AZ

Dövrünün "Tərcüman"ı

İsmayıl bəy Mustafa ağa oğlu Qaspıralı öz dövrünün böyük mühərrirlərindən biri idi. Onun fəaliyyəti nə qədər çoxşaxəli olsa da, həyatının və məşğulluğunun başlıca məqsəd və məramını mətbuat təşkil edirdi.

1883-cü ildə "Tərcüman" qəzetində "Halın ifadəsi" məqaləsində yazırdı: "Bir insana nitq və dil nə qədər gərəkdirsə, çox insanlara, yəni bir millətə, bir qövmə mətbuat və nəşriyyat o dərəcədə gərəkdir: çünki mətbuat xalqın, millətin dilidir. Mətbuat millətin bir dilidir ki, səsi dünyanın bir tərəfindən o biri tərəfinə qədər gedər. Bir dildir ki, sədası min il sonra da eşidilər. Mətbuat bir qüvvədir ki, dənizlərin, çöllərin bir tərəfindən o biri tərəfinə keçər, zamanları bir-birinə qovuşdurar. Dövrümüzdə bu nəhəng qüvvəyə malik olan kiçik və böyük millətlər olduğu halda, bizdə mətbuat əsərinin yox deyiləcək dərəcədə olması neçə vaxtlardan bəri könlümüzə bir qayğı, bir ağrı verməkdə idi". İsmayıl bəy mətbuata məhz belə dəyər vermişdir.

Görkəmli naşir 1880-1883-cü illərdə "Tonquc", "Şəfəq", "Qəmər", "Ay", "Ulduz", "Günəş", "Həqiqət", "Lətail" kimi məcmuə və qəzet adları ilə nəşrlər, eyni zamanda "Salnameyi-türki" və "Mirati-cədid" adlı almanaxlar buraxmış və müxtəlif imzalarla yazdığı məqalələrində məhz maarifçilik ideyalarını yaymışdır. 

"Tərcüman"ın şüarı: "Dildə, fikirdə, işdə birlik"

1883-cü il aprelin 10-da - Krımın Rusiya tərəfindən işğal edilməsinin 100 illiyi tamam olduğu gün naşir türkcə-rusca çıxacaq "Tərcüman-Perevodçik" qəzetini buraxmaq üçün icazə alır. O, bu icazəni dördillik mübarizədən sonra əldə edir. "Dildə, fikirdə, işdə birlik" "Tərcüman"ın şüarı olur. Redaktor bu ideyanı geniş bir ərazidə yaşayan türk xalqları arasında yorulmaq bilmədən təbliğ edir. İlk vaxtlar cəmi 320 nüsxə çıxan "Tərcüman"ın tirajı sürətlə artır və 20 mini keçir.

Qəzetin qədəmi yüngül olur. Növbəti, 1884-cü ildə Qaspıralı Baxçasarayda ilk "üsuli-cədid" məktəbi açır. Buraya müxtəlif bölgələrdən şagirdlər toplayır və onlara fonetik təlim qaydalarını öyrədir. Bu yolla, yəni şagirdlər vasitəsilə o həmin qaydaları bütün Rusiya müsəlmanları arasında yayır. Bundan əlavə, Qaspıralı "Xose-yi Sibyan" adlı əlifba dərsliyini tərtib edir. Həmin kitabla bütün Rusiya müsəlmanlarının mədəni həyatında, onların maariflənməsində yeni bir mərhələ başlanır.

Velikorus millətçiliyinin türk-müsəlman xalqları üçün böyük təhlükə olduğunu Qaspıralı çox aydın dərk edirdi. Məhz buna görə də imperiyada yaşayan müsəlman xalqları arasında milli şüurun formalaşması, onların sıx əlaqəsi və bir-birinə bağlılığını məqsədə çevirmişdi. Hər vasitə ilə buna can atır, mətbuatda alovlu çıxışlar edirdi. O zaman Firidun bəy Köçərli "İsmayıl Qaspıralı "Tərcüman"ı ilə bizi ayıltdı", - demişdi.

