AZ

Xəzər dənizinə yeni güclü oyunçu gəlir - Azərbaycan prosesə qəti dəstək verir...


Dənizə çıxışı olmayan Özbəkistan Asiya ilə Avropanı birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və ya Orta Dəhliz üzrə yükdaşımaları artırmaq üçün Xəzər dənizində öz ticarət donanmasını qurur.

Türk şirkətləri yeni gəmilərin idarə olunmasında onun tərəfdaşları olacaq. Amma prosesdə Azərbaycan Özbəkistanın əsas tərəfdaşı və yardımçısı olacaq.

Özbəkistanın nəqliyyat naziri İlxom Mahkamov “Özbəkistan 24” telekanalına müsahibəsində bildirib ki, yaxın vaxtlarda Xəzər dənizində Özbəkistan bayrağı altında bərələr peyda olacaq ki, bu da ölkəni Azərbaycanla birləşdirən əsas nəqliyyat marşrutu olan Orta Dəhliz üzrə yüklərin çatdırılmasını əhəmiyyətli dərəcədə sürətləndirəcək. Onun sözlərinə görə, bu qərar prezident Şavkat Mirziyoyevin Azərbaycana səfərinin nəticəsi olub, təkcə iqtisadiyyatı və ticarəti stimullaşdırmaq üçün deyil, həm də nəqliyyat və logistika sahəsində əməkdaşlığı əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq məqsədi daşıyır. Transxəzər marşrutu Özbəkistan tərəfindən cənub və şimal istiqamətlərinə alternativ kimi, xüsusən də artan ixrac və tranzit axınları fonunda vacib hesab olunur. İlxom Mahkamov vurğulayıb ki, ölkənin öz bərə parkının yaradılması zərurəti Xəzər dənizi ilə yükdaşımaların həcminin 25%-ə qədər artması və bəzən digər ölkələrdən bərə gözləməsinin 30-40 günə çatan əhəmiyyətli gecikmələri ilə bağlıdır. Layihənin həyata keçirilməsi üçün Özbəkistana dəstək verməyə hazır olan türkiyəli tərəfdaşlarla artıq razılıq əldə olunub. Nazir həmçinin xatırladıb ki, Azərbaycan öz ərazisi ilə konteyner dəmir yolu ilə daşımalarda güzəştli şərtləri uzadıb. 70%-ə qədər endirim 2026-cı ilin sonuna qədər qüvvədə olacaq ki, bu da Orta Dəhlizin inkişafına daha da töhfə verəcək. Azərbaycan Özbəkistana ticarət gəmilərinin layihələndirilməsi və inşasında da köməklik göstərəcək. Layihənin dəyəri 150 milyon dollar qiymətləndirilir. İki ölkənin liderləri Şavkat Mirziyoyev və İlham Əliyev müvafiq sənədi Özbəkistan və Azərbaycan Ali Dövlətlərarası Şurasının 2025-ci il iyulun 2-də Bakıda keçirilmiş iclasının yekunları üzrə imzalayıblar. Rusiyalı ekspert Stanislav Pritçinin sözlərinə görə, Xəzər dənizində Özbəkistanın öz ticarət donanmasının yaradılması təkcə nəqliyyat imkanlarını genişləndirməyəcək, həm də xarici daşıyıcılardan asılılığı azaldacaq. Lakin ekspertin dediyi kimi, bu, nəqliyyat dəhlizinin səmərəli işləməsi üçün bunlar kifayət etmir: “Özbəkistanın Xəzər dənizində öz liman infrastrukturuna ehtiyacı var, çünki tərəfdaşlar ilk növbədə öz şirkətlərinin gəmilərini yükləyəcəklər. Azərbaycan, Qazaxıstan və ya Rusiya gəmiçilik şirkətləri ilə razılaşmalardan asılılıq risklər yaradır. Artıq qurulmuş Xəzər bazarında yeni oyunçunun meydana çıxması, şübhəsiz ki, rəqabəti artıracaq, lakin tam iştirak üçün Özbəkistanın təkcə öz donanmasına deyil, həm də bütün zəruri limanlara ehtiyacı var”. Özbəkistanın Bakı limanında öz terminalının yaradılması ilə bağlı planları əvvəllər nəqliyyat nazirinin müavini Abdusamat Muminov tərəfindən açıqlanıb, hazırda texniki-iqtisadi əsaslandırmanın hazırlanması mərhələsindədir. Hazırda Özbəkistan idxalçıları Aktau və Kurık limanlarının imkanlarından istifadə edərək başqa limanlarda terminal icarəyə götürməyə məcburdurlar.

Ekspertlər qeyd edir ki, Özbəkistan dünyada “ikili kilidli ölkələr” kateqoriyasına daxil olan ölkələrdən biridir. Bu o deməkdir ki, okeanlara çatmaq üçün ən azı iki dövlət sərhədi keçməlidir. Buna görə də marşrutları şaxələndirmək və logistikanı yaxşılaşdırmaq üçün Daşkənd İran və Pakistanla logistika mərkəzinin yaradılması haqqında saziş imzalayıb. Yeni terminal İranın Şəhid Rəcai limanında yaradılmalı idi, lakin bu ölkədəki qeyri-sabit vəziyyətə görə layihə hələlik dayandırılıb. İndi Özbəkistan əsas diqqətini Azərbaycana yönəldib. Alternativ olaraq, Pakistanın Kəraçi limanında analoji mərkəzin yaradılması nəzərdən keçirilir. Artıq liman infrastrukturu ilə tanışlıq və Özbəkistan məhsullarının ixracını asanlaşdıra biləcək müasir anbar kompleksinin və logistika mərkəzinin yaradılması layihəsini müzakirə etmək üçün Özbəkistan nümayəndə heyəti Sind əyalətinə bu yaxınlarda səfər edib. Amma ən əlverişli variant Azərbaycan üzərindən nəqldir. Özbəkistan elə əsas diqqətini məhz bu istiqamətə yönəldib. Azərbaycan və Özbəkistan Orta Dəhliz çərçivəsində nəqliyyat və logistika sahəsində birgə fəaliyyətlərini dərinləşdirir. Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanı Avropaya birləşdirən bu dəhliz hər iki ölkənin tranzit potensialını artırır və onların regional enerji və nəqliyyat mərkəzinə çevrilməsinə zəmin yaradır. Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun məlumatına görə, son 8 ildə iki ölkənin ticarət dövriyyəsinin həcmi 8 dəfə artaraq 32 milyon dollardan 253 milyon dollara çatıb. Lakin bu rəqəmi 1 milyard dollara çatdırmaq məqsədinə nail olmaq üçün sistemli işlər aparılır. Son illərdə birgə müəssisələrin sayı 5 dəfə artıb. Hazırda Özbəkistanda Azərbaycan kapitalının iştirakı ilə 240-dan çox şirkət fəaliyyət göstərir. Bununla yanaşı, Azərbaycan bazarında fəaliyyət göstərən Özbəkistan şirkətlərinin sayı 70-ə çatıb.

Ramil QULİYEV

Seçilən
16
baki-xeber.com

1Mənbələr