AZ

Naxçıvan Konstitusiyasında islahatlar hüquqi dövlət quruculuğunda önəmli yer tutur...


Vətəndaş cəmiyyəti hüquqi dövlət quruculuğunda əvəzolunmaz rola malikdir. Demokratik və müstəqil inkişaf edən ölkələrdə vətəndaş cəmiyyəti əsas etibarilə vətəndaş-şəxsiyyət amilinə əsaslanır. Vətəndaş cəmiyyəti insanların siyasi yox, başlıca olaraq iqtisadi və şəxsi həyat fəaliyyəti sferasıdır.

Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunun formalaşması prosesi ictimai rəyin təkmilləşdirilməsi fonunda davam edir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra hüquqi dövlət quruculuğunun formalaşması prosesi də yenidən vüsət aldı, dövlətin müstəqilliyinə, demokratiyanın inkişafına, siyasi plüralizmə, insan azadlığına, insan haqlarının qorunmasına yüksək önəm verildi, hüquqi dövlət quruculuğunun əsas təməl prinsipləri müəyyən edildi.

Naxçıvan MR Konstitusiyasına iki yeni maddənin əlavə edilməsi...

Məlum olduğu kimi, Milli Məclisin iyulun 8-də keçirilən iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanunu layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib. Layihədə Naxçıvan Muxtar Respublikasının (NMR) Konstitusiyasına iki yeni maddənin əlavə edilməsi, bir maddənin çıxarılması, bir sıra maddələrdə və Preambula hissədə isə dəyişikliklər nəzərdə tutulurdu. Beləliklə, ölkə Konstitusiyasında NMR-in Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olmağı ilə bağlı müddəa muxtar respublika konstitusiyasının Preambulasında da əksini tapıb. Habelə NMR Konstitusiyasına "Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi" adlı maddə əlavə edilir. Vurğulanır ki, həmin nümayəndəlik NMR-də Azərbaycan prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanıdır. Onun rəhbərini ölkə prezidenti vəzifəyə təyin edir və vəzifədən çıxarır. Layihədə həmçinin "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin buraxılması" adlı yeni maddə yer alıb. Yeni təklifə əsasən, Naxçıvan MR Ali Məclisini 31 deputatın tələbi ilə özü və ya vəzifələrini icra edə bilmədikdə Azərbaycan prezidenti buraxacaq. Konstitusiya Qanunu layihəsində nəzərdə tutulan dəyişikliklərdən biri "Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi" adlı 5-ci maddənin çıxarılmasıdır. Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkiləri Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təklifləri əsasında Azərbaycan Respublikası Prezidenti təyin edəcək (maddə 13, hissə II). Bundan başqa, layihədə Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Milli Məclisinin təklifi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasının qapalı iclasının keçirilə bilməsi nəzərdə tutulur (maddə 18, hissə IV).

Bütün bunlar onu göstərir ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasına edilən dəyişikliklər Azərbaycanda Konstitusiya islahatlarının yeni mərhələsi, hüquqi dövlət quruculuğunun bir istiqaməti kimi nəzərdən keçirilə bilər.

Bu, hüquqi dövlət quruculuğunda yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən hakim Yeni Azərbaycan Partiyasının üzvü, “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev hesab edir ki, bu, hüquqi dövlət quruculuğunda yeni bir mərhələnin başlanğıcıdır: “Parlamentdə qəbul olunan və Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilən mühüm dəyişikliklər Azərbaycanın hüquqi dövlət quruculuğunda yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir. Bu dəyişikliklər yalnız texniki redaktələrlə və ya formal düzəlişlərlə məhdudlaşmır. Əksinə, burada söhbət dövlət idarəçiliyinin daha effektiv və şəffaf modelə keçirilməsindən gedir. Ən mühüm yeniliklərdən biri Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəliyinin Konstitusiyada ayrıca bir maddə ilə təsbit edilməsidir. Bu, dövlət başçısının Naxçıvan Muxtar Respublikasında birbaşa idarəçilik mexanizmini hüquqi əsaslara söykənərək gücləndirməsi anlamına gəlir. Həmçinin bu nümayəndəlik mərkəzi hakimiyyətlə muxtar idarəçiliyin əlaqələrinin sistemli və qarşılıqlı məsuliyyət çərçivəsində tənzimlənməsini təmin edəcək. O fikirlərini davam etdirərək bildirib ki, Preambulaya edilən əlavədə isə Naxçıvanın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi kimi vurğulanması mühüm strateji və hüquqi siqnal daşıyır. Bu dəyişiklik ərazi bütövlüyümüzün hüquqi təsdiqidir və separatizm meyillərinə qarşı açıq və prinsipial mövqenin nümayişidir. Ali Məclisin buraxılması ilə bağlı yeni maddənin əlavə edilməsi isə idarəetmədə çevikliyin təmin olunmasına, səmərəsiz və ya böhranlı vəziyyətlərin operativ şəkildə həllinə xidmət edir. Bu dəyişiklik Naxçıvanda dövlət hakimiyyətinin fasiləsiz və məsuliyyətli fəaliyyətini təmin edən hüquqi mexanizmdir”.

İdarəetmə effektivliyinin və mərkəzi-muxtar münasibətlərdə strateji harmoniyanın təminatı

Politoloq onu da qeyd etdi ki, bütün bu yeniliklər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistemli islahatların davamı və hüquqi dövlət quruculuğunun yeni mərhələsinin real göstəricisidir: “Naxçıvan nümunəsi bir daha göstərdi ki, Azərbaycanın dövlət idarəçiliyi müasir dövrün çağırışlarına cavab verən, xalqın maraqlarını əsas tutan və milli maraqları qətiyyətlə qoruyan bir xətt üzərində inkişaf edir. Hesab edirəm ki, bu baxımdan, Milli Məclisin qəbul etdiyi dəyişikliklər yalnız hüquqi sənədlərdə deyil, həm də reallıqda milli suverenliyin, idarəetmə effektivliyinin və mərkəzi-muxtar münasibətlərdə strateji harmoniyanın təminatıdır”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Seçilən
14
baki-xeber.com

1Mənbələr