AZ

Təmiz hava, yaşıl meşə, buz bulaq

Belə bir yerdə dincəlmək istəyən yolunu Göygöl rayonuna salsın

Ölkəmiz müstəqillik qazandıqdan sonra iqtisadiyyatın digər sahələri kimi turizmin inkişafı da ön plana çəkildi. Sahənin dünya standartlarına yaxınlaşdırılması üçün çoxlu sayda qərarlar, dövlət proqramları qəbul edildi. 

Bununla da qısa müddət ərzində daxili və xarici sərmayələrin cəlb olunması, təqdim olunan xidmətlərin keyfiyyət səviyyəsinin beynəlxalq standartlara yaxınlaşdırılması və beləliklə dünya turizm bazarında rəqabət qabiliyyətinin artırılması nəticəsində ölkəmizdə bir sıra müsbət nəticələrə nail olundu. Artıq ən mötəbər beynəlxalq tədbirlərə evsahibliyi edən Azərbaycanda qeyri-neft sektorunun aparıcı sahəsi kimi turizmin, o cümlədən kənd turizminin sürətli inkişafına nail olundu. İndi istər yerli, istərsə də xarici turistlərin kənd evlərində yaşayıb istirahət etmək həvəsi daha da artmışdır. Belə istirahət bölgələrindən biri də Göygöl rayonudur. 

Göygöl füsunkar təbiəti ilə yanaşı, tarix və mədəniyyət abidələri ilə də zəngindir. Bu abidələr tarixin müxtəlif dövrlərini əks etdirərək xalqımızın milli-mənəvi və mədəni dəyərlərini özündə yaşadır. Rayonda mövcud olan 32 yerli və ölkə əhəmiyyətli tarixi abidə qeydiyyata alınmışdır. Onlardan 

9-u arxeoloji, digərləri memarlıq abidələridir. Yeri gəlmişkən qeyd edək ki, Göygöl rayonu Azərbaycanın qərbində, dağlıq və dağətəyi zonada yerləşir. Ən yüksək zirvəsi dəniz səviyyəsindən 3724 metr hündürlükdədir. Unikal təbiəti, zəngin flora və faunası olan rayonda kənd turizmi üçün geniş imkanlar vardır. Məhz buna görə son illər kənd turizminin inkişafı istiqamətində burada çoxlu sayda tədbirlər həyata keçirilir. 

Məlum olduğu kimi, kənd turizmi dedikdə əsasən kənd mühitində müvəqqəti yaşamaq üçün xidmət fəaliyyəti nəzərdə tutulur. Kənddə yaşayan yerli əhali üçün bu fəaliyyət növü onun əsas peşəsinə təsir göstərmədən, yəni alternativ fəaliyyət kimi nəzərdə tutulur. Bundan başqa, kənd turizmi rayonun adət-ənənəsinin, mətbəx və digər mədəni-məişət sahələrinin təbliğində də mühüm vasitə hesab olunur. Ən vacib məqam isə insanların səs-küylü şəhər mühitindən uzaqlaşması, təbiətin qoynunda yerləşən kənd evlərində müvəqqəti yaşayıb istirahət etməsi, ekoloji cəhətdən təmiz ərzaq məhsulları ilə qidalanmasıdır. 

Bu baxımdan Göygöl rayonunun kəndləri turistlər üçün daha əlverişlidir. O üzdən isti yay günlərində Göygöl Milli Parkına yaxın ərazilərdə yerləşən Çaykənd, Şəriyar, Yeni Zod, Aşıqlı, Toğanalı və digər kəndlərdə istirahət edənlərin sayı-hesabı olmur. Qonaqlı-qaralı kəndlərdən biri də Aşıqlıdır. Kəndin 2500 nəfərdən çox əhalisi var. Rayon mərkəzindən cəmi 5 kilometr məsafədə yerləşən kənd hər cür infrastrukturla təmin edilib. Asfalt yol, su, qaz, elektrik təminatı yüksək səviyyədədir. Kəndə daxil olanda ilk növbədə yol kənarlarında bişirilən təndir çörəkləri, qutab və kətələrin ətri adama iştah gətirir. 

Kəndin ərazisində çoxlu sayda istirahət mərkəzləri fəaliyyət göstərir. 400-dən çox təsərrüfatı olan Aşıqlı Hacıkənd və Göygölə gedən yolun üstündə yerləşdiyindən insanlar burada qalmağa daha çox üstünlük verirlər. Odur ki, turist qəbul edən hər bir ev sahibi kirayə verdiyi evini hər mövsüm öncəsi cari təmir etdirir, turistlərin rahatlığı üçün lazımi şərait yaradırlar. Kirayə haqqı da elə yüksək olmur - birgünlük 20-30 manat. 

Kənd sakini Nailə Məmmədova hər il çoxlu sayda turist qəbul edir. Həyətində turistlərin yerləşdirilməsi üçün hər cür şərait yaradıb. Evin səliqə-sahmanı qonaqları həmişə razı salır. Məhz buna görə də yay aylarında evi boş qalmır. Qonaqlar həyətdəki meyvələrdən də istifadə edə bilirlər. Həmin kəndin sakini Səidə Məmmədova da hər il evində turist qəbul edir. Onun özü evində saxladığı turistlərə yüksək səviyyədə qulluq göstərir. 

