ABŞ-ın Yəməndəki səfirliyi husilərin “Eternity C gəmisinin sağ qalan ekipaj üzvlərini qaçırdığını” açıqlayıb və onları dərhal azad etməyə çağırıb. Vətəninfo.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Səfirliyin bəyanatında deyilir: “Husilər ABŞ-ın onları terror təşkilatı kimi təsnif etməkdə haqlı olduğunu sübut etməyə davam edir”.
Liberiya bayrağı altında üzən Eternity C gəmisi iyulun 7-də Yəmənin Hudeyda limanından təxminən 90 km cənub-qərbdə hücuma məruz qalıb.
Reuters agentliyinin məlumatına görə, gəmidə 25 nəfər olub. Hücum nəticəsində onlardan 4-ü həlak olub. Avropa Aspides dəniz missiyasının üzvləri altı ekipaj üzvünü xilas edib, qalanları itkin düşüb.
Husilər Eternity C gəmisinə İsrailə gedərkən hücum etdiklərini və ekipaj üzvlərinin “təhlükəsiz yerə” aparıldığını bildirib.
Bu, Husilərin bir həftə ərzində batırdığı ikinci gəmidir. Husilər daha əvvəl “işğal altındakı Fələstində limanlara giriş qadağasını pozan şirkətə aid olduğunu” iddia etdikləri “Magic Seas” gəmisinin batdığını elan etmişdilər.