AZ

Sözə sadiq, duyğuya talib, mənaya sədaqətli - (Elşən Əzim - 50)

Gah illərin o tayında, gah illərin bu tayında amma həmişə sözün içində olan bir şairimiz var - özü həmişə əzimli, artıq beş ildir ki, eli də şən olan Elşən Əzimi deyirəm!
Bu yazı əsasən, şairin "İllərin o tayı" şeirlər kitabı əsasında araya-ərsəyə gəlib. Redaktoru olduğum bu kitabın gün üzü görməsindən on ildən çox, şairin öz doğuluşundansa əlli il keçib.

Elşən Əzimin yaradıcılığı ilə tanış olan oxucu ilk növbədə tənhalıqla barışıq, ruhla vətən arasında çəkilmiş bir yol görür. Bu yol "İllərin o tayı" adlanan kitabda həm xatirə, həm gələcək, həm də içsəl dialoq kimi mövcuddur. "İllərin o tayı" təkcə şeirlər toplusu deyil, eyni zamanda ruhun tarixi, necə deyərlər, bir yaradıcı insanın öz zamanının poeziyasıdır.

Kitabın adı - "İllərin o tayı" - ilk baxışda keçmişi ifadə etsə də, bir ruhi aralığın olduğunu da bildirir. Şair "o tay" dedikdə nəyi nəzərdə tutur? - Mən yalnız bir misra, bir bənd və bir şeirə köklənib qalmaq istəməzdim, deyirəm, şair bəlkə də öz uşaqlıq çağını, yaxud sevda itiyini, ola da bilsin savaşdan dönməyən dostunu göz önündə tutub, könül içində saxlayıb, qələm ucunda bəsləyib? Amma daha dərinə baxanda bu "o tay" - elə sözün o tərəfi, səssizliyin özüdür. "Arazın o tayı" deyib Vahid Azərbaycanı, "Xəzərin o üzü" deyib Türküstanı haraylayan ulusun düşüncəli oğlu öz şair qələmində (Zəlimxan Yaqub üslubunda desək) ən zərif döndərmələri, incə xalları üfüqün o tayına, mənanın dərinliyinə daşımazmı ola?..

Elşəndə yaddaşın ritmi, düşüncənin alqoritmi az qala hər şeirində görsənir. Onun şeirlərində ritm, sadəcə vəzn, simmetrik bölgü və ya ahəng deyil, düşüncənin göyüzünün açıqlığı, genişliyi və məna tutumudur. Bu ritm içsəl monoloqla, özünə dönmə ilə başlayır, sonra, necə deyərlər, kollektiv yaddaşa qarışır, qarışır və sanki durna qatarına dönüb göyüzüncə qanadlanır...
Orxan Vəli demiş: "Şeir Yer üzündəki bütün quşları eyni anda havalandırma hərəkətidir".

"İllərin o tayı" adlı şeirdə (s. 9) oxuyuruq:

"Körpü çaydan keçir, adam körpüdən,
Əcəl də şığıyıb adamdan keçir.
Sözünü yeyən var, səsini udan,
Sükuta gedən yol sədamdan keçir"...

Bu misralarda zamanın keçməsi ilə insanın öz dünyasında keşməkeşlər, keçim-keçməyim dilemmaları, körpüsalma, körpü yandırma və bir körpüyə yüklənə biləcək çox nəsnə vardır, vardır... Sanki sürgünlə qayıdış arasında metafizik bağ qurulur. Elşən Əzim üçün yurd, əlbəttə, coğrafidən ziyadə, mənəvi hadisədir.

Elşən Əzimin poeziyasında "mən" - fərdi etirafla kollektiv qavrayışın yaxud daha böyük miqyaslı düşünsək, ulusal dəyər yaradıcılığının sintezidir. O, öz içindən danışsa da, oxucu hər şeirdə elə özünü tanıyır.

"Ayılıb gördüm ki sağam" adlı şeirinə (s. 27) diqqət edək:

"Bir edamın mürgüsündən,
Ayılıb gördüm ki, sağam.
Qanım gülaba çevrildi,
Yuyulub gördüm ki, sağam.

Bu ömrü, günü soyundum,
Məndən ötəni soyundum.
Ruhdan bədəni soyundum,
Soyulub gördüm ki, sağam.

Adil fərmana tuş oldum,
Əcəl ağzında nuş oldum.
Qan ətrindən bihuş oldum,
Bayılıb gördüm ki, sağam.

Fikrim əyan olmayanda,
Şərhim bəyən olmayanda.
Öldüm duyan olmayanda,
Duyulub gördüm ki, sağam".

