AZ

Braziliya Prezidenti ABŞ-ın 50 faizlik rüsumlarına qarşı əks-tədbirlər görüləcəyini vəd edib

Bakı, 10 iyul, AZƏRTAC

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva əmin edib ki, bu Latın Amerikası ölkəsi “heç kimə ona nəzarət etməyə icazə verməyəcək” və Braziliya istehsalçılarına 50 faizlik rüsumların tətbiqinə adekvat cavab verəcək.

AZƏRTAC xəbər verir ki, Braziliya Prezidenti “X” sosial media hesabında yazıb: “Braziliya heç kimin nəzarətinə dözməyən müstəqil institutlara malik suveren ölkədir. Suverenlik, hörmət və Braziliya xalqının maraqlarının güzəştsiz müdafiəsi dünya ilə münasibətlərimizdə bizim rəhbər tutduğumuz dəyərlərdir”.

Lula da Silva cavab olaraq, həmçinin söz verib ki, “hər hansı birtərəfli tarif artımı Braziliya İqtisadi Qarşılıqlı Akt çərçivəsində nəzərdən keçiriləcək”. Bu qanun layihəsi aprelin əvvəlində Konqres tərəfindən təsdiqlənib və icra hakimiyyətinə ölkədən və ya iqtisadi blokdan idxal olunan məhsullara onun beynəlxalq rəqabət qabiliyyətinə mənfi təsir göstərən və ya “qeyri-qanuni” məhsullar üçün tarifləri qaldırmağa imkan verən sənəddir. Bu baxımdan o, Donald Trampın iki ölkə arasında ticarət kəsiri olduğu iddiasını rədd edərək, bunu “yalan” adlandırıb və ABŞ hökumətinin öz statistikasında son 15 ildə Braziliya ilə mal və xidmət ticarətində 410 milyard dollarlıq müsbət saldo olduğunu vurğulayıb.

Bundan əvvəl ABŞ Prezidenti braziliyalı həmkarına cavab olaraq tarifləri qaldırmaq qərarına gəlsə, Vaşinqtonun əlavə artımlar tətbiq edəcəyini xatırladıb: “Hansı rəqəmi qaldırmağı seçsəniz, bizim tutduğumuz 50 faizə əlavə olunacaq”, - deyən Donald Tramp, həmçinin bu tədbirlərin “ölkə ilə münasibətdən asılı olaraq yuxarı və ya aşağı tənzimlənə biləcəyini” etiraf edib.

Seçilən
26
2
azertag.az

3Mənbələr