Tədqiqatçı, professor Xeyrulla Məmmədov "Tərcüman"a özünəməxsus tərzdə dəyər verib: "Tərcüman" (1883-1918) XIX əsrin sonu - XX əsrin əvvəlində Rusiya müsəlmanları mühitində nəşr edilən qəzet və jurnalların ən uzunömürlüsü, geniş miqyasda yayılanı və ən çox oxunanı olmuşdur. O, bir il iki ay "Ziyayi-Qafqasiyə", səkkiz il yarım "Kəşkül", bir il doqquz ay "Şərqi-Rus", 1905-ci il inqilabından sonra Qafqazda, Krımda, Volqa boyunda, Türküstanda çıxan müxtəlif məsləkli dövri mətbuat orqanları - "Həyat", "İrşad", "Molla Nəsrəddin", "Nur", "Azad xalq", "Yıldız", "Vətən xadimi", "Fikir", "Əl-islah" və s. qəzet və jurnallarla paralel fəaliyyət göstərmişdir. 1891-ci ilin oktyabrında - "Kəşkül"ün bağlanmasından 1903-cü ilin martına - "Şərqi-Rus"un nəşrə başlamasına qədər, təxminən 12 il "Tərcüman" Rusiya imperiyasının müsəlman əhalisinə məxsus yeganə qəzet olmuşdur".

Bu nəşr Rusiyada müsəlmanların məskunlaşdığı bölgələrin həyatını, orada gedən prosesləri işıqlandırmağa çalışırdı. Ona görə də getdikcə sevimli qəzetə çevrilirdi. O, Kazan, Orenburq, Qarasubazar, Baxçasaray, Uralsk, Sibir tatarlarının, Cənubi Qafqaz türklərinin həyatını diqqətindən kənarda qoymurdu. Öz səhifələrində ziyalılara çox yer verirdi. İsmayıl bəy Qaspıralı erməni daşnaklarının 1897-ci ildə Anadoluda, 1905-1906-cı illərdə Qafqazda törətdikləri qanlı cinayətləri hiddətlə pisləmiş və bu fəsad əhlini ağlını başına yığmağa çağırmışdır.

Ümumi iş, milli mənafe 

İ.Qaspıralı Rusiya imperiyasındakı türk xalqlarının tarix, din, dil, adət-ənənə birliyini nəzərə alaraq, onların daha da yaxınlaşması, əqidə, məslək baxımından birləşməsi, tərəqqi etməsi üçün ortaq ədəbi dil formalaşdırmaq təşəbbüsü ilə çıxış etmiş və bu istiqamətdə "Tərcüman" vasitəsilə müəyyən işlər də görməyə başlamışdı. O yazırdı: "Dayanmadan çalışaq, mühərrir rəfiqlər, bizlər hazırda nə qədər qəzet, risalə yazsaq da, dünyamızı dərhal islah edə bilməyəcəyimiz məlumdur, lakin əlimizdən gələcək çox mühüm bir işimiz də vardır. Bu da ortaq ədəbi dilə təməl, əsas, bünövrə qoymaqdır. Bu işə ziyadə diqqət yetirək". ("Dostlarıma açıq məktub").

Ə.Ağaoğlunun fikrincə, İ.Qaspıralının təbliğ etdiyi qayə türklərə özlərini tanıtdırmaq, milli şüuru inkişaf etdirərək onlara bir olduqlarını təlqin etməkdən ibarət olmuşdur: "Və bu qayəyə çatmaq üçün ən əvvəl türkləri hər yerdə boğan, birliyindən ayıran, milli şüurdan məhrum edən cəhalətlə mübarizəyə girişir və bunun üçün də ən müəssir amil olaraq mətbuatla məktəbə müraciət edir. Məktəb və mətbuat: türklüyü xilas edəcək o iki silah! Və mərhum bütün həyatını türkləri silahla təchiz etməyə xərclədi. İsmayıl bəy ailəsi ilə həm mühərrir, həm mürəttib, həm də müvəzirlik vəzifələrini icra edirdi. Qəzeti oxutdurmaq üçün İsmayıl bəy dəfələrlə Krımdan Qafqaza, Türküstan, Buxara, Kazan və Orenburqa qədər səfər edərək qapı-qapı dolaşmaq məcburiyyətində idi!" (A.Tahirli "Bütün türklərin tərcümanı").

