AZ

"Konstitusiya və Suverenlik İli"nə uzanan milli yol

44 günlük Vətən müharibəsindən başlayan Zəfər silsiləmizin məntiqi nəticəsi olaraq Azərbaycan xalqı 2025-ci ili ərazilərimizin bütövlüyünün qürur hissi ilə  "Konstitusiya və Suverenlik İli" kimi  təntənə ilə qeyd edir. 

Sərhədlərimizdə başdan-başa üçrəngli, ay-ulduzlu bayrağımız dalğalanır, Konstitusiyamız bütün ərazilərimizdə qüvvədədir. Cəmi beş il əvvələ qədər həsrəti ilə yaşadığımız Qarabağ və Şərqi Zəngəzura indi həyat qayıdıb, Şuşada, Xankəndidə, Xocalıda... körpələr doğulur, əzəli sakinlərinə qovuşdurulan bu torpaqlardan doğma nəfəs duyulur... 

Şuşa, Xankəndi zəfərlərinin müəllifi müzəffər lider İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə milli maraqlarımızın təmini uğrunda atdığı uğurlu addımlar Azərbaycan dövlətinin, xalqının pozulmuş konstitusion hüquqlarının tam bərpası ilə tarixə, ədalətə, beynəlxalq hüquqa dayanan haqq etdiyi nəticəyə yetişib, biz bütöv Azərbaycanın qalib vətəndaşları olmuşuq.

Azərbaycan gerçəklikləri 

Nəyi necə, nə vaxt edəcəyini yaxşı bilən Prezident İlham Əliyevin ötən iki onillik ərzində ölkəmizin, xalqımızın milli hədəfləri naminə həyata keçirdiyi uzaqgörən və məqsədyönlü siyasəti sayəsində müstəqillik tarixində ən qüdrətli çağlarını yaşayan Azərbaycanın siyasi nüfuzu, diplomatik uğurları Cənubi Qafqazın sərhədlərini çoxdan aşaraq dünyaya səs salıb. Bölgədə sülh və əməkdaşlıq üçün mühüm zəmin formalaşdıran regionun qüdrətli dövləti Azərbaycanın sürətli və hərtərəfli inkişafı beynəlxalq səviyyədə də diqqət çəkir. ABŞ, Çin kimi dünya nəhənglərinin belə Azərbaycanla çoxşaxəli əməkdaşlıqda maraqlı olması təsadüfi deyil. Yürüdülən məqsədyönlü siyasət, bu istiqamətdə ölkəmizdə yaradılan yüksək şərait sayəsində enerji, nəqliyyat qovşağına çevrilən Azərbaycan, həm də etibarlı, güvənilən ölkə kimi ad qazanıb.  

Bu gün dünyanın dörd bir yanında qarşıdurmalar, münaqişələr, müharibələr gedir. Göstərilən səylərə baxmayaraq, təəssüf ki, bir müharibə bitməmiş, digəri alovlanır, silahlar susmaq bilmir, dinc insanlar yurd-yuvalarından qaçqın düşür, miqranta çevrilir, günahsız yerə ölürlər...   

Dünyanın müharibə atəşində yandığı bir dövrdə Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlik xüsusi önəm kəsb edir. Azərbaycan sabitlik adası olaraq yer üzündə sülhün təşviqi, barışın bərqərar olması üçün mühüm çağırışlar edir, aktiv fəaliyyət göstərir. Hətta Azərbaycanın gərginlik yaşayan ölkələr arasında barışdırıcı rol oynaması diqqət çəkir. 

Ölkəmizin sərgilədiyi qətiyyətin yaratdığı reallığın nəticəsidir ki, bir zamanlar separatizm yuvasına çevrilmiş Qarabağ indi beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi ünvana çevrilib. Bu yaxınlarda isə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü Xankəndidə keçirildi və buradan dünyaya sülh və əməkdaşlıq mesajları çatdırıldı. 

Bütün bunlar Prezident İlham Əliyevin yürütdüyü müdrik siyasət nəticəsində Azərbaycanın qarşısına qoyduğu bütün milli hədəflərinə yetməsini özündə əks etdirən gerçəkliklərdir. 

 Xalq, ordu, dövlət birliyi

O da etiraf olunası reallıqdır ki, heç də hər bir dövlətə, xalqa qarşısına qoyduğu milli hədəflərə çatmaq müyəssər olmur. Buna görə qarşıya çıxan bütün çətinlikləri qətiyyətlə dəf edən, milli iradə ortaya qoymağı bacaran, prinsipiallıq nümayiş etdirən və xalqı, ölkəsi uğrunda cəsarətlə mübarizə aparan liderə malik olmaq başlıca şərtdir. Bu mənada xoşbəxt xalqıq ki, Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev kimi vətənpərvər şəxsiyyətlərin sayəsində Azərbaycan son iki əsr ərzində düçar olduğu bəlalardan, ağrı-acılardan qurtulmağı bacarıb. Təbii ki, torpaqlarımızın azadlığına, suverenliyimizin tam bərpasına uzanan bu çətin, mübarizələrlə dolu şərəfli yolda xalqımızın milli həmrəyliyi, öz dahi rəhbəri ətrafında sıx birləşməsi, "dəmir yumruğ"a çevrilməsi də mühüm rol oynadı. Xalq, ordu, dövlət birliyimiz təcavüzkar Ermənistanı da, ona havadarlıq edən xarici qüvvələri də darmadağın edərək yerlərində otuzdurdu, ərazilərimizdə separatizmin kökü birdəfəlik kəsildi, Qarabağda, Şərqi Zəngəzurda, bütöv Azərbaycanda "Zəfər tağı" hörüldü.  

Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbilə ölkəmizdə ikinci dəfə hakimiyyətə gələndə Azərbaycan bir dövlət olaraq məhv olmağın astanasında idi. Yenicə müstəqilliyini qazanan respublikamızda xaos hökm sürür, bütün sahələrdə tənəzzül, çöküş yaşanır, hakimiyyət davası aparılır, vətəndaş müharibəsi gedirdi. Bu hərc-mərclikdən yararlanan təcavüzkar Ermənistan isə ərazilərimizi bir-bir işğal edirdi, ölkə bir milyondan çox qaçqın və məcburi köçkün problemi ilə üz-üzə qalmışdı. 

Yalnız Ulu Öndər Heydər Əliyevin məharətli siyasəti, diplomatik bacarığı Azərbaycanı labüd olan faciələrdən xilas etdi. Daxili çəkişmələri sonlandıran dahi siyasətçi Heydər Əliyev işğalçı Ermənistanı atəşkəs haqqında müqavilə imzalamağa məcbur etdi. Ulu Öndər uğurlu neft strategiyasının əsasını qoyaraq ölkəni iqtisadi tənəzzüldən xilas etdi, qaçqın və məcburi köçkünlərin problemləri aradan qaldırılmağa başlandı. 

Eyni zamanda Azərbaycan müstəqil dövlət olaraq hüquqi, dünyəvi dövlət quruculuğunu inkişaf etdirməyə başladı ki, bu da konstitusiyanın qəbulunu birmənalı edirdi. 

12 noyabr 1995-ci ildə Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış milli konstitusiyamız qəbul edildi. Yeni konstitusiya layihəsini hazırlayan komissiyanın 3 oktyabr 1995-ci ildə keçirilən iclasında komissiyanın sədri Heydər Əliyev demişdi: "Bizim yeni konstitusiyamız, şübhəsiz ki, birinci növbədə Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir. Bir sözlə, biz elan etmişik və mən bir daha bəyan edirəm ki, Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı, dünyəvi dövlət qururuq".

Vətən uğrunda

Ulu Öndərin siyasi yolunu layiqincə davam etdirən Prezident İlham Əliyev Azərbaycanın bugünkü güclü, qüdrətli, nüfuzlu mövqeyə yüksəlməsi üçün şəxsi əzm, iradə, qətiyyət və səy nümayiş etdirdi. 2003-cü ildən etibarən ölkəmizi hərtərəfli inkişaf mərhələsinə yüksəldən Prezident İlham Əliyev xüsusilə hərbi sahənin gücləndirilməsi üçün mühüm addımlar atdı. 

Ölkəmizin rəhbərinin gündəliyindəki bir nömrəli məsələ torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün  və suverenliyimizin tam təmini idi. 

Elə bu istiqamətdə həyata keçirilən düşünülmüş siyasətin sayəsində də Azərbaycan ardıcıl və qətiyyətli qələbələr qazandı. 

Torpaqlarımızın bütövlüyünə gedən yolda 2016-cı ildə əldə olunan Aprel zəfəri mayak rolunu oynadı. Cəmi 4 gün ərzində düşməni qarşısında diz çökdürərək Lələtəpəyə Azərbaycan bayrağını sancan şanlı ordumuz  tezliklə bütün ərazilərimizin azadlığına qovuşdurulacağının mesajını çatdırdı. 

İki ildən sonra uğurlu Günnüt əməliyyatı qələbə silsiləmizin növbəti bəndi, Şuşaya gedən yolun daha bir addımı oldu. 

Münaqişənin sülh yolu ilə tənzimlənməsi üçün onilliklər boyu böyük təmkin nümayiş etdirən Azərbaycanın səbir kasasını daşıran son damla 2020-ci ilin iyulunda baş verən Tovuz döyüşləri oldu. 

Təcavüzkar Ermənistana dərsini verməyin zamanı artıq çatmışdı və 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin əmrilə Vətən uğrunda irəli şığıdı. Qəhrəman döyüşçülərimiz cəmi 44 gündə düşməni döyüş meydanında darmadağın edərək işğalda olan torpaqlarımızı azad etdilər. Ağdam, Kəlbəcər, Laçın rayonları bir güllə atılmadan, bir itki verilmədən öz sahiblərinə qaytarıldı.  

2023-cü ilin sentyabrında keçirilən 23 saatlıq antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi, konstitusiyamız bütün ərazilərimizdə hüquqi qüvvəyə mindi. "Dəmir yumruq" Qarabağda separatizmi məhv etdi. 

Qalib lider İlham Əliyevin bir tələbilə ötən il Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri özümüzə qaytarıldı.

Bir sözlə, başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan milli hədəflər Prezident İlham Əliyevin qətiyyətli siyasəti ilə gerçəkləşdirildi.  

15 oktyabr 2023-cü ildə - Prezidentlik fəaliyyətinin 20 ilinin tamamında Qarabağın mərkəzi Xankəndidə Azərbaycan bayrağını dalğalandıran zaman qalib lider İlham Əliyev bu barədə dedi: "Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və "Qurani-Kərim"ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi". 

Azərbaycanın əldə etdiyi uğurların hamısı suverenliyimizin tam təmin olunmasının və konstitusiyamızın bütün ərazilərimizdə qüvvəyə minməsinin parlaq təzahürləridir. 

Milli maraqlarımızın təmini bugünkü və sabahkı Azərbaycanın sürətli və hərtərəfli  inkişafının möhkəm təməlləri və qarantıdır. 

Ölkəmizdə 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi haqqında Prezidentin Sərəncamında da bu məqam vurğulanır: "Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir".

Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Seçilən
43
azerbaijan-news.az

1Mənbələr