Rayonun Üçbulaq və Köşkü kəndləri də yay mövsümündə qonaqlı-qaralı olur. Təbiətin ən səfalı guşəsində yerləşən hər iki kənddə dincələnlərin sayı-hesabı olmur. Üçbulaq kəndində çıxan və müalicəvi əhəmiyyəti olan "Nurud" suyunu içmək üçün bura gələnlərin sayı ildən-ilə artır. Kənddə turistlərin rahat dincəlib istiraht etmələri üçün hər bir şərait yaradılmışdır. Burada istirahət edən turistlər maraqlı gəzintilər edir, tarixi abidələrlə yaxından tanış olurlar. Kənd sakinləri turistləri istəklərinə uyğun ekoloji kənd məhsulları ilə təmin edirlər. 

Rayonun ən çox xarici turistin gəldiyi kəndlərdən biri Toğanalı kəndidir. Kəlbəcərlə kəndi birləşdirən yolun uzunluğu cəmi 74 kilometrdir. Kənd Göygöllə cəmi bir neçə kilometr məsafədə yerləşdiyindən bura gələn xarici turistlərin də sayı çox olur. Göygöl Rayon İcra Hakimiyyəti başçısının Toğanalı kəndi üzrə nümayəndəsi Xaliq Əkbərov söhbət zamanı dedi ki, yay mövsümü gələndə insanların şəhərdən uzaqlaşaraq yaşıllıqlar qoynunda istirahətə can atması artıq ənənə halını alıb: "Lakin hər kəsə bahalı hotellərdə istirahət əlçatan olmur. Əlçatan olsa belə, bəzi insanlar səsli-küylü şəhər mühitindən qaçaraq təbiətin qoynuna, kənd həyatına can atır. Söz yox ki, belələri üçün kənd turizmi sərfəlidir. Əlbəttə, onların mənalı istirahəti üçün lazımi şərait yaradılmalıdır və biz çalışırıq ki, bu rahatlığı onlara verək".

Namiq Abbasov kənddə ən çox turist qəbul edən sakinlərdəndir. Yay mövsümü ərzində ümumilikdə 200 nəfərə yaxın insan onun qonağı olur. Bunun üçün geniş həyətində kotteclər inşa etdirib. Turistlər burada hər cür şəraitlə əhatə olunurlar. Lazım gəldikdə onların ekoloji cəhətdən təmiz ərzaq məhsulları ilə təminatı da yerinə yetirilir. 

İcra nümayəndəsi onu da bildirdi ki, Toğanalıya Almaniyadan, Türkiyədən və Rusiya Federasiyasından da turistlər gəlirlər: "Bunun əsas səbəbi Göy gölün bu əraziyə yaxın olmasıdır. Almanların bu ərazilərə çox gəlməsinin səbəbi isə vaxtilə almanların qohum-əqrəbalarının burada yaşamasıdır. Onlar rayon ərazisində yaşamış soydaşlarının həyat tərzi ilə yaxından tanış olurlar".

Yerli və xarici turistlərin maraq göstərdikləri Toğanalı kəndini Göy göllə cəmi bir dağ ayırır. Sıx meşələrin arası ilə çəkilmiş asfalt yolla Göy gölə cəmi 20 dəqiqəyə getmək mümkündür. Dağlardan gələn çay isə kəndi iki yerə ayırır. Son illər kəndə içməli su xətti çəkilmişdir. Burada tibb məntəqəsi, poçt, kitabxana, kəndə yaxın ərazidə isə istirahət mərkəzləri fəaliyyət göstərir.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev deyir ki, turistləri rayona cəlb etmək üçün müxtəlif tədbirlər görülür: "Elə hər il rayonda keçirilən "Moruq festivalı" da bu məqsədə xidmət edir. Rayon icra hakimiyyətinin və Dövlət Turizm Agentliyinin təşkiatçılığı ilə keçirilən festivalın təşkilində əsas məqsəd bölgənin turizm sektoru üzrə rəqabət qabiliyyətini yüksəltmək, aqroturizmin inkişafına dəstək vermək, rayonun unikal cəhətlərini, burada istehsal olunan kənd təsərrüfatı məhsullarını tanıtmaq və iqtisadiyyatın inkişafına töhfə verməkdir".

Keçən il rayon mərkəzində qazıntı apararkən yeraltı şəhər aşkar edilmişdir ki, bu da turistlərin böyük marağına səbəb olmuşdur. Həmin yeraltı şəhəri turistlərə təqdim etmək üçün hazırda ərazidə tədqiqat işləri aparılır. 

Turizm mövsümünün qızğın dövrüdür. O səbəbdən Göygöl rayonunun kəndlərinə dincəlməyə gələnlərin sayı gündən-günə artır. Kənd sakinlərinin əsas işi isə rayona gələn qonaqlara diqqət və qayğı ilə yanaşmaq, onların məmnunluğunu təmin etməkdir. Bunun üçün isə rayonda hər cür imkan və şərait var.

 

 Sabir ƏLİYEV,

 "Azərbaycan"

Seçilən
35
azerbaijan-news.az

1Mənbələr