AZ

Özünü general Rüstəmov kimi təqdim etdi, müəlliminə qarşı cinayət törətdi – TƏFƏRRÜAT

BAKI, 10 iyul. TELEQRAF

Özünü Azərbaycan Hərbi Hava Qüvvələrində məsul vəzifədə işləyən general-mayor kimi təqdim edən şəxs məsuliyyətə cəlb olunub.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, İsmayıllı rayonunun Kürdmaşı kənd sakini, 1987-ci il təvəllüdlü Vüsal adlı şəxs 2024-cü ilin martında Dilşad adlı həmkəndlisinin qohumu İlqar Mustafayevi işə düzəltmək üçün köməklik etməsi məqsədi ilə əvvəllər şagirdi olmuş, hazırda Azərbaycan Hərbi Hava Qüvvələrində məsul vəzifədə işləyən Zaur Rüstəmovun mobil nömrəsini axtardığını eşidib.

O, bundan istifadə edərək zərərçəkmişin etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib. O, “votsap”da zərərçəkmişə mesaj yazıb, özünü onun şagirdi olan general-mayor kimi təqdim edib, əvvəlcə hal-əhval tutaraq etibarını qazanıb.

Daha sonra zərərçəkmişin qohumunu işə düzəltmək istədiyini bilib. O, həmin şəxsi Azərbaycan Hərbi Hava Qüvvələrinə müddətdən artıq hərbi qulluqçu kimi işə düzəldə biləcəyi yalanını deyib. İşin alınması üçün 2500 manat lazım olduğunu bildirib və həmin məbləğdə pulu ona məxsus kart hesabına göndərməsini istəyib.

Bundan sonra zərərçəkmiş 2500 manat məbləğində pulu təqsirləndirilən şəxsin bank hesabına göndərib. O, həmin vəsaiti öz şəxsi ehtiyaclarına sərf edib və zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurub.

Bundan başqa, o, yaşadığı Kürdmaşı kəndinin ərazisində yolun kənarında dayanarkən digər zərərçəkmiş Novruzun idarə etdiyi “Vaz 2106” markalı avtomobilin getdiyini görüb. O, əl hərəkəti ilə avtomobili saxlamasını işarə edib və sürücüdən onu da İsmayıllı şəhərinə aparmasını xahiş edib. Avtomobildə olduqları vaxt o, yol boyu zərərçəkmiş şəxslə söhbət edib.

Bu zaman onun qızının maddi imkanının zəif olduğunu, həmçinin xəstə olduğunu eşidib. Müttəhim zərərçəkənin etibarını qazandığı üçün qızına 1500 manat pul müqabilində sosial pensiya düzəldə biləcəyini söyləyib. Ondan bu işi görmək üçün 1500 manatı alaraq təkrar dələduzluq edib.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

“General-mayorun nömrəsini axtardığını eşitdim”

Cinayət işi üzrə ifadə verən təqsirli bilinən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxsi uzun müddətdir həmyerli kimi tanıyır: “O, uzun illərdir ki, Kürdmaşı kənd tam orta məktəbində müəllimə işləyir. 2024-cü ilin mart ayında kənd sakinlərindən Dilşadın həmkəndlilərimiz Hərbi Hava Qüvvələrində işləyən, general-mayor rütbəli Zaur Rüstəmovun mobil nömrəsini axtardığını eşitdim. Eşitdiyimə görə Dilşad qohumunu Hərbi Hava Qüvvələrinə işə düzəlməsinə kömək etməsini xahiş edəcəkmiş. Həmin vaxtlar şəxsi ehtiyaclarım üçün pul lazım idi. Buna görə də onu aldatmaq qərarına gəldim. Mənə dərs keçdiyi üçün mobil nömrəsi telefonumda olub. Bu səbəbdən mart ayında Dilşada yazdım. Əvvəlcə tanımadığını, yazan şəxsin kim olduğunu soruşdu. Özümü Zaur Rüstəmov kimi təqdim etdim və eşitdiyim qədəri ilə nömrəni axtardığını ona bildirdim. Onunla hal-əhval tutdum, bir neçə müddət hər gün yazışdıq. Dilşadı müəlliməm olduğundan xətrini çox istədiyimi yazdım və ona bütün işlərinə kömək edə biləcəyimi bildirdim. Bu formada bir neçə gün yazışdıq”.

