AZ

Əsgər tapılmır? – Putinin müharibədə ehtiyatı: miqrantlar - ÖZƏL

Rusiya prezidenti  Vladimir Putin vətəndaşlığı olmayanların orduya çağırılmasına icazə verib. Əsgər çatışmazlığı səbəbindən artıq 20 min miqrant cəbhəyə göndərilib. Bu, səfərbərlikdən yayınma və ictimai narazılıqdan qorunma cəhdidir.

"Rusiya Prezidenti Vladimir Putinin vətəndaşlığı olmayan şəxslərin Rusiya Silahlı Qüvvələrində xidmət etməsinə icazə verən qanunu imzalamaqla Kreml hərbi kadr çatışmazlığını həll etmək üçün qeyri-ənənəvi yola əl atıb. Bu addım Rusiya ordusunun Ukrayna müharibəsində yaşadığı canlı qüvvə itkisini kompensasiya etmək məqsədi daşıyır".

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib. Politoloqun fikrincə, bu  qanun daxili siyasi sabitlik və beynəlxalq hüquq baxımından ciddi risklər doğurur: 

"Daxili siyasətdə ümumi səfərbərliyin Moskva və Sankt-Peterburq kimi böyük şəhərlərdə etirazlara səbəb ola biləcəyi qorxusu bu qərarın arxasında duran əsas motivasiyalardan biridir. Ekspertlər hesab edir ki, belə etirazlar Putin rejiminin sabitliyinə təhdid yarada bilər, çünki ictimai dəstək artıq zəifləməkdədir. Vətəndaşlığı olmayan miqrantların - əsasən Orta  Asiya ölkələrindən olan əmək miqrantlarının - orduya cəlb edilməsi isə sosial gərginliyi artıra bilər. Bu qrupun hərbi xidmətə cəlb edilməsi onların hüquqlarının müdafiəsi ilə bağlı suallar doğurur, çünki müqavilə şərtləri və statusları qeyri-müəyyən olaraq qalır. Hüquq müdafiəçiləri bu prosesin miqrantların istismarı ilə nəticələnə biləcəyini vurğulayır. Bundan əlavə, 20.000-dən çox vətəndaşlığı olmayan şəxsin cəbhəyə göndərilməsi xəbərləri prosesin artıq başladığını və kütləvi xarakter aldığını göstərir. Bu, Rusiya cəmiyyətində xarici işçilərə qarşı münasibəti gərginləşdirərək ksenofobiyanı artıra bilər. Beynəlxalq hüquq baxımından isə vətəndaşlığı olmayan şəxslərin döyüşə cəlb edilməsi Cenevrə Konvensiyalarına zidd ola bilər, xüsusən də onların razılığı şübhəli şəkildə əldə edilirsə. Məcburi hərbi xidmətə cəlb etmə halları "insanlıq əleyhinə cinayət" kimi qiymətləndirilə bilər, çünki bu, şəxslərin öz iradələrinə zidd olaraq təhlükəli vəziyyətlərə məruz qalmasına səbəb olur. Rusiyanın Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımaması bu cür ittihamların effektiv araşdırılmasını çətinləşdirir. Lakin BMT və digər beynəlxalq təşkilatlar tərəfindən bu məsələnin araşdırılması təzyiqi artıra bilər. Qanun həmçinin Rusiyanın beynəlxalq imicinə zərbə vuraraq onu daha da təcrid edə bilər. Nəticə etibarilə, bu qərar Rusiyanın həm daxili, həm də xarici siyasətində yeni böhranlara yol aça biləcək riskli bir addımdır". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
25
olaylar.az

1Mənbələr