Yeni model insan səviyyəsini aşan düşüncə qabiliyyəti və fiziki simulyasiyalarla AGI-yə (Ümumi Süni İntellekt) bir addım daha yaxınlaşır.
Redaksiya xəbər verir ki, milyarder sahibkar İlon Mask Grok süni intellekt modelinin dördüncü versiyasını təqdim edib. O, Grok 4-ü “ilk dəfə internetdə və ya kitablarda olmayan çətin mühəndislik suallarını cavablandıra bilən süni intellekt” kimi xarakterizə edib. Mask bildirib ki, bu model, rəqibləri ilə müqayisədə bütün sahələrdə yeni səviyyə yaradıb.
Maskın təqdim etdiyi əsas yeniliklər bunlardır:
• Grok 4 əvvəlki versiyadan 10 dəfə daha yaxşı analiz və məntiq yürütmə qabiliyyətinə malikdir
• Hər sahədə doktorluq səviyyəsindən üstün performans göstərir
• “Humanity’s Last Exam” testindən 44,4% nəticə alaraq AGI-yə yaxınlığını sübut edib
• Qara dəliklərin toqquşmasını brauzer üzərindən tam simulyasiya edə bilir
• Sadəcə Polymarket skan etməklə idman nəticələrini proqnozlaşdıra bilir
• Öz-özünə biznes idarə edə bilir və insanlardan altı dəfə daha effektiv nəticə göstərir
• Yeni səsli model “Eve” real insana bənzər tonda danışa, pıçıltı ilə və hətta mahnı oxuya bilir
• Yalnız proqramçılar üçün xüsusi “coding model” hazırlanır
• Cəmi bir neçə saata şuter tərzində oyunlar yarada bilir, 3D modelləri şəbəkədən çəkərək onları tekstura ilə örtə bilir
Mask əlavə edib ki, Grok 4 bu il ərzində fizika sahəsində yeni kəşflər etməyə də qadirdir. Modelin bu dərəcədə inkişafı OpenAI, Google və Anthropic kimi texnoloji nəhənglər arasında ciddi rəqabət dalğası yaradıb.
Fərid Əlizadə