursuz və reallıqdan uzaq, baş tutmayacaq bir təşəbbüsdür. Çünki bu məsələlər Azərbaycan üçün artıq çoxdan bağlanıb. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və 30 ilə yaxın bir müddət ərzində Azərbaycan ərazisində fəaliyyət göstərmiş separatçı, terrorçu rejimin sıradan çıxarılmasını reallaşdırıb. Bundan sonra Azərbaycanı geriyə döndərmək, onun ərazisində yenidən separatçı və ya terrorçu fəaliyyət üçün hər hansı məkan yaratmaq mümkün deyil. Rəsmi Bakı bu mövzularda qətiyyətli və prinsipial mövqe nümayiş etdirir. Heç bir xarici qüvvənin nə Azərbaycanı, nə də Cənubi Qafqaz regionunu keçmişə qaytarmaq gücü və imkanı yoxdur. Azərbaycan bu məsələlərlə bağlı mövqeyini artıq bəyan edib: ölkədə separatizm və terrorçuluqla məşğul olan şəxslər - hərbi və bəşəri cinayətlər törətmiş şəxslər - hazırda mühakimə olunur.
E. Xalidbəyli qeyd edib ki, ermənilərin Azərbaycana qayıdışı yalnız qanuni şərtlərlə və qarşılıqlı prinsiplər əsasında, Konstitusiya çərçivəsində mümkündür.
"Rəsmi Bakı Azərbaycan ərazisinə qayıtmaq niyyətində olan ermənilər üçün hüquqi şərtləri də elan edib. Bu məqsədlə xüsusi onlayn sistem yaradılıb. Əgər hər hansı bir erməni Azərbaycan ərazisinə qayıtmaq istəyirsə, bu şərtləri mütləq şəkildə yerinə yetirməlidir.
Birinci növbədə, o, Azərbaycan vətəndaşlığını qəbul etməlidir. Həmçinin həmin şəxsin Azərbaycan ərazisində yaşamaq hüququnu sübut edən sənədləri olmalıdır. Yəni bu şəxs ya bu ərazilərdə doğulmalı, ya da qanuni şəkildə burada yaşamış olmalıdır. "Mən Qarabağda yaşamaq istəyirəm" deməklə heç kim gəlib Azərbaycan ərazisində yaşaya bilməz. Hər bir dövlətin qanunvericiliyi və hüquqi tələbləri mövcuddur. Bundan əlavə, əgər erməni mənşəli bir şəxs Azərbaycan ərazisinə qayıtmaq istəyirsə, eyni şəkildə Ermənistandan zorla çıxarılmış Qərbi azərbaycanlıların da geri dönməsi məsələsi düşünülməlidir. Bu, birtərəfli proses ola bilməz. Ermənilər Azərbaycan ərazisini könüllü şəkildə tərk ediblər, lakin Qərbi azərbaycanlılar Ermənistandakı ata-baba yurdlarından zorakılıqla və dəhşətli təzyiqlərlə qovulublar.
Bu məsələlər yalnız Azərbaycanın Konstitusiyası və qanunvericiliyi çərçivəsində həll oluna bilər. Başqa formatda müzakirəsi mümkün deyil. Belə süni gündəm yaratmaq və süni problemlər uydurmaq cəhdləri nəticəsizdir. Rəsmi Bakı buna heç vaxt imkan verməz".
Səidə Ramazanova