AZ

“Bakı və İrəvan arasında sülhə bu ölkə mane olur” – İLGİNC TƏFƏRRÜAT

“Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına əsas əngəl Rusiyadır”.

Bu fikirləri politoloq Rizvan Hüseynov KONKRET.az-a açıqlamasında səsləndirib.

Rizvan Hüseynov

Onun sözlərinə görə, sülhə aparan yolda ən böyük əngəl məhz Rusiyanın mövqeyidir:

“Rusiya guya sülhə meyilli mövqe sərgiləyir, lakin son 4-5 ildə bu istiqamətdə ciddi bir addım atmayıb. Əslində, Rusiyanın sülhə qarşı təzyiq alətləri mövcuddur və bunlara Erməni Apostol Kilsəsi, Rusiyaya sadiq erməni siyasi qüvvələri və diaspora daxildir.”

Rizvan Hüseynov hesab edir ki, Ermənistanın hazırkı hakimiyyəti bu təsirləri neytrallaşdıra bilsə, o zaman sülh sazişinə daha da yaxınlaşmaq mümkün olacaq.

Politoloqun fikrincə, beynəlxalq güclərin bölgəyə münasibəti də sülh prosesinə birbaşa təsir göstərir:

“ABŞ-da demokratların hakimiyyətdə olduğu dövrdə sülh prosesinə əngəllər mövcud idi. Lakin Trampın yenidən hakimiyyətə gəlməsi ilə bu istiqamətdə müsbət dinamika müşahidə olunur. Onun administrasiyası Azərbaycanın Qafqazda ümumi sülhə verdiyi töhfəyə daha müsbət yanaşır. Fransa əvvəllər açıq şəkildə antiazərbaycan mövqedə idi, indi isə daha neytral, lakin hələ də qərəzli davranır.”

Rizvan Hüseynov əlavə edib ki, yaxın həftələrdə, xüsusilə də iyulun sonuna qədər sülh sazişi ilə bağlı konkret addımların atılması mümkündür:

“Hazırda rəsmi şəkildə təsdiqlənməsə də, Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Dubayda görüş planlaşdırılır. Əgər bu görüş baş tutsa, prosesin gələcək istiqamətini daha dəqiq müəyyənləşdirmək mümkün olacaq.”

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında 2020-ci il 10 noyabr Bəyanatından sonra davam edən diplomatik təmaslara baxmayaraq, yekun sülh sazişi hələ də imzalanmayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Seçilən
3
1
konkret.az

2Mənbələr