Sərnişinlər 83 nömrəli marşrut avtobuslarının fəaliyyətindən narazıdırlar.
Xezerxeber.az-ın məlumatına görə, sərnişinlər deyirlər ki, avtobuslarda sıxlıq çox, interval isə böyükdür.
Onların sözlərinə görə, günün istənilən vaxtı bu avtobuslara minmək çətin olur.
Hətta avtobuslar arasında interval o qədər çox olur ki, yarım saatdan artıq gözləyirlər.
Sürücülər isə səsləndirilən iddialarla razılaşmırlar. Onlar intervalın sərnişinlərin dediyi qədər çox olmadığını bildirdilər.
Sürücülər sadəcə avtobusların getdiyi istiqamətlərdə sıxlığın çox olmasının yubanmalara səbəb olduğunu bildirdilər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə "Xəzər Xəbər"ə bildirilib ki, 83 nömrəli marşrutda mütəmadi olaraq 10 ədəd avtobusun 10 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərməsi nəzərdə tutulub. Lakin marşrutun yolu üzrə yaranan sıxlıq reyslərarası intervalın artmasına səbəb olur. Sərnişindaşımada xidmət keyfiyyətinin artırılması məqsədilə AYNA tərəfindən mütəmadi olaraq marşrutlar üzrə monitorinqlər həyata keçirilir. Monitorinq zamanı fəaliyyətində nöqsan aşkar edilmiş daşıyıcıların müvəqqəti istismarında olan müntəzəm marşrut xətləri mərhələli şəkildə müsabiqəyə çıxarılır. Müsabiqə nəticəsində həm dövlət, həm də özəl daşıyıcılar tərəfindən yeni alınan avtobuslar həmin marşrutlar üzrə istismara buraxılır. Görülən işlər çərçivəsində 83 nömrəli müntəzəm marşrutun da müsabiqəyə çıxarılması nəzərdə tutulub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.