AZ

Xarici media qurumları ilə bağlı Azərbaycanda mühüm qanun proseduru başlayır...


Müşfiq Ələsgərli: “Xarici media subyektlərinin təmsilçiləri həm də Media Reyestrində qeydiyyata alınacaqlar”

Milli Məclis “Media haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlarda, həmçinin Mülki Məcəllə və İnzibati Xətalar Məcəlləsində dəyişiklikləri qəbul edib.

Sənəd layihəsi parlamentin iyulun 8-də keçirilən iclasının gündəlinə daxil edilib.

Belə ki, qanunla Azərbaycanda xarici media subyektlərinin filial və nümayəndəliklərinin qeydiyyatı, fəaliyyəti və ləğvi ilə bağlı yeni tənzimləmələr müəyyən olunub. Bununla xarici media filiallarının qeydiyyata alınması və Media Reyestrinə daxil edilməsi prosedurları sadələşdirilir, Media Reyestrində olmayan çap mediasının yayımı qadağan edilir və cərimələr nəzərdə tutulur. Media subyektlərinin fəaliyyətində pozuntular aşkar edilərsə, müvafiq icra hakimiyyəti orqanları xəbərdarlıq və məhdudlaşdırma tədbirləri tətbiq edə biləcək. Qanunla, həmçinin, media subyektlərinin adlarının oxşar olmaması, saxta məlumatların yayılmaması və informasiya agentliklərinin fəaliyyət standartları da sərtləşdirilib. Azərbaycanda filial və nümayəndəliklərin qanunvericiliyin tələblərinə əməl etməməsi ləğv olunmaları üçün əsas kimi götürülür. Bu dəyişikliklər media sahəsində şəffaflığı artırmaq və hüquqi nəzarəti gücləndirmək məqsədi daşıyır.

Bunun əhəmiyyəti nədir? Bu hansı zərurətdən irəli gəlir?

“Media Reyestrində qeydə alınmaq o deməkdir ki...”

Xarici media filiallarının qeydiyyata alınması və Media Reyestrinə daxil edilməsi prosedurlarının sadələşdirilməsi məsələsini zəruri edən məqamlarla bağlı Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, Media eksperti Müşfiq Ələsgərli “Bakı-Xəbər”ə bildirdi ki, xarici jurnalistlərin Azərbaycan ərazisində fəaliyyəti əvvəlki dönəmlərdə 2015-ci ilin 18 mart tarixində qəbul edilmiş “Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələri nümayəndələrinin akkreditəsi Qaydaları”na uyğun olaraq tənzimlənib. “Qaydalara əsasən, xarici jurnalistlər Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərmək üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akreditasiyadan keçməli idilər. Akreditasiya müraciətinə 30 gün ərzində müsbət cavab alardılarsa, fəaliyyətə başlayırdılar. Amma bu qaydalarda müəyyən qədər boşluqlar mövcud idi ki, xarici media subyektləri və jurnalistlər də həmin boşluqlardan məharətlə yararlana bilirdilər. 2022-ci ildə həmin qaydaların dəqiqləşdirilməsi, konkretləşdirilməsi, mövcud boşluqların aradan qaldırılması və yeni dövrün terminalogiyasına uyğunlaşdırılması üçün təşəbbüs irəli sürülüb. Beləliklə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Kollegiyasının 2022-ci il 01 avqust tarixli qərarı ilə “Azərbaycan Respublikasında xarici media nümayəndələrinin akkreditasiyası Qaydaları” yenilənmiş versiyada qəbul edildi. Qaydaların 2022-ci il versiyası həm ad baxımından, həm də maddə və prinsiplər baxımından yeniliklərlə zəngindir. Bu yeniliklər 2022-ci ildə qüvvəyə minmiş “Media haqqında” yeni Qanunun 11-ci maddəsinə uyğunlaşdırılıb. Məlumat üçün qeyd edim ki, “Media haqqında”Qanunun 11-ci maddəsi “Xarici media nümayəndələrinin Azərbaycan Respublikasının ərazisində fəaliyyəti”ni nəzərdə tutur”.

M.Ələsgərlinin sözlərinə görə, ötən 3 illik dövrdə ortaya çıxan faktlar bir daha göstərir ki, xarici media nümayəndələrinin Azərbaycan Respublikasının ərazisində fəaliyyətini tənzimləmək üçün yenidən bəzi dəqiqləşdirmələr etmək zəruridir: “Məsələn, yuxarıda adı çəkilən Qanun və Qaydaların əvvəlki versiyasına nəzər salsaq görərik ki, orada mövcud qaydaları pozan xarici media təmsilçiləri üçün hansı məsuliyyət tədbirləri görüləcəyi ilə bağlı prinsiplər yayqındır. Həmin yayqınlığın toparlanıb konkretləşdirilməsinə ehtiyac vardı. Bu baxımdan, “Xarici media filiallarının qeydiyyata alınması və Media Reyestrinə daxil edilməsi prosedurları”nın indi Milli Məclisdə müzakirəyə çıxarılması mühüm əhəmiyyət daşıyır. Milli Məclisdə indi müzakirəyə çıxarılan təkliflərin əsas mahiyyəti budur ki, xarici media nümayəndələrinin Azərbaycan Respublikasının ərazisində qeydə alınma prosedurları yenilənir. Yeniliyə əsasən, xarici media subyektləri, həmçinin, xarici media subyektlərinin təmsilçiləri Azərbaycan ərazisində fəaliyyət göstərmək üçün XİN-də akkreditasiyadan keçdikdən sonra, həm də Media Reyestrində qeydiyyata alınacaqlar. Media Reyestrində qeydə alınmaq o deməkdir ki, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən xarici media subyektlərinin təmsilçiləri Azərbaycan Respublikası “Media haqqında” Qanunun tələblərinə əməl etməli olacaqlar”.

M.Ələsgərli vurğuladı ki, sözügedən orqanlar bu tələbləri və prinsipləri pozduqları halda, Qanunda nəzərdə tutulmuş məsuliyyət tədbirləri ilə üzləşəcəklər.

İradə SARIYEVA

Seçilən
10
baki-xeber.com

1Mənbələr