
İşğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi həyatın bərpasında özəl sahibkarlar mühüm rol oynayır.
“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə köçürülmüş və gələcəkdə köçürüləcək şəxslər üçün yeni məşğulluq imkanlarının yaradılması məqsədilə dövlət tərəfindən əlavə tədbirlər hazırlanır. Bu tədbirlər sırasında sosial tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsi, işsiz şəxslərin peşə bacarıqlarının artırılması və yeni iş yerlərinin yaradılmasının təşviqi xüsusi yer tutur.
Prezidentin müvafiq sərəncamına əsasən, ölkənin iqtisadiyyatında və məşğulluğun təmin olunmasında sahibkarların artan rolu nəzərə alınaraq, gənc sahibkarlar və startapçılar arasında sahibkarlığa dəstək mühitinin formalaşdırılması üçün müxtəlif tədbirlər həyata keçirilir.
Yeniavaz.com xəbər verir ki, “Qarabağın Gənc Sahibkarları” layihəsi də bu istiqamətdə atılmış mühüm addımlardandır.
Bu layihə Xankəndi şəhəri, Xocalı, Ağdərə və Ağdam rayonlarından olan gənc sahibkarların – o cümlədən yeni sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərin – bilik və bacarıqlarını artırmağı, onların fəaliyyətinə dəstək verməyi, həmçinin mütərəqqi ideyalarını layihə və proqramlar formasında reallaşdırmağı hədəfləyir.
Layihə yeni sahibkarlıq subyektlərinin yaradılmasına, gənclərin iqtisadi bilik və bacarıqlarının artırılmasına, eləcə də sosial-iqtisadi həyatın canlanmasına təkan verəcək.
“Qarabağın Gənc Sahibkarları” bölgənin iqtisadi böyümə potensialını da artıracaq.