“Bu işi həll etməyin çox asan olduğunu bildirdim”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, xatırlamadığı gündə Dilşad ona qohumunun işsiz olduğunu, həmin şəxsi də Hərbi Hava Qüvvələrinə hərbçi kimi işə düzəldə bilib-bilməyəcəyini soruşub: “Dilşad məndən kömək etməyimi xahiş etdi. Buna etiraz etmədim və bu işi həll etməyin çox asan olduğunu bildirdim. Qısa zaman ərzində qohumunu işə düzələcəyimi vəd etdim. Bunun müqabilində işlə məşğul olan şəxslərə şirinlik verilməli olduğunu dedim. Dilşad buna etiraz etmədi və nə qədər şirinlik lazım olarsa, verəcəyini bildirdi. Ona özümə məxsus bank kartının şəklini göndərdim və həmin karta 2500 manat göndərməyini istədim. Növbəti gün, axşam saat 21 radələrində Dilşad pulu həmin kart hesabına yüklədiyini bildirdi. Ona işin mayın 15-dək alınacağını dedim. Bir neçə gün sonra zəruri sənədlərin təqdim olunması barədə məlumat verəcəyimi söylədim. Dilşad buna etiraz etmədi, razılaşdı”.

“Zaur Rüstəmov olmadığımı dedi”

Dələduzluqda ittiham olunan şəxs deyib ki, zərərçəkmiş bu müddət ərzində onunla bir neçə dəfə səsli və yaxud videogörüntülü formatda danışmaq istədiyini bildirib: “Lakin müxtəlif bəhanələrlə buna etiraz etdim. Dilşadın mənə məxsus kart hesabına göndərdiyi pulu çıxararaq bir neçə gün ərzində öz şəxsi ehtiyaclarıma xərclədim. Pul qurtardıqdan sonra isə ondan yenidən maddi vəsait istəmək qərarına gəldim. İşin alınması üçün əlavə olaraq da 3000 manat lazım olduğunu dedim. Bu zaman Dilşad Zaur Rüstəmov olmadığımı söylədi, videogörüntülü formatda danışmağı tələb etdi. Mən isə buna etiraz etdim. Bir neçə gün sonra zərərçəkmiş yaşadığımız evə gəldi və anama onu aldadaraq pul aldığımı bildirdi və bu barədə polis şöbəsinə şikayət edəcəyini dedi. Anam Dilşada bu məsələdən xəbərsiz olduğunu və qısa zaman ərzində pulu geri qaytaracağını bildirdi. Daha sonra isə onun bu barədə polis şöbəsinə ərizə ilə müraciət etdiyini öyrəndim”.

“Qızının ailəsinin dağıldığını dedi”

Təqsirləndirilən şəxs daha sonra ifadəsində digər zərərçəkmiş şəxsə qarşı dələduzluq etməsindən danışıb. O, ifadəsində zərərçəkmişi aldatdığını, onun pulunu ələ keçirdiyini etiraf edib.

Müttəhimin sözlərinə görə, zərərçəkmiş Novruzun avtoqəza keçirdiyini, qızının da həmin vaxt avtomobildə olduğunu və qızının xəsarət aldığını, qızının ailəsinin dağıldığını və maddi imkanının aşağı olduğunu bildirib. O, zərərçəkəndən 1500 manat aldığını, ona qarşı dələduzluq etdiyini etiraf edib.

Bu cinayət işinə İsmayıllı Rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 2 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum edilib.

Seçilən
89
teleqraf.com

1Mənbələr