Elm və təhsil naziri Emin Əmrullayev kimya fənnindən sertifikasiya imtahanında iştirak edən müəllimlərin narazılıqları ilə bağlı məsələyə aydınlıq gətirib.
AFN.az xəbər verir ki, nazir bu haqda “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə danışıb.
Bildirib ki, imtahanlardan sonra testlər təhlil edilir: "Bu o demək deyil ki, kimsə bərk qışqırsa, biz ondan qorxacağıq. Aidiyyəti olmayan adamın birdən-birə fəallaşmasını, sertifikasiya imtahanına qarşı çıxmasını anlamıram".
E.Əmrullayev qeyd edib ki, 20 min müəllim sertifikasiyadan keçib: "Onlardan 5-i imtahana telefon keçirmək istəyib. Biz telefonu alıb onları imtahandan kənarlaşdırmışıq. Bu o demək deyil ki, sertifikatlaşdırma prosesi düzgün deyil. Kimya fənninə gəlincə, 350 nəfər yüksək bal toplayıb. Biz yavaş-yavaş T test şkalalarına keçirik. Bunu zamanla hamı öyrənəcək”.