Professor Xeyrulla Məmmədov Qaspıralı haqqında belə yazırdı: "Özü fəaliyyətini təkmilləşdirib, əsrin tələb və ehtiyacları mövqeyindən yeni istiqamətdə daha mənalı və məzmunlu tədbirlər həyata keçirməyə başladı. Naşirlik, redaktorluq, yazıçılıq və pedaqoqluq etdiyi uzun illər ərzində çatdığı yüksək mövqe, topladığı zəngin təcrübə, qazandığı böyük hörmət İ.Qaspıralını xalqa ağlı və qələmi ilə xidmət göstərmək istəyənlərin sevimli müəlliminə çevirdi. Krım yarımadası, Baxçasaray şəhəri həmvətənlərinin tərəqqisi işinə xidmət etmək istəyənlərin Kəbəsi oldu. Hamı üzünü bu qüvvəyə tutdu və "zülmət səltənəti"ndən qurtuluş üçün nicat istədi. Bu isə İ.Qaspıralıya Rusiyadakı soydaşları arasında yetişən ziyalıların bir neçə nəsli ilə dostluq və əməkdaşlıq etmək, fəaliyyətini işıqlandırmaq imkanı yaratdı".

Fədakar fəaliyyət, mübariz ruh

"Tərcüman"ın redaktoru kimi fəaliyyət göstərdiyi 31 il ərzində Azərbaycanın həyatında elə bir mühüm hadisə olmamışdır ki, İsmayıl bəy ona münasibət bildirməsin və elə az-çox tanınan ziyalı yox idi ki, qəzetdə onun adını çəkməsin. Qaspıralı bir sıra elm, maarif, mədəniyyət xadiminin həyat və yaradıcılığını şəxsən izləyirdi. Onların arasında Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Nəriman Nərimanov, Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Üzeyir bəy Hacıbəyli, Cəlil Məmmədquluzadə və başqaları var idi.

İsmayıl bəy Azərbaycanın ədəbi-mədəni həyatında, mətbuatında baş verən hadisələri ardıcıl izləyirdi. 1903-cü ildə qələmə aldığı "Tiflisdə yeni qəzet" adlı yazısında "Şərqi-Rus" qəzetinin nəşrə başladığını bildirmişdir: "Qafqaz üçün bir qəzet lazım olduğu çoxdan bəri hiss olunurdu. Buna baxmayaraq, bir neçə dəfə təşəbbüs edilsə də, icazə verilməmişdi. Bu dəfə isə Məhəmmədağa Şahtaxtlı imtiyaz almağa nail oldu. Təbrik edir, uğurlar arzulayırıq. 20 ildən bəri "Tərcüman" yalnız çalışırdı. İndi dostu zühur etdi. Ümid edirik ki, məsləki də başqa olmaz. Yalnızlığımız bizə çox ağır gəlirdi. İş çox, məsələ çox. Qələm bir idi, iki oldu". Bu sözlər Qaspıralının bir tərəfdən mətbuatın fədaisi olduğunu göstərirdisə, digər tərəfdən Azərbaycanı çox sevdiyini, onun tərəqqisinə çalışdığını təsdiqləyirdi.

İsmayıl bəyin irsində Həsən bəy Zərdabinin mətbu fəaliyyətinin, "Əkinçi" qəzetinin və Azərbaycanda çıxan digər nəşrlərin, mətbəələrin tarixi əhəmiyyəti dəfələrlə yüksək səviyyədə xüsusi qədirbilənliklə vurğulanmışdır. Onun "Həyat" qəzeti barədə yazdığı məqalə də bu baxımdan çox maraqlıdır. O, 1905-ci ildə Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlunun redaktorluğu ilə çıxan "Həyat" qəzetinin işıq üzü görməsindən duyduğu fərəhi belə ifadə etmişdi: "Şükür Xudaya! Maşallah zamana! İyirmi illik həsrətdən sonra "Həyat" göründü".

