AZ

Naxçıvanda baramaçılıq dirçəldilir

Ölkə üzrə 2-ci yüksək göstərici qədim diyarda qeydə alınıb

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, hazırda bu qədim diyarda bir sıra sahələr üzrə tədbirlər həyata keçirilir. Belə sahələrdən biri də kənd təsərrüfatıdır.

Tarixən Naxçıvanın aqrar sahəyə uyğunluğu bu məkanda bir çox kənd təsərrüfatı məhsullarının inkişaf etdirilməsinə imkan verib. Buna görə də proqramın qəbulundan sonra muxtar respublikada kənd təsərrüfatının perspektiv sahələri müəyyənləşdirilərək, həmin sahələrin inkişaf etdirilməsi ilə bağlı görüləcək işlər müəyyənləşdirilib. Bu sahələrdən biri də baramaçılıqdır. Tarixə ekskurs etsək görərik ki, 1970-ci ildə Azərbaycanda barama istehsalı 3700 ton səviyyəsində olub. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə cəmi 10 il ərzində bu rəqəm 5 min tona yüksəlib. Naxçıvan Muxtar Respublikasında isə yaş barama istehsalı 1970-ci ildə 72,6 ton, 1975-ci ildə 87,6 ton, 1980-ci ildə 122 ton, 1983-cü ildə 137 ton, 1990-cı ildə 89 ton, 1993-cü ildə isə azalaraq 22,7 ton olub. Bu rəqəmlər həm də onu göstərir ki, baramaçılıq Naxçıvanda ənənəvi kənd təsərrüfatı sahələrindən biri olub.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Rübabə Hüseynzadə bu fikirlərə əlavə olaraq bildirdi ki, həm region şərtlərinin uyğunluğu, həm ənənəvi təcrübə, həm də iqtisadi rentabelliyi bu sahənin inkişaf etdirilməsini zəruri edirdi. Məhz bu məqsədlə əvvəlcə yem bazasının yaradılması qarşıya qoyuldu. Çünki ötən əsrin 90-cı illərində məcburən bir çox yaşıllıqlar məhv edilmişdi, tut ağaçlarının da sayı xeyli azalmışdı. Bu məqsədlə 2023-cü ilin martında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin əməkdaşlığı çərçivəsində Ordubad rayonunun Əylis Düzü adlanan ərazisində ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə “Azərbaycan – Türkiyə ipək bağı” salındı. Həmin bağda 1,2 hektar ərazidə Türkiyədən gətirilən 600-dən çox tut tingi əkildi.

Ümumiyyətlə, proqramın qəbulundan sonra baramaçılığın inkişafı məqsədlə pilot layihə hazırlandı və yem bazasının formalaşdırılması üçün indiyədək muxtar respublikanın bütün bölgələrində 40 minə yaxın tut tingi salınıb. Mövsümi olaraq hər il bu tinglərə aqrotexniki qulluq göstərilib, əlavə tut bağlarının salınması da nəzərdə tutulub.

Hazırda baramaçılıq fəaliyyəti muxtar respublikanın hansı rayonlarında həyata keçirilir?- sualına isə həmsöhbətimiz belə cavab verdi:

– Baramaçılıq fəaliyyəti Naxçıvan şəhəri ilə yanaşı, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli və Sədərək rayonlarında həyata keçirilir. Bu bölgələrdə, ümumilikdə, 14 kümçüyə 40 qutu ipəkqurdu toxumu paylanılıb. Babək rayonu üzrə 633,5 kiloqram, Sədərək rayonu üzrə 436,2 kiloqram, Culfa rayonu üzrə 226 kiloqram, Şərur rayonu üzrə 207,3 kiloqram, Ordubad rayonu üzrə 118,8 kiloqram, Naxçıvan şəhəri üzrə 75,2 kiloqram, Kəngərli rayonu üzrə isə 60 kiloqram yaş barama tədarük olunub. Ötən illə müqayisədə bu il Naxçıvan Muxtar Respublikasında barama istehsalında artım müşahidə olunub. Belə ki, ümumilikdə, 1757 kiloqram yaş barama istehsal edilib ki, bu da ötən illə müqayisədə 17 faiz artım deməkdir.

Həmsöhbətim bunu da əlavə etdi ki, ən yüksək məhsuldarlıq Sədərək rayonunda qeydə alınıb. Bu rayonda baramaçılıq fəaliyyətinə bu il ilk dəfə başlanılıb. Dəmirçi kənd sakini Gülarə Seyidova tərəfindən bir qutu ipəkqurdundan 90,1 kiloqram məhsul əldə edilib. Əldə olunan yaş barama məhsulu isə Bərdə rayonundakı baramaqurutma məntəqəsinə təhvil verilib. Həmçinin kümçülərə dövlət tərəfindən subsidiyalar, baramanı qəbul edən şirkət tərəfindən ödənişlər vaxtında təmin olunub. Bunu da öyrəndik ki, ötən ilin nəticələrinə görə, Zərdab rayonundan sonra ölkə üzrə ikinci ən yüksək orta məhsuldarlıq göstəricisi məhz Naxçıvan Muxtar Respublikasında qeydə alınıb.

Sonda onu da qeyd edək ki, Naxçıvan tarixən baramaçılığın inkişaf etdirildiyi regionlardan olub. Təsadüfi deyil ki, 1870-ci ildə Ordubadda avropatipli ilk baramaaçan fabrikin tikintisinə başlanılıb, 1883-cü ildə isə istifadəyə verilib. 1970-ci ildə burada toxucu sexi açıldıqdan sonra istehsal edilən xam ipəyin bir hissəsindən cod parça hazırlanır, digər hissələri isə Şəki, Şamaxı, İsmayıllı, habelə Rusiyanın indiki Sankt-Peterburq, Moskva şəhərləri də daxil olmaqla həm də İsveçrə, İtaliya, Belçika, Yaponiya kimi xarici ölkələrə göndərilirdi.

Aparılan araşdırmalara görə, 1981-ci ildə respublikada burada 103 min 843 kiloqram xam ipək, 624,9 min metr cod parça istehsal edilib. 1987-ci ildə isə istehsal olunan ipək 108 tona çatdırılıb. Muxtar respublikanın blokada şəraitinə düşməsi ilə digər sahələr kimi baramaçılıq da tənəzzül edib. Lakin bu gün 35 illik fasilədən sonra muxtar respublikada baramaçılığın şöhrəti yenidən özünə qaytarılıb. Bu sahədə görülən işlər yaxın gələcəkdə daha yaxşı nəticələrin əldə olunmasına ümid yaradır.

Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan MR üzrə bölgə müxbiri

Seçilən
27
1
xalqqazeti.az

2Mənbələr