AZ

Rəşad Məcid: “Ədəbi proses” müşavirələri ədəbi hərəkata çevrilib

Bakı, 9 iyul, AZƏRTAC

“Ədəbi proses” müşavirələri ədəbi hərəkata çevrilib.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyi (AYB) sədrinin müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda keçirilən “Ədəbi proses – 2024” mövzusuna həsr olunmuş elmi-yaradıcılıq müşavirəsində çıxışı zamanı bildirib. O, indiyədək təşkil olunmuş müşavirələrin əksəriyyətində iştirak etdiyini vurğulayıb və bu tədbirlərin ədəbi fikrin inkişafında mühüm rol oynadığını bildirib.

Rəşad Məcid Belarus Ədəbiyyat İnstitutunun direktoru tərəfindən səsləndirilmiş bir fikrə istinad edərək bildirib ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli təkcə Azərbaycanda deyil, ümumilikdə ədəbi-mədəni mühitdə ədəbiyyatşünaslıq elminin fəallaşmasına ciddi təsir göstərib. Onun təşəbbüsləri və elmi fəaliyyəti Ədəbiyyat İnstitutunun kollektivi üçün də stimullaşdırıcı amilə çevrilib.

“Ədəbi proses” müşavirələrin ilk illərini xatırlayan Rəşad Məcid qeyd edib ki, o dövrdə məruzəçilər çıxışlarında mürəkkəb ədəbi problemlərə geniş şəkildə toxunmurdular. O, müşavirələrdəki çıxışlarında xüsusilə gənc yazarların yaradıcılığına obyektiv yanaşmağın, əsərlərin dərin elmi təhlilinin və mövcud çatışmazlıqların göstərilməsinin vacibliyini önə çəkdiyini bildirib. Qeyd edib ki, bu yanaşma ədəbi tənqidçilərin və ədəbiyyatşünasların nüfuzunu artırmaqla yanaşı, bütövlükdə ədəbi mühitin sağlamlaşmasına xidmət edir.

Məruzəçi vurğulayıb ki, bu müşavirələr zamanla geniş ədəbi platformaya çevrilib, “Ədəbiyyat qəzeti” başda olmaqla nüfuzlu mətbuat orqanlarında müzakirə mövzusuna çevrilərək cəmiyyətdə geniş əks-səda doğurub: “Ədəbi proses” adlı əsərlər toplusunda təqdim olunan məruzələrin ilbəil daha geniş ədəbi və nəzəri problemləri əhatə etməsi bu tədbirlərin əhəmiyyətini artırır”.

Rəşad Məcid qeyd edib ki, müşavirə çərçivəsində yalnız Ədəbiyyat İnstitutunun əməkdaşları deyil, digər elmi və mədəni qurumlarda çalışan ədəbiyyatşünasların iştirakı, eləcə də müzakirələrin AYB ilə əməkdaşlıq şəraitində aparılması ölkədə ədəbiyyatşünaslıq sahəsinin inkişafına xidmət edən əsas mexanizmlərdən biridir.

 

Seçilən
5
2
azertag.az

3Mənbələr