Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Olaylar.az-a açıqlama verib. Politoloq qeyd edib ki, insanları evində öldürmək, diaspor təşkilatlarına basqı etmək, onları təqib etmək - bunlar yumşaq güc deyil, əksinə, sərt və lazımsız gücün göstəricisidir:
" Məsələ burasındadır ki, Rusiya-Azərbaycan münasibətlərində bu gün yaşadığımız gərginlik Azərbaycanın günahından qaynaqlanmayıb. Azərbaycanın çox tutarlı, əsaslı sorğuları var idi ki, onlara Rusiya tərəfi cavab verməli idi. İlk növbədə təyyarə qəzası, onun səbəbkarlarının məsuliyyətə cəlb olunması məsələsi. Bu sorğuların heç birinə Rusiya hələ də nə məlumat verdi, nə də rəsmi bildiriş etdi.
Hesab edirəm ki, bu boşluğu yaradan da məhz Rusiyanın özündənrazı yanaşmasıdır. Yaranmış bu boşluqda Rusiya özü üçün uyğun şəkildə hərəkət etməyə çalışır. Ancaq atdığı addımlar göstərir ki, bu təşəbbüslərin heç biri sağlam məntiqə sığmır. Çünki Rusiya cəmiyyətində çoxlu sayda azərbaycanlı yaşayır və onların əksəriyyəti bu ölkəyə inteqrasiya olunub. Onlar faktiki olaraq Rusiyanın inkişafında, ümumi daxili məhsulun artımında və digər vacib proseslərdə konstruktiv şəkildə iştirak edirlər.
Əgər belə bir iştirak varsa, onda onları zorla qovmaq, onlara təzyiq göstərmək düzgün deyil. Ona görə də biz bu baş verənləri təəccüblə izləyirik. Yəqin ki, bu qərarları verənlər ya siyasi baxımdan zəifdirlər, ya da onlarda elə bir qısqanclıq hissi var ki, heç bir qayda-qanuna baxmadan, beynəlxalq hüququn tələblərinə əhəmiyyət vermədən öz istəklərini mənfi formada həyata keçirməyə çalışırlar.
Düşünürəm ki, burada Azərbaycan tərəfi təmkin nümayiş etdirir. Bizim atdığımız addımlar, etdiyimiz gedişlər cavab xarakteri daşıyır. Çünki bu proseslərə ilk olaraq Rusiya tərəfi start verib. Ona görə də hesab edirəm ki, Rusiya bu məsələlərə yenidən baxmalı, münasib danışıq tonu seçməli və artıq diktə, ultimatum intonasiyası ilə danışmamalıdır. Azərbaycan buna əsas verməyib və buna layiq də deyil.
Əksinə, biz hər zaman qürurla bildirirdik ki, Rusiya bizim həm qonşumuz, həm strateji tərəfdaşımızdır. Rusiya ilə bağlı həmişə elə addımlar atmışıq ki, aramızdakı etimad mühiti möhkəmlənsin. Təəssüf ki, Rusiya bunu başqa cür anlayır.
Hesab edirəm ki, bu məsələlərə təmkinlə yanaşmalıyıq. Digər tərəfdən, çalışmalıyıq ki, vəziyyət daha da pisləşməsin. Əgər vəziyyət bu istiqamətdə davam etsə, bu nə Rusiya, nə də Azərbaycan üçün faydalı olacaq. Vətəndaş cəmiyyətləri də bu prosesləri dərin narahatlıqla izləyir və anlayır ki, vəziyyət bu şəkildə davam etməməlidir.
Deməli, artıq yumşaq gücün vaxtıdır. İnsanları evində öldürmək, diaspor təşkilatlarına basqı etmək, onları təqib etmək - bunlar yumşaq güc deyil, əksinə, sərt və lazımsız gücün göstəricisidir. Ona görə də hesab edirəm ki, Rusiya tərəfi də bu məsələlərə daha soyuqqanlı yanaşmalı, daxili hiddətini cilovlamalı və yumşaq gücə istinad etməlidir".
Zeynəb Mustafazadə