Şeir ölüm və həyat, təslimiyyət və dirəniş, maddi və mənəvi varlıq arasında gedən içsəl dialoqun poetik təcəssümüdür. Ayılmaq - fiziki yox, ruhi oyanışdır. "Soyulmaq", "bihuş olmaq", "duyulmaq" kimi ifadələr vasitəsilə insanın yoxluq sınırına gedib geri dönməsi, mənəvi baxımdan yenidən doğuluş təqdim edilir. Bu, varlıq fəlsəfəsinin (ontoloji) poetik formasıdır.
Şeir, Gündoğar sufi poeziyasına və klassik Türk-İslam düşüncəsinə bağlanan simvolik dillə yazılıb. "Gülab", "ədalətli fərman", "duyan olmayanda" kimi obrazlar mistik-mənəvi sınaqları, göyüzündən gəldiyinə inanılan sınavları və kül olub... ucalmaq fəlsəfəsini çağırır. Burada ölüm - son yox, dirilişə keçid, edam - təmizlənmə, ağrı - oyadıcı qüvvə kimi kodlaşdırılıb. Bu şeir Nəsimi ruhuna salama durmaq eyləmidir.

Kəlbəcər doğumlu, Aran yaşamlı, Bütöv Azərbaycan sevdalı, Turan inanclı şairin poetik "mən" ilə göyüzü, kainat bağı, ontoloji dialoq söz konusudur. Şair bəzən anlayışları sanki üz-üzə qoyaraq dil və varlıq münasibətini poetik çözümə yetişdirərkən, özü lap azca spikerlik, daha çox monarxlıq edir (Azad Mirzəcanzadənin təbiriylə desək)...

"İllərin o tayı" kitabında şairin yaradıcılıq yönündə önəmli yer tutan motiv - köç və qayıdış iradəsidir. Bu, təkcə məcburi köçkünlüyün nostalji çaları deyil, həm də ruhi transformasiyanın izahıdır. Qayıdış və köç - "İllərin o tayı"nda ekzistensial motivlərdir.

2013-cü ilin ilk ayında yazdığı "Qayğılar qağayı kimi" şeirində (s. 43) şair deyir:

"Ömrə baş vurmuram, 
                          günüm -
Keçir ömrün sahilində.
Zamanı çəkir başına,
İçir ömrün sahilində.

Bu da məndə bir qaydadı,
Payım-püşküm o taydadı.
Ümidim uşaq boydadı,
Qaçır ömrün sahilində".

Elşən bu şeirində vaxtın keçiciliyini, insanın həyat axarı qarşısında günahsız və taleyibəlli duruşunu təsvir edir. "Ömrün sahili" obrazı, həm həyatın sınırı, həm də tale qarşısında dayanan insanın müşahidə məkanı kimi təqdim olunur. "Qayğılar qağayı kimi" bənzətməsi isə azadlıqla yük arasında yellənən bir metafordur - yüngül görünən, amma dərindən düşündürən...

Burada bədii məkan coğrafilikdən çıxıb, fərdin içsəl strukturu kimi çıxış edir. Şairin yolu - zamanın içindən keçən mənlik xəttidir.

Elşən Əzimin bəzi şeirləri ilahi axtarışların, imanla şübhə arasında var-gəl edən düşüncələrin izlərini daşıyır. Görünür, o, sadəcə dini deyil, fərdi-etiksəl bir qiyamət və qiymətləndirmə içindədir. Bu olunca insanın özünə hesabatı, vicdan məhkəməsi, axirət deyil, içsəl haqq-hesab önplana çıxır. - Bu cümlələri Elşənin bir çox şeiri üçün qurmaq mümkündür.

Onun yaradıcılığında doğa olayları, adi əşyalar, hətta sükut belə simvolik dəyərlə yüklənmişdir. O, bir "qapı" haqqında yazırsa, bu qapı evin yox, yaddaşın qapısıdır; şeirində bir "pəncərə" varsa, oradan hava yox, azadlıq axır... Hətta, o pəncərədən axın edən rüzgar belə... konkret hava axını olmazdı, keçmişin metaforu, unutmaq istədiklərimizin xəbərçisi olardı. - Necə ki elə də olub...

Elşən Əzimin şeirləri "az sözlə çox deməy"in örnəyidir. Bu isə yalnız texnika deyil, əlbəttə - əxlaqi estetikadır.

Elşən Əzimin yaradıcılığı - şəxsi taleyin elin yaddaşına çevrildiyi və eyniylə ulusun qayğılarının onun şair ömrünə çökməsinin poetikasıdır. Onun şeirləri ağrının estetikası, düşüncənin mədəni arxividir...

50 illik yubiley - yalnız ömrün özü olmaqda qalmayıb, ədəbiyyatda iz salmış bir nəfəsin dönüb geriyə baxdığı məqam olsa gərək...
Və bu nəfəs - sözə sadiq, duyğuya talib, mənaya sədaqətli bir nəfəsdir... 

Beş il öncə olsaydı, bu yazını Kəlbəcər özləmiylə başlayıb, Kəlbəcərlə davam edib, Kəlbəcərlə də bitirər, ən sonda "Kəlbəcər eşqinə!" deyərdim; indi "Bütöv Azərbaycan eşqinə!" deyirəm, deyirəm ki, Bütöv Azərbaycanlı Turanımız, Turanlı dünyamız var olsun!

Əkbər QOŞALI

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
2
olaylar.az

3Mənbələr