AZ

“Silahlar danışanda beynəlxalq qanunlar susur” – Azad Məsiyev – ÖZƏL

Rusiya prezidenti  Vladimir Putin əcnəbilərin - yəni vətəndaşlığı olmayan şəxslərin Rusiya ordusunda xidmət etməsinə imkan verən yeni qanunu imzalayıb. Bu qərar Kremlin əsgər çatışmazlığını kompensasiya etmək və klassik səfərbərlikdən yayınmaq niyyətindən xəbər verir. Yeni qanun miqrantların könüllü əsasda, müqavilə ilə orduya cəlb olunmasına şərait yaradır. Artıq 20 minə yaxın belə şəxsin cəbhəyə göndərildiyi bildirilir. 

"Başda ABŞ olmaqla NATO bloku Rusiyanı düşmən elan edir. Qeyri-rəsmi şəkildə Rusiyaya qarşı bir müharibə elan olunub və bu davranış Rusiyanı dünya siyasi xəritəsindən silmək, onu parçalamaq və ərazisinə nəzarəti ələ almaq məqsədi daşıyır. Artıq  Rusiya sərhədlərində NATO blokunun hərbi kontingenti getdikcə güclənməkdədir. İstər Baltikyanı respublikalar olsun, istər Finlandiya, istərsə də  Avropanın digər hissələrində, o cümlədən Uzaq Şərqdə NATO bloku güclənməkdədir və bu güclənmə Rusiyaya qarşı yönəlib. Təbii ki, Rusiya "özünü müdafiə etmək üçün bütün vasitələr məqbuldur" prinsipini həyata keçirməkdədir".

Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev bildirib. Siyasi şərhçi qeyd edib ki, üç ildən artıqdır ki, Rusiya ilə Ukrayna arasında münaqişə davam edir və bu savaş Rusiyanın canlı qüvvə itkisinə səbəb olan ciddi bir hərbi qarşıdurmadır. Təkcə Ukrayna münaqişəsi deyil, ümumilikdə gün çıxandan gün batana qədər olan bir ərazidə - istər sərhədlər, istərsə də dəniz donanması və canlı qüvvə baxımından - Rusiyanın hərbi ehtiyacları mövcuddur. Təbii ki, bu səbəbdən Rusiyada bütün vasitələr məqbul sayılır. Xarici vətəndaşların orduya çağırılması üçün qanunun qəbul edilməsi də bu çərçivədə həyata keçiriləcək siyasətin bir hissəsidir. Yəni, müqavilə əsasında və könüllü şəkildə xarici vətəndaşların orduya cəlb edilməsi Rusiya tərəfindən ordunun gücləndirilməsi imkanları daxilində tətbiq olunur. Rusiya hazırda hərbi münaqişə şəraitindədir. Belə olan halda, hərbi münaqişə baş verdikdə beynəlxalq hüquq ikinci plana keçir. Necə deyərlər, silahlar danışanda beynəlxalq qanunlar susur.

A. Məsiyevin sözlərinə görə, Rusiya  NATO ilə savaşda üstünlük qazanmaq üçün bütün vasitələri legitim sayır.

"NATO bloku Rusiyaya qarşı qeyri-rəsmi bir savaş aparır. Təbii ki, Rusiya da bu vəziyyətdə özünü müdafiə etmək üçün bütün vasitələri məqbul sayır. Bildiyiniz kimi, Ukrayna münaqişəsində xarici muzdluların cəlb olunması prosesi var. Rusiya da öz hərbi kontingentini gücləndirmək üçün istər Koreyadan, istərsə də digər imkanlardan istifadə edərək hərbi potensialını artırmaqdadır. Burada bir savaş var və savaş olan yerdə beynəlxalq hüquq öz təsirini itirir. Xarici vətəndaşların, Rusiyada yaşayan miqrantların orduya çağırılması, səhv etmirəmsə, könüllü müqavilə əsasında həyata keçiriləcək. Çünki əgər miqrantlar Rusiyada yaşayır və vətəndaşlıq alıblarsa, bu halda bir vətəndaş kimi Rusiyanın qanunlarına tabe olmalıdırlar. Əgər miqrant  Rusiyanın qanunlarından narazıdırsa, bu ölkəni tərk etməyə məcburdur. Rusiya isə hərbi səfərbərlik çərçivəsində öz hərbi kontingentini gücləndirməyə çalışır. Ümumilikdə, Rusiya tam səfərbərlik məsələsini hələ gündəmə gətirməyib. Rusiyanın kifayət qədər canlı qüvvə potensialı var, amma bu potensial Ukraynada yerləşmir. Artıq Rusiya-Ukrayna savaşında faktiki olaraq Ukrayna məğlubiyyətə uğrayır. Təkcə Ukrayna deyil, ümumiyyətlə bu savaş NATO ilə Rusiya arasında gedən bir qarşıdurmadır və burada NATO bloku da məğlubiyyət riski ilə üz-üzədir. Belə olan halda, təbii ki, Rusiya qalib tərəf sayıla bilər. Bu baxımdan, Rusiya prosesi gücləndirmək üçün bütün vasitələri məqbul sayır və bu tədbirlər dövlət və milli maraqlar çərçivəsində həyata keçirilir".

Siyasi şərhçi bildirib ki, BMT və NATO blokunun Rusiyaya qarşı apardığı təxribat xarakterli siyasət beynəlxalq hüquq normalarına uyğun deyil. NATO-Rusiya qarşıdurması isə pik həddə çatıb və bu münasibətlər artıq beynəlxalq hüquq normaları çərçivəsində tənzimlənmir. 
Hazırda dünya siyasəti "güc haqlıdır" prinsipi əsasında idarə olunur. Kim güclüdürsə, beynəlxalq hüquq onun tərəfində olur. 
BMT isə siyasi diskussiya klubuna çevrilib. Onun nizamnamələri faktiki olaraq dünya dövlətləri tərəfindən nəzərə alınmır. Biz bunu İsrail-Fələstin məsələsində, İsrailin İran obyektlərini vurduğu zaman da müşahidə etdik. Beynəlxalq hüququn təsirsiz qaldığını aydın şəkildə gördük. Hətta İsrailin BMT-dəki nümayəndəsi nümayişkaranə şəkildə BMT-nin nizamnaməsini cıraraq bu təşkilatı təhqir etdi və nüfuzdan saldı. Belə olan halda, beynəlxalq hüquqdan danışmaq absurddur. Xüsusilə də müharibənin getdiyi bir bölgədə beynəlxalq hüquq təsirini itirir. Reallıq isə bundan ibarətdir: kim hərbi güc baxımından üstündürsə, o da haqlıdır. Bu səbəbdən Rusiya da öz ordusunu gücləndirmək üçün bütün vasitələri məqbul sayır.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
16
olaylar.az

1Mənbələr