İ.Qaspıralının təbliğ etdiyi qayə

İsmayıl bəy Qaspıralı 1906-cı il aprelin 7-də Tiflisdə nəşrə başlayan "Molla Nəsrəddin" jurnalını Azərbaycan mətbuatı tarixində xüsusi hadisə, Rusiyanın türk-müsəlman xalqlarının ədəbiyyatında satira və yumorun inkişafına təkan verən yeni istiqamət kimi təqdir etmişdi. Ədib oxucuların diqqətini ilk növbədə məcmuənin müsəlman həyatının ciddi qüsurlarının islahı üçün zəruri olan kəskin tənqidi pafosuna cəlb edirdi. O yazırdı: "Tiflisdə Cəlil əfəndi Məmmədquluzadənin "Molla Nəsrəddin" namında nəşr etməyə başladığı gülünclü tənqid və lətifə məcmuəsinin birinci nüsxəsi idarəmizə gəldi. İş bu nüsxə səkkiz səhifəyi havi olub, dörd səhifəsi Qafqaziya əhvalını tənqidanə və həcvyanə təsvir edən bir qaç boyalı gözəl rəsmlər ilə təzyin edilmişdir. Və mündəricatı dəxi şayani diqqət və ibrət olub, millətimiz arasında bəzi suyi-adət və hərəkət haqqında xeyli tənqidanə yazılmış lətifə və fəqərələri tamildir. Əgər irəli nüsxələri dəxi böylə müntəzəm bir surətdə nəşr olunsalar, tərəqqi edəcəklərinə şübhə olmayıb, bizim bu qisim yeni ədəbiyyatımız dəxi tədricən intişar edərək millət arasında rəğbət bulub fayda gətirməsi məlumdur".

"Tərcüman"ın mətbuat xülasələrində "Molla Nəsrəddin" bir qayda olaraq həmişə diqqət mərkəzində olurdu. Digər qəzet və jurnallarla müqayisədə bu jurnalın məziyyətləri daha qabarıq açıqlanırdı. Bu baxımdan 1906-cı ildə "Tərcüman"da "Bizim mətbuat" başlığı altında dərc olunmuş bir icmal xüsusi maraq doğurur. "Molla Nəsrəddin"də İ.Qaspıralının diqqətini cəlb edən ən başlıca cəhət redaktor və redaksiya əməkdaşlarının mühərrirlikdə və yazıçılıqda yüksək istedad nümayiş etdirmələri idi. Onun fikrincə, bu, özünü jurnalın tükürpərdici acı həyat həqiqətlərini təsvir, köhnə adət-ənənələri tənqid edən satira və yumorla dolu yazılarında, böyük məharətlə çəkilmiş dərin milli koloritə malik rəsmlərində, sadə və təsirli, çox vaxt iynəli dilində, mənalı və ibrətli gülüşündə, mürəkkəb ictimai-siyasi problemləri lətifə və zərbi-məsəllər qədər yığcam şəkildə ifadə etmək bacarığında, kiçik yazıların bədii təsir gücündə təzahür edirdi. Bütün bu keyfiyyətlərinə görə İ.Qaspıralı hamıya "Molla Nəsrəddin"i oxumağı və ondan bəhrələnməyi tövsiyə edirdi. O yazırdı: "Məcmuələrimizin dördüncüsü boyalı rəsmləri ilə təzyin olunub, həcviyyatdan, lətayifdən, tənqid və müvaxizədən bəhs edən "Molla Nəsrəddin" məcmuəsidir. Bu məcmuə həftədə bir kərə Tiflisdə çıxmaqdadır. Mühərriri Cəlil bəy Məmmədquluzadədir. Şimdiyə qədər müntəzəmən 23 nüsxəsi nəşr olundu. Rəsmləri və mündəricatı qayət gözəl və millidir. Lisanı ötkün və təsirlidir. Masalları gülgülü və ibrətlidir. Şöylə ki, acı, ağu həqiqətləri ballı, şəkərli oxumaq, üsul və köhnə adətlər və körənəklər lətifə ilə mat edildiyini görmək istəyənlər bu jurnalı alsınlar, oxusunlar".

