AZ

Ukraynadakı müharibə qlobal nizamı dəyişəcək – Avropa təhlükədə

Dünya yeni Soyuq Müharibə dövrünə qədəm qoya bilər. Bu barədə İspaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi admiral Teodoro Esteban López Kalderon xəbərdarlıq edib.


Manset.az xəbər verir ki, admiral Kalderon Madrid şəhərində keçirilən Yeni Müdafiə və Kosmos Forumunda çıxışı zamanı beynəlxalq təhlükəsizlik mühitinin dəyişməkdə olduğunu vurğulayıb.

“Növbəti 5-10 il ərzində qlobal nizam iki əsas faktordan asılı olacaq: Ukrayna müharibəsinin yekunu və ABŞ, Aİ, Rusiya və Çin arasında münasibətlərin necə formalaşacağı”, – deyə o bildirib.

Üç ehtimal ssenari – ən realı Soyuq Müharibədir.

İspaniyanın ən yüksək rütbəli hərbçilərindən biri olan Kalderon qısa müddətdə baş verə biləcək üç ehtimal ssenaridən danışıb:

Birinci ssenari – Ukrayna müharibəsinin yalançı kompromislə nəticələnməsi və status-kvonun davam etməsi. O bildirib ki, bu halda münaqişənin sabit həllindən söhbət getmir və Rusiya mövcud vəziyyətdən istifadə edərək məqsədlərinə çata bilər.

“Qərb Kiyevə dəstəyi və Rusiyaya iqtisadi təzyiqi davam etdirməlidir. Əks halda Moskva üstünlük əldə edə bilər”, – deyə Kalderon qeyd edib.

O əlavə edib ki, bu ssenaridə Yaxın Şərqdə də gərginlik davam edir: “İranın nüvə ambisiyaları, İsrail və ABŞ-nin zərbələri, Fələstin məsələsi regionda qeyri-sabitliyi daha da dərinləşdirir”.

İkinci ssenari isə Soyuq Müharibəyə bənzəyən yeni geosiyasi qarşıdurmadır. Burada dünya iki böyük blok ətrafında cəmləşir: ABŞ və Çin.

“Avropa İttifaqı Birləşmiş Ştatlara yaxınlaşacaq, Rusiya isə Çin üçün ikinci dərəcəli tərəfdaşa çevriləcək. Çin və Rusiya arasında artan yaxınlaşma, diplomatik və hərbi əməkdaşlıq bu ssenarini gücləndirən amillərdir”, – admiral vurğulayıb.

Kalderon həmçinin bildirib ki, bu prosesin reallaşması üçün Ukrayna müharibəsində Rusiyanın aydın və qəti qələbə qazanması vacibdir.

Üçüncü ssenariyə dair təfərrüatlar açıqlanmasa da, Kalderon qeyd edib ki, bütün bu ehtimallar qlobal sabitliyin pozulmaqda olduğunu göstərir.

Seçilən
12
manset.az

1Mənbələr