AZ

TƏBRİKLƏR AYDIN QULİYEVƏ ÜNVANLANIB

TƏRƏFSİZ QƏZETİN ÖNDƏRİ

Aydın Quliyev – bu imza Media mənsubları tərəfindən “həqiqətin güzgüsü” kimi çoxdan təsdiqlənib. Axı onun həyat kredosu obyektivlikdən yoğrulub. Bu səbəbdən də istər “Bakı-Xəbər”in sükanı arxasında, istərsə də Mətbuat Şurasında bu İnsanın adı xüsusi hörmət-izzətlə çəkilir. Aydın bəyin halallığı, təmizliyi müxtəlif dünyagörüşlü müəllifləri sözügedən qəzetlə birləşdirir, rəngarənglik yaradır.

65 yaş – kamillik və müdriklik göstəricisidir. Dostumuz Aydın əfəndi bu dövrə Şərəflə qədəm qoyur. İnsanlarala münasibət qurması, polemikaya açıq olması işlədiyi kollektivin işgüzrlığında “güzgülənir”. Onu hamı sevir. Çünki bu sevgi ağır zəhmətə qatlanmaqdan keçir və əsla azalmır, əksinə - reytinq göstəricisində yüksəlməyə doğru irəliləyir.

Həftədə 5 gün çıxmasına baxmayaraq “Bakı-Xəbər” yazı qıtlığından çox uzaqdır, hətta çoxsaylı yazılar “zaqonda” öz növbəsini gözləyir.

Olduqca alicənab, həssas ailə başçısı olan Aydın Quliyev işdənkənar həyatda da hamıya əlçatandır və - dostları demişkən yeyib-içən Oğlandır. Məncə bu “xasiyyətnamə” onun iç dünyasının barometridir. Bütün burnlar gəlişigözəl sözlər deyil. Onunla şəxsi təmaslarım və məhrəm münasibətim ən böyük Şahiddir...

Aydın bəyəfəndiyə və rəhbərlik etdiyi “Bakı-Xəbər”ə uzun ömürlülük, can sağlığı, etibarlı dost çevrəsi, ailə səadəti diləyirəm. Odur ki, 65-dən 100-ə doğru – irəli!

“Bakı-Xəbər”in daimi oxucusu və müəllifi

Givi - Giya Paçxataşvili

Azərbaycan, Rusiya, Gürcüstan

Yazıçılar Birliyinin üzvü, şair

 

Aydın Quliyev milli ziyalıdır

 

Aydın Quliyev Azərbaycanın görkəmli ictimai-siyasi xadimidir. Aydın bəylə ilk tanışlığımız siyasət aləmində olub. Keçən əsrin 90-cı illərində mən Milli İstiqlal Partiyasının sədr müavini olanda Aydın bəy də Azərbaycan Demokrat Partiyasının sədr müavini idi. Bizim dostluğumuz, əməkdaşlığımız ordan başladı. Aydın bəylə ikimiz də ixtisasca tarixçiyik, bu da bizi birləşdirən cəhətdir. Burda bir məsələni də qeyd etmək istəyirəm ki, Aydın bəy milli ziyalıdır, milli hisslərlə yaşayan insandı, bu da bizi birləşdirən cəhətlərdən biridir. Mən Aydın bəyin rəhbərlik etdiyi "Bakı-Xəbər" qəzeti ilə uzun illərdir əməkdaşlıq edirəm və bu mənim üçün çox qürurverici bir haldır. Çünki bu qəzet mənim üçün doğma qəzetdir, Aydın bəyin rəhbərlik etdiyi kollektivlə mənim fikir, əqidə birliyim var. Yəni müxtəlif məsələlərə münasibətdə demək olar ki eyni mövqe bizi birləşdirir.

Aydın bəyin 65 yaşı tamam olur, yubileyi qeyd ona can sağlığı, gələcək işlərində uğurlar arzulayıram.

Aydın bəy böyük siyasətdən jurnalistikaya gəlib. O, əqidə adamıdır. Əgər o, əqidə adamı olmasaydı bəzi siyasətçilər kimi bəlkə də daha çox "uğurlara" imza atardı. Aydın bəy siyasətdə əxlaq məsələsini daim üstün tutur. Yəni siyasətdə əxlaq kodeksi onun üçün əsasdır. Buna görə də bəzilərindən fərqli olaraq siyasətdən ayrılıb jurnalistkaya gəldi və öz uğurunu jurnalistikada tapdı. Mən çox şadam ki, Aydın bəy indi Azərbaycan ictimaiyyəti - siyasi həyatında özünə uğurlu yer tutmuş "Bakı-Xəbər" qəzetinin baş redaktorudur. Aydın bəy başda olmaqla " Bakı - Xəbər" qəzeti əməkdaşlarına cansağlığı, xoşbəxtlik və gələcək uğurlar arzulayıram.

