
“TikTok” ABŞ-də xidmətin potensial bloklanması ilə əlaqədar ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü plana uyğun olaraq, Amerika istifadəçiləri üçün yeni proqram hazırlayır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Information” portalı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, “TikTok” mütəxəssisləri biznesin Amerika hissəsini “ByteDance”in qlobal platformasından ayırmaq üçün süni intellekt modelləri, tövsiyə alqoritmləri və istifadəçi məlumatları daxil olmaqla yeni kod üzərində işləyirlər.
Proqramın “Project M2” kimi tanınan yeni versiyasının sentyabr ayının 5-nə qədər hazır olacağı gözlənilir.
Portalın məlumatına görə, ABŞ tətbiqi “TikTok”un əsas versiyası kimi müstəqil işləyəcək. Digər ölkələrdəki istifadəçilər “Amerika TikTok”unu tətbiq mağazalarından yükləyə bilməyəcəklər. Əksər istifadəçilər ölkə daxilində yaradılan məzmunu görə biləcəklər. Bunun beynəlxalq məzmuna çıxışı nə qədər məhdudlaşdıracağı və ABŞ-dən kənarda bloqçuların qazanclarına nə qədər təsir edəcəyi hələlik məlum deyil.
Digər tərəfdən, bu, “TikTok” tarixində 170 milyondan çox ABŞ istifadəçisinə təsir edən ən böyük texniki parçalanma ola bilər.
Qeyd edək ki, iyunun 29-da ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib ki, bir qrup çox varlı insan “ByteDance”dən “TikTok”u almağa hazırdır. Tramp daha sonra qeyd edib ki, o, bu alıcıların adını təxminən iki həftə ərzində deməyə hazır olacaq.
Digər tərəfdən, Tramp yanvarın 20-də andiçmə mərasimindən sonra ABŞ-nin qadağasını ən azı 75 gün gecikdirən sərəncam imzalayıb. İyunun 19-da isə Tramp ABŞ-nin qısa formalı video proqramına qadağasını 90 gün, yəni sentyabrın 17-nə qədər uzatdığını elan edib.