AZ

Avropa İttifaqı ilə enerji sahəsində yeni əməkdaşlıq ölkəmizə nə vəd edir? EKSPERTLƏRDƏN AÇIQLAMA FOTO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan son illərdə enerji sektorunda Avropa İttifaqı (Aİ) ilə əlaqələrini gücləndirmək istiqamətində mühüm addımlar atır. Xüsusilə Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlıq genişlənib, alternativ enerji sahəsində də birgə layihələr ön plana çıxır. İmzalanan yeni sazişlər Azərbaycanın enerji ixracını şaxələndirməklə yanaşı, Aİ-nin enerji təhlükəsizliyinə dəstək məqsədi daşıyır.

Azərbaycanın Aİ ilə enerji əməkdaşlığı genişlənir: Bu sazişlər nə vəd edir?

Mövzu ilə bağlı politoloq Tural İsmayılov Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Avropa İttifaqı arasında enerji əməkdaşlığının genişlənməsi regionun geosiyasi mənzərəsini yenidən formalaşdırır:

“Bu sazişlər Bakı üçün strateji diversifikasiya imkanı yaradır, həm iqtisadi, həm də diplomatik baxımdan. Aİ-nin enerji təhlükəsizliyi prioritetləri fonunda Azərbaycanın təbii qazı mühüm alternativ resurs kimi çıxış edir. Şərq-Qərb enerji dəhlizi gücləndikcə, Bakı həm tranzit, həm də istehsalçı ölkə statusunu möhkəmləndirir. Bu, Azərbaycanın beynəlxalq enerji bazarlarında rolunu artırmaqla yanaşı, daxili investisiya mühitinə də müsbət təsir göstərir.

Yeni sazişlər yalnız texniki və iqtisadi əhəmiyyət daşımır, həm də strateji əməkdaşlıq dinamikasını dərinləşdirir. Aİ-nin “Yaşıl Razılaşma” gündəliyi kontekstində Azərbaycan öz enerji sektorunu modernləşdirmək üçün ciddi imkanlar əldə edir. Bu əməkdaşlıq həmkar ölkələrin karbonsuzlaşdırma səylərinə dəstək verməklə yanaşı, Azərbaycanın texnoloji transformasiyasını təşviq edir. Enerji diplomatiyası Bakının çoxvektorlu xarici siyasət kursuna tam uyğun gəlir”.

Politoloq əlavə edib ki, eyni zamanda, bu sazişlər Rusiyanın enerji təsirindən çıxış yolları axtaran Aİ üçün strateji alternativ rolunu oynayır:

“Regional sabitlik və davamlı inkişaf baxımından enerji əməkdaşlığı mühüm katalizator rolunu oynayır. Azərbaycan bu prosesdə yalnız təchizatçı deyil, həm də etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir. Enerji sahəsindəki bu sıçrayış iqtisadi sabitlik və yeni texnologiyaların transferi üçün zəmin yaradır. Aİ ilə qarşılıqlı etimadın dərinləşməsi daha geniş siyasi və iqtisadi platformalar üçün imkanlar açır. Azərbaycanın enerji potensialının effektiv idarə olunması regional güc balansına təsir etmək iqtidarındadır. Bu əməkdaşlıq Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir”.

Mövzu ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirovun fikrincə, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı rolu həm neft, həm qaz, həm də alternativ enerji mənbələri hesabına istehsal etdiyi elektrik enerjisi ilə ödəmək gücündədir:

“Bu perspektivdə üçüncü enerji strategiyamız olan alternativ enerji strategiyamız düşünürəm ki, Avropa İttifaqı üçün daha çox önəmli olacaqdır. Bu gün isə məhz Rusiya enerji ehtiyatlarından asılı Avropa bir çox istiqamətlərdə, o cümlədən də Azərbaycan istiqamətindən idxal etdiyi enerjiyə böyük ehtiyac yaratmışdır.

Azərbaycanın ixrac etdiyi qazın həcmi hazırda 13 milyard kubmetrdir ki, qarşıdakı dönəmdə bunun daha 7 milyard kvm artırılaraq, yəni 20 milyard kubmetrə çatdırılması proqnoz edilir. Bu da əslində əvvəl imzalanmış sənədə əsasən 2027-ci ilə qədər ötürücülük gücünün 20 milyarda çatdırılması nəzərdə tutulmuşdur.

20 milyard kubmetrə çatdıqdan sonra bu proses olaraq Avropanın qaza olan ehtiyacının təxminən 4 faizini ödəmiş olur. Əgər 4 faizi ödənirsə, bu miqdar ifadəsində mütləq ifadədə böyük rəqəm deyil. Amma məhz Avropanın Rusiyadan daha çox asılı olduğu coğrafiya Azərbaycan qazı ilə təmin edilir”.

Ekspert əlavə edib ki, təbii olaraq, bu, Azərbaycanın strateji əhəmiyyətini daha da artırır. Eyni zamanda Aİ üzvü olan iki ölkə – Rumıniya və Macarıstan ilə Azərbaycanın bağladığı saziş birbaşa ölkənin enerji strategiyasına dəstək verən sənəddir:

“Belə ki, Macarıstan, Rumıniya, Gürcüstan və Azərbaycan arasında imzalanmış memorandumla Xəzər dənizindən Avropa İttifaqına Yaşıl Enerji Dəhlizi layihəsinə start verilib. Bu konteksdə bu layihə də uğurla icra olunacaqdır. Çünki Azərbaycan əvvəlki dönəmlərdə, birmənalı olaraq, həm neftlə, həm də qazla bağlı götürdüyü öhdəlikləri və başladığı layihələri uğurla icra edib. Hesab edirəm ki, bu əməkdaşlığın da  uğurlu davamı olacaqdır”.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
45
avtosfer.az

1Mənbələr