AZ

Əli Zülfüqaroğlu: “Liderlərin görüşü sülhə doğru real addım ola bilər” – ÖZƏL

Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidə planlaşdırılan görüşü sülh prosesində hansı yeni mərhələnin başlanğıcı ola bilər?

Mövzu ilə bağlı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Olaylar.az-a danışıb. Siyasi şərhçi bildirib ki, son zamanlar Ermənistan tərəfindən sülh sazişi istiqamətində müəyyən pozitiv açıqlamalar verilir. Lakin sülh sazişinin imzalanması üçün Azərbaycanın konkret, aydın və beynəlxalq hüququn tələblərinə cavab verən ədalətli şərtləri yerinə yetirilməlidir. Bu baxımdan əsas məsələ Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasıdır. Eyni zamanda, artıq funksionallığını itirmiş ATƏT-in Minsk Qrupu da de-yure ləğv olunmalıdır.

Siyasi şərhçinin sözlərinə görə, Ermənistanın prosesi uzatmasına baxmayaraq, liderlərin görüşü sülhə doğru real addım atılması üçün mühüm fürsət yaradır və Azərbaycanın şərtlərinin qəbul olunması getdikcə qaçılmaz görünür.

"Ermənistan indiyədək prosesi əsasən yubadaraq vaxt qazanmağa çalışır. Hərçənd ki, müxtəlif istiqamətlərdə sülh sazişi ilə bağlı ümidverici bəyanatlar səsləndirilir, amma real olaraq bu istiqamətdə konkret addımlar atılmayıb. Buna görə də hesab edirəm ki, sülh sazişinin imzalanması üçün Ermənistan bu şərtləri mütləq şəkildə yerinə yetirməlidir. Əks halda, Ermənistan üçün ciddi problemlər yarana bilər və düşünürəm ki, bu reallığı Ermənistanın siyasi rəhbərliyi də yaxşı anlayır. Nəticə etibarilə Azərbaycanın irəli sürdüyü şərtlərin yerinə yetirilməsi Ermənistan üçün qaçılmaz olacaq. Bu kontekstdə Azərbaycan Prezidenti ilə Ermənistan Baş nazirinin planlaşdırılan görüşü kifayət qədər önəmli hadisədir. Bu görüş iki ölkə arasında sülh danışıqları istiqamətində müəyyən irəliləyişlərin əldə olunması üçün mühüm fürsət yaradır. Azərbaycan tərəfi bu görüşlərin davam etdirilməsində və Ermənistanın sülh istiqamətində Azərbaycanın irəli sürdüyü tələblərə adekvat reaksiya verməsində maraqlıdır və bu istiqamətdə daha fəal mövqe sərgiləyir.
İndiyədək Ermənistan, əsasən, Azərbaycanın təklif etdiyi şərtlərlə bağlı prosesi uzatmaqla məşğul olub. Lakin artıq Ermənistanın bu prosesi davam etdirmək üçün resursları və manevr imkanları məhdudlaşır. Bu isə sülh sazişi istiqamətində real irəliləyişə nail olmaq üçün Azərbaycanın şərtlərinin qəbul olunması ehtimalını artırır.
Bu baxımdan liderlərin görüşü mühüm siyasi hadisə sayıla bilər və sülh prosesi baxımından irəliyə doğru atılmış addım kimi qiymətləndirilə bilər".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
13
olaylar.az

1Mənbələr