AZ

Trampın Putinə vəd etdiyi sürpriz nədir? – SENSASİON DETALLAR

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putindən narazılığını ifadə edib. O, Moskvaya qarşı “kiçik bir sürpriz” hazırladığını deyib.

Maraqlıdır, Trampın nəzərdə tutduğu bu “sürpriz” nə ola bilər?

Məsələ ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki, Tramp hakimiyyətə gəldikdən sonra ABŞ Ukrayna məsələsində daha fərqli yanaşma sərgiləyib. Bu siyasət əslində Putinə verilmiş dolayı dəstək kimi qiymətləndirilə bilər:

Əli Zülfüqaroğlu

“Trampın əsas məqsədi ilkin şərt olmadan atəşkəs əldə etmək idi. Lakin Putin bu variantla razılaşmadı. O, Ukraynanın işğal olunmuş ərazilərinin Rusiyaya məxsusluğunu tanınmasını, Avropa İttifaqının hərbi dəstəyinin dayandırılmasını və Ukraynada seçkilərin keçirilməsini tələb etdi. Zelenski isə Avropa İttifaqı və Böyük Britaniyanın dəstəyi ilə bu şərtləri qəbul etmədi”.

Zülfüqaroğlu qeyd edib ki, ilk mərhələdə Tramp Ukraynaya təzyiq göstərərək ABŞ və Rusiyanın maraqlarına uyğun atəşkəs əldə etməyə çalışsa da, bu plan baş tutmayıb. Nəticədə, Rusiya daha sərt və maksimalist mövqe ortaya qoyub.

Siyasi şərhçi hesab edir ki, Tramp Ukraynanın faydalı qazıntıları ilə bağlı sazişlər vasitəsilə ABŞ-ın iqtisadi maraqlarını təmin etməyə çalışıb. Lakin bu yanaşma ABŞ daxilində ictimai rəyin mənfiyə doğru dəyişməsinə səbəb olub. Bu səbəbdən Tramp indi Rusiyaya qarşı təzyiq ritorikasından istifadə etməyə məcbur qalır:

“Əslində Tramp Rusiya ilə münasibətlərin pozulmasında maraqlı deyil. O, daha çox Çinlə ticarət mübarizəsinə fokuslanmaq və Rusiyanı Pekinə yaxınlaşdırmamaq niyyətindədir. Rusiya ilə kəskin qarşıdurma isə bu planları pozar. Ona görə də Tramp hələlik daha ehtiyatlı davranacaq”.

Əli Zülfüqaroğlunun fikrincə, ABŞ-ın Rusiyaya təzyiq imkanları genişdir. Buraya hava hücumundan müdafiə sistemləri, hücum silahlarının tədarükü və iqtisadi sanksiyaların sərtləşdirilməsi daxildir. Amma Tramp bu addımları atsa, bu, onun öz maraqları ilə ziddiyyət təşkil edər:

“Trampın ‘sürprizi’ çox güman ki, hərbi yox, iqtisadi və ya diplomatik xarakterli olacaq. ABŞ və Rusiya arasında arxa planda danışıqların getdiyi ehtimalı da var. Belə olan halda, Ukrayna məsələsi üzrə razılaşma əldə olunması mümkündür. Bu, həm də Avropa İttifaqının bölgədəki təsirini zəiflədə bilər”.

Zülfüqaroğlu sonda vurğulayıb ki, ABŞ və Rusiya arasında münasibətlərin normallaşması ehtimalı, xüsusilə Ukrayna məsələsində, hazırda kifayət qədər yüksək görünür.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
5
2
konkret.az

3Mənbələr