Tarix elmləri doktoru, professor Məhərrəm ZÜLFÜQARLI

Aydın Quliyevi necə tanıdım?

Mən Aydın müəllimi 2003-cü ildən tanıyıram, 22 ildir ki, bir-birimizə yalnız, Qardaş, deyə müraciət edirik. Bu müddət ərzində heç zaman aramızda birimizin qəlbinə toxunacaq bir kəlmə keçmədi, heç zaman qardaşlıq, dostluq sərhədləri pozulmadı. Aydın müəllim xırdaçılığı sevməyən, xırdalanması mümkün olmayan bütöv bir şəxsiyyətdir. Mənim Qardaşımda sevdiyim ən gözəl xüsusiyyət, onun sabitqədəm xarakterdə olmasıdır. Aydın Quliyev xəyanətdən uzaq, saf bir insandır, nə Vətəninə, nə Millətinə, nə doğulduğu Obaya-Elə, nə doğmalarına, nə də dostlarına arxa çevirməz. Mən Aydın müəllimi 2003-cü ildə nətər tanıdımsa, 2025-ci ildə də elə gördüm. Mən Aydın qardaşımı həmişə ağayana gördüm, sözünə düz gördüm, saxtakarlıqdan uzaq gördüm, sözü üzə deyən, heç vaxt yalan danışmayan, varidat və şöhrətpərəstlik xəstəliyindən çox-çox uzaq olan, haqq yolunda qələmi ilə savaşan, rüşvətə və acgözlülüyə nifrət edən, namuslu millət oğlu kimi gördüm.

Mən həyatım boyu Aydın Quliyev çapda tarixçi görmədim, bəlkə var, ancaq mən rast gəlməmişəm. Tarixin istənilən dönəmindən sual ver, Aydın müəllim bir saniyə düşünmədən o tarixi dönəmin hadisələrini, o hadisələrin hansı şəraitdə və konteksdə baş verdiyini, hadisələrin fəlsəfəsini sənə izah eləsin. Birdən zarafatla, Aydın müəllim yazı yazanda, otağına girib qəsdən bir naqolay tarixi sual verirəm, heç fərq etməz, nə sual verdin, o sualı sənə elə sadə və dəmir məntiqlə izah edir ki, cavab sənin yaddaşına mismarla yazılır.

Aydın müəllimin fenomenal bir xüsusiyyəti var – O, yazı yazanda, otağında on adam danışsın, gülsün, lətifə söyləsin, onu yazıdan qopara bilməz, fikrini dağıda bilməz, hamını da eşidir. Məsələn, mən yazı yazanda istəyirəm ki, ətrafımda ölü sükutu olsun, Aydın müəllim isə eyni zamanda yaza bilir, eşidə bilir və cavab verə bilir.

Aydın qardaşım məclis adamıdır, deyən-gülən, çox gözəl rəqs eləyən, gözəl muğamat oxuyan, musiqini ali səviyyədə anlayan bir Azərbaycan övladıdır. Aydın müəllim rəqs edəndə, elə bilirsən ki, adamın çəkisi yoxdur, Maşallah, quş kimidir. Bütün bunlarla yanaşı, Aydın müıllim çox ağır adamdır, köhnə kişilərdəndir.

Məni görən hər kəs soruşur ki, siz Aydın müəllimin doğma qardaşınız? Bizi bir-birimizə elə oxşadırlar. Bir gün bir deputat soruşanda, Aydın müəllim dedi ki, kaş biz doğma qardaş olaydıq. Bəli, kaş biz doğma qardaş olaydıq. Ancaq Həzrət Əlinin gözəl bir ifadəsi var, deyir ki, əqidə birliyi olmayandan sonra, qan qohumluğunun heç bir faydası yoxdur. Mən Aydın müəllimlə Əqidə Qardaşıyam və bununla fəxr edirəm. Tək olan Allah şahiddir ki, nə yazdımsa, səmimi yazdım. Mən Aydınla qardaşlığımla fəxr edirəm!

Mehman İsmayılov

“Bakı Xəbər” TV-nin əməkdaşı, politoloq

 

Seçilən
7
adalet.az

1Mənbələr