"Molla Nəsrəddin" jurnalı təqiblərə məruz qalanda isə İ.Qaspıralı həmkarlarına arxa-dayaq olaraq yazırdı: "Sizin məcmuənizdə hədəfə olduqca sərrast dəyən şeylər vardır.., gümrah çalışın".

"Ziya" və "Kəşkül" qəzetlərinin bağlanmasından dərin təəssüf hissi keçirən naşir yazırdı: "Bu iki qəzeti iki günəş, iki şəms kimi görməli idilər... idilər, idilər, idilər, amma öncə "Ziya", sonra "Kəşkül" uçan ulduzlar kimi sönməyə məcbur oldular... Çox ayıb, minbir təəssüf, amma nə fayda? Çox böyük və dəyərli imtiyazları qeyb etdik: iki maarif günəşini qoruya bilmədik, söndürdük, ayıb".

1906-cı ildə mərkəzi Rusiyada çap olunan "Azad", "Ulduz", "Ülfət", Bakıda çıxan "Həyat" və "İrşad" qəzetləri arasında narazılıqlar baş verir. Mətbuat fədaisi olan, üstəlik də müsəlman ittifaqını və türk birliyini özünə müqəddəs amal edən Qaspıralı bu vəziyyətə laqeyd qala bilməzdi. O, dərhal məsələyə münasibət bildirir, naşirləri və redaktorları subyektiv hisslərdən uzaq olmağa, ümumi işə, bir mənafeyə xidmət etməyə çağırır.

1905-ci ilin dekabrında "Həyat"ı Ə.Hüseynzadə ilə birlikdə redaktə edən Ə.Ağayev qələmdaşından ayrılaraq özünün "İrşad" adlı müstəqil qəzetini yaradır. Əsas səbəb bu idi ki, Ə.Ağayev o zaman Şeyx Cəmaləddin Əfqaninin təsirilə islamçı mövqedə dayanmışdı. Ə.Hüseynzadə isə turançılıq ideyasını yayırdı. Odur ki, onlar bir-birindən ayrılmalarının səbəbini hərəsinin müstəqil qəzet buraxmaq arzusu ilə izah etsələr də, əsl səbəb iki dost və həmkar arasındakı ideya ayrılığı idi. Qaspıralı isə belə hesab edirdi ki, hər iki cərəyan milli mənafe baxımından faydalıdır, ona görə də ayrılığa əsas görmürdü. O yazırdı ki, "Həyat" və "İrşad" ikiyə ayrılmış bir vücuddur: "Bu vücudun hər nədən olursa-olsun, ikiyə ayrılması ağrısız-acısız olmayacağı məlumdur".

Azərbaycanın qabaqcıl fikirli ziyalıları da öz növbəsində İsmayıl bəyin türk-müsəlman xalqlarının milli və mədəni intibahı yolunda fədakar fəaliyyətini yüksək qiymətləndiriblər.

Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Soltanməcid Qənizadə, Nəcəf bəy Vəzirov, Əliabbas Müznib, Ceyhun bəy Hacıbəyli, Mirzə Bala Məmmədzadə və başqaları Qaspıralının türkçülük ideya və siyasətini müdafiə etmiş, ondan bəhrələnmiş və bu işi daim inkişaf etdirmişlər.

Türk xalqının görkəmli maarifçi ziyalısı İsmayıl bəy Qaspıralı 1914-cü il sentyabrın 11-də Baxçasarayda vəfat etmişdir. Onun vəfatı ilə bağlı "Türk yurdu" jurnalında dərc olunmuş nekroloqun müəllifi Əhməd bəy Ağaoğlu olmuşdur. Nəriman Nərimanov da İ.Qaspıralının vəfatı ilə əlaqədar "Bəsirət" qəzetində "Baxçasarayda imtahan meydanı" adlı məqalə yazmışdır. Məqalədə ziyalılığa böyük itki üz verdiyi bildirilmişdir.

 İradə ƏLİYEVA,

"Azərbaycan"

Seçilən
26
azerbaijan-news.az

1Mənbələr