Tural İsmayılov: “Hindistanın “erməni soyqırımı”nı tanıması geosiyasi maraqlara bağlıdır və bu, regional balansı dəyişə bilər”
Ermənilər uzun illərdir tarixdə heç zaman olmayan uydurma “soyqırımı”nı dünyanın gündəliyinə gətirərək ondan siyasi məqsədlər üçün istifadə edirlər.
Qeyd etdiyimiz kimi, Ermənistan uydurma soyqırımla bağlı dünyaya çağırışlar edir, ölkələləri inandırmağa çalışır.
Məlumdur ki, son zamanlar Hindistanla Ermənistan arasında isti münasibətlər var. Belə ki, Hindistan Ermənistanı silahla təmin edir. Məlumata görə,Hindistan qondarma erməni soyqırımını tanıya bilər. Belə ki, Ermənistanla Hindistan arasında artan əlaqələr fonunda Nyu-Dehliyə qondarma "erməni soyqırımı"nı tanıması üçün çağırışlar edilir. Bu barədə Hindistan jurnalı "The Week" yazıb.
Maraqlıdır, Hindistan qondarma "erməni soyqırımı"nı tanıya blərmi? Ümumiyyətlə, bu, rəsmi İrəvana lazımdırmı?
“Hindistanın Ermənistanla əlaqələri güclənir, lakin “erməni soyqırımı”nın tanınması məsələsi hələlik siyasi oyun səviyyəsindədir və rəsmi İrəvan üçün prioritet deyil”
Siyasi şərhçi Tural İsmayılov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Hindistanla Ermənistan arasında əlaqələr son vaxtlar sürətlə güclənir və İrəvan Hindistandan silah almağa başlayıb: “Bu, Cənubi Qafqazın geosiyasi kontekstində Hindistanın bölgədə öz mövqeyini möhkəmləndirmək istəyindən irəli gəlir. Hindistanın Ermənistanla yaxınlaşması Türkiyə və Azərbaycanla münasibətlərinə təsir edir. Ermənistanın Hindistandan silah alması onun hərbi potensialını bərpa etmək cəhdidir, xüsusilə 44 günlük müharibədən sonra itirilən mövqeləri gücləndirmək məqsədilə bunları edir. Bu əməkdaşlıq İranla koordinasiya edilmədən həyata keçirilir ki, bu da regional balansda yeni dinamika yaradır. Hindistanda qondarma “erməni soyqırımı”nın tanınması üçün erməni lobbisi tərəfindən fəal çağırışlar edilir. Hindistanın bu "məsələni" tanıması mümkündür, çünki bu, onun Türkiyə ilə münasibətlərində əlavə təzyiq vasitəsi ola bilər. Lakin rəsmi İrəvanın hazırda “erməni soyqırımı” narrativindən uzaqlaşması və Türkiyə ilə yaxınlaşmaq istəməsi fonunda belə bir addım Ermənistan üçün zəruri deyil”.
Ekspert hesab edir ki, Hindistanın “erməni soyqırımı”nı tanıması geosiyasi maraqlara bağlıdır və bu, regional balansı dəyişə bilər. Ermənistan üçün isə belə bir tanınma indiki mərhələdə prioritet deyil, çünki İrəvan Türkiyə və Azərbaycanla dialoqa üstünlük verdiyi haqda saxta fon yaradır: “Hindistanın bu mövzuda addım atması, əslində, Türkiyəyə qarşı strateji oyun kimi qiymətləndirilə bilər. Nəticədə, Hindistanla Ermənistan arasında silah ticarəti və siyasi əlaqələrin dərinləşməsi Cənubi Qafqazda yeni güc mərkəzlərinin formalaşmasına xidmət edir. Lakin “erməni soyqırımı” məsələsində Hindistanın rəsmi mövqeyi ehtiyatla formalaşacaq, çünki bu, həm Türkiyə ilə, həm də regiondakı digər aktorlarla münasibətlərə təsir göstərəcək. Ermənistan üçün isə əsas prioritet regional sabitlik və iqtisadi inkişafdır, buna görə də “soyqırım” məsələsi onun xarici siyasətində ikinci plana keçib. Hindistanın bu məsələdə addım atması isə daha çox öz geosiyasi maraqlarına bağlıdır və İrəvanın mövqeyindən asılı olmayacaq. Beləliklə, Hindistanın Ermənistanla əlaqələri güclənir, lakin “erməni soyqırımı”nın tanınması məsələsi hələlik siyasi oyun səviyyəsindədir və rəsmi İrəvan üçün prioritet deyil. Bu, Cənubi Qafqazda yeni geosiyasi dinamikaların əlamətidir və regionda maraqlı aktorların balansının dəyişməsinə təsir göstərəcək”.
Günel CƏLİLOVA