AZ

Azərbaycan-Ermənistan münasibətlərində dönüş: İqtisadiyyat üçün yeni perspektivlər- ÖZƏL

2025-ci ilin ilk beş ayında Tacikistan və Qırğızıstan arasında ticarət dövriyyəsi 15 dəfə artaraq  405 min dollardan 6,35 milyon dollara çatıb. Bu sıçrayış 2022-ci ildəki silahlı insidentdən sonra sərhədlərin demarkasiyası və münasibətlərin normallaşması ilə mümkün olub. Ermənistanın hakim partiyasının üzvü Xaçatur Sukiasyan da ölkəsinin yaxın gələcəkdə qonşularla münasibətləri düzəldərək inkişaf edəcəyinə ümid edir. Azərbaycanla Ermənistan arasında davam edən sərhədin demarkasiyası prosesi də bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Azərbaycan-Ermənistan münasibətləri normallaşarsa, bu, regionda hansı yeni iqtisadi fürsətlər yarada bilər?

Mövzu ilə bağlı iqtisadçı ekspert Akif Nəsirli Olaylar.az-a açıqlama verib:

" Azərbaycanla Ermənistan münasibətlərinin normallaşması, öncə bu iki ölkənin əlaqələrinin bərpasına və Azərbaycanın həyata keçirdiyi layihələrdə Ermənistanın da iştirakını təmin etməyə gələcəkdə şərait yaradacaq. Yəni, əgər  Ermənistan  Azərbaycana qarşı olan düşmən münasibətini dəyişə bilsə, Azərbaycan həm  Avropaya yeni çıxış əldə edəcək, həm də Orta Dəhliz Zəngəzur dəhlizindən keçərək  Avropaya birləşə biləcək. Bununla da yükdaşımalarda həm xərclərin azalması, həm də çatdırılma müddətinin qısalması baş verəcək ki, bu Orta və Mərkəzi Asiya, Çin üçün səmərəli bir faktordur.
Bununla yanaşı,  Azərbaycanın da xüsusi qazancı olacaq. Belə ki, Azərbaycan üzərindən yükdaşımaların həcmi bir neçə dəfə arta bilər və bu da ölkəmizə əlavə gəlir gətirəcək. Digər tərəfdən, Azərbaycan yeni bazarlar qazana, Ermənistan bazarının bir hissəsi Azərbaycan üçün əlçatan ola bilər. Yəni, Ermənistanın  Azərbaycana olan tələbatı kifayət qədər böyükdür.
Bundan əlavə, enerji daşıyıcıları bazarında da  Azərbaycana yeni imkanlar və fürsətlər yarana bilər. Təbii ki, Ermənistanın da müəyyən qazancı olacaq - bu ölkənin Azərbaycana ixrac edə biləcəyi bəzi məhsulları var. Ümumilikdə, bu münasibətlərin normallaşması hər iki tərəf üçün iqtisadi baxımdan faydalı olacaq və qarşılıqlı uduşlar gətirəcəkdir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
olaylar.az

1Mənbələr