Bakıda üç tərəfi restoranlarla əhatələnmiş küçənin sakinləri səs-küydən şikayətçidirlər.
Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsindən gedir.
Sakinlər iddia edirlər ki, gecə vaxtı restoranlardan ucalan musiqi səsindən təngə gəliblər.
Məsələ ilə bağlı sözügedən restoranlara üz tutduq. Restoranlardan birinin nümayəndəsi bildirdi ki, şikayət əsassızdır.
Digər restoranlardan da eyni cavabı aldıq. Qeyd etdilər ki, canlı musiqi axşam saat 23:00-da dayandırılır. Bununla belə, sakinlər hər hansı məsələ ilə bağlı onlara müraciət etsələr, tədbir görməyə hazırdırlar.
Ərazidə digər bir məsələ isə tullantılarla bağlıdır. Sakinlərin iddialarına görə, restoranların tullantıları natəmizliyə səbəb olur.
Bu məsələ ilə bağlı isə Xəzər Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, tullantıların çeşidlənməsi ilə əlaqədar həyata keçirilən pilot layihəyə əsasən daşınma işləri dislokasiyaya uyğun olaraq vaxtlı-vaxtında təmin edilir. Bununla belə, vətəndaşın şikayəti ilə əlaqədar sözügedən ictimai iaşə obyektinə müvafiq xəbərdarlıq edilib. Eyni zamanda, məsələnin nəzarətdə saxlanılması məqsədilə rayon icra hakimiyyəti tərəfindən Xəzər rayon Mənzil kommunal təsərrüfatı birliyinə müraciət ünvanlanıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.