Avtomobil qəzasında həyatını itirən “Liverpul”un ulduzu Diogu Jota və onun qardaşı Andre üçün təşkil olunan vida mərasimində Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldonun iştirak etməməsi ictimaiyyətdə narazılıq doğurmuşdu.
90deqiqe.Az-ın məlumatına görə, sosial şəbəkələrdə sərt tənqid olunan dünya futbolunun ulduzu ilə bağlı bacısı Katia Aveiro açıqlama verib.
Aveironun sözlərinə görə, Ronaldonun vida mərasimində iştirak etməməsi qardaşların ailəsinə hörmət və sükutun qorunması məqsədi daşıyıb:
“Atam vəfat edəndə, yasın ağrısına əlavə olaraq, qəbiristanlıqda kamera seli və maraqlı baxışlarla üz-üzə qalmışdıq. Bu, sözlə ifadə olunmayacaq bir fəlakət idi. Məzarlıqda dağıntılar olmuşdu, divarlara hörmətsizlik edilmişdi. Biz vida edə bilmədik. Uşaqlar şapeldən çölə belə çıxa bilmədi – böyük xaos yaşanmışdı. Kimin başsağlığı verdiyini belə xatırlamıram, çünki kədərim çox böyük idi”.
Katia Aveiro açıqlamasının davamında Ronaldo ilə bağlı bu sözləri əlavə edib:
“Kriştianonun gəlişi bu dəfə daha böyük diqqətə səbəb olacaqdı. Bu isə Diogu və Andre ailəsi üçün vəziyyəti daha da çətinləşdirəcəkdi. Qardaşımın olmamasını tənqid edən və ya dəstəyini sorğulayan hər kəsi tərəddüdsüz bloklayıram. Bu fanatizm, əsassız tənqidlər artıq tükəndiricidir. Televiziya kanalları, şərhçilər və sosial media bir ailənin iki üzvünün itkisindən sonra yaşadığı dərdin arxasınca getmək əvəzinə, sadəcə görünməyən bir simaya fokuslanır. Bu, utancvericidir. Dünya bu gün belədir – dəyərsiz fikirlər, ürəksiz insanlar. Çox kədərlidir”.
Xatırladaq ki, ötən həftə İspaniyada baş verən ağır yol qəzasında Diogu Jota və qardaşı Andre həyatını itirmişdi. Vida mərasimində Portuqaliya millisinin və “Liverpul”un bir çox futbolçusu iştirak etsə də, Ronaldonun yoxluğu birmənalı qarşılanmamışdı.