AZ

A bala, ay Səmərqənd!

ain.az bildirir, Ses qazeti portalına istinadən.

Bir neçə gün əvvəl ölkə gündəmini adlarla bağlı son 6 ayın statistikası tutdu. Valideynlərin övladlarına verdikləri adlar arasında qəribə, gülməli, bəzən ağlamalı, əcnəbi, o cümlədən məşhur serial qəhrəmanlarının adları da var. Bu ilin son altı ayında Koroğlu, Alaz adlarının hər biri iki uşağa, Əsğər adı dörd uşağa, Həkimə beş uşağa, Çilənay adı isə üç uşağa verilib. Dağlar, Alay, Ayala, Ayat, Xanəli, Bircəgül, Gülan, Tükəzban, Dua, Həkim, Elis, Elissa, Elmidar, Ramon, Güldanə, Zara, Xədicat, Xilqət, Xosaxan, Qəribəli adında hər biri 1 nəfər olmaqla 1 yaşı olmamış uşaqlar var.

Adlarla bağlı tənzimləmənin olmasına baxmayaraq Azərbaycanda ötən il Tovuz, Alan, Mayya, Kürsümxanım, Xansu, Xansuvar, Almagül, Ağaəmi, Ağadədə, Zərqələm, Qarakişi, Məhluqəzəhra, Səmərqənd, Tuncayə, Nənəş, Arazəli, Dağhan, Amine, Üseyd, Pavel, Sifayə, Siadə, Çigəli, Limanə, Zinhar, Zinharə adları da rəsmiləşdirilib. Qeyd olunan adların hər biri bir uşağa qoyulub. Ölkəmizdə hazırda 1 yaşları olan Badam və Binəli adı verilmiş iki uşaq var, Tarif adına 3, Əsğər adı isə beş uşaq var. 2025-ci ilin ilk ayında ən çox qoyulan adlardan biri Uğurdur. Olduqca gözəl mənası olan bu adı ilk 6 ayda 802 uşağa veriblər, Zəhra adı da qızlar arasında ən çox qoyulan adddır və ilk 6 ayda 533 uşağa qoyulub.

Qoyulan adların əksəriyyəti ərəb-fars mənşəli sözlərdir. Məsələn, Üseyd adı kişi cinsinə məxsus ərəb adıdır, bizim dilimizdəki Əsəd adının eynidir. Əsəd, yəni ərəb dilindəki Üseyd adı "şir", "aslan" deməkdir. Üseyd kiçildici mənada işlənir, yəni “kiçik aslan”, “balaca şir” mənalarını verir. Tarixdə iz buraxan ən məşhur Üseyd adlı adam Üseyd ibn Huzayr adlı səhabə olub, o İslam tarixində əhəmiyyətli şəxslərdən biridir. Adın sahibi gözəl Quran oxuması ilə xatırlanır və mərdlik, şücaət göstərən, islam aşiqi kimi xarakterizə olunur, yəni mənası gözəldir, lakin dilimizdə Üseyd kimi yox, Əsəd kimi istifadəsi daha məqsədəuyğun olar.

Ötən il 5 uşağa verilmiş Əsğər adı fars dilində “kişik döyüşçü” deməkdir. Şiə mənbələrində İmam Hüseynin iki oğlu – Əli Əkbər və Əli Əsğərin adları çəkilir, Əli Əkbər böyük oğlu – böyük döyüşçü, Əli Əsğər kiçik oğlu - kiçik döyüşçü kimi ifadə edilir. Əsğər adı dilimizdə Əsgər kimi ifadə edilir, kökü ərəbcədə “askar” sözündən gəlir. Mənası da anlaşıldığı kimi “döyüşən”, “döyüşçü” deməkdir.

Keçən il bir uşağa Binəli adı verilib. Bu adın da mənşəyi ərəb dilindən qaynaqlanır, ərəb dilindəki binə və Əli sözlərinin birləşməsindən yaranıb. Binə sözü dilimizdə qədimdən işlənən, hətta türk mənşəli hesab edilən sözdür, Əli sözü də İslam dünyasının parlaq simalarından olan Həzrəti Əlinin adından qaynaqlanır. Binəli kəlməsi “Əliyə bağlılıq” mənasını verir.

Ötən il bir qız uşağına Nənəş adı verilib. Söz nənə kəlməsinin kiçildici mənasında təzahürüdür, el arasında körpə uşaqlara nənə sözündən düzəltmə “nənəş”, ata sözündən düzəltmə “ataş”, ana sözündən düzəltmə “anaş” kimi oxşayıcı, nazlayıcı sözlərlə - ayama və təlğələrlə müraciət edilir. Ötən il bir qız uşağına Siadə adı verilib. Adın mənşəyini araşdırsaq da heç bir dildə bu sözə rast gəlmədik. Ehtimal ki söz düzəltmədir, ailə üzvlərinin, ata və ya ananın adlarının hecaları birləşdirilərək yaradılıb.

Ötən il bir qıza Məhluqəzəhra adı verilib. Böyük ehtimalla körpənin iki adı olmasını istəyən valideynlər qanunla belə bir icazənin olmadığını bildikdə adları birləşdirmək qərarına gəliblər və nəticədə 12 hərfli və tələffüzü o qədər də dilə yatmayan uzun bir söz əmələ gəlib. Məhluqə sözü ərəbcə Allah tərəfindən yaradılan deməkdir, Zəhra sözü də “nurlu”, “işıqlı” mənasını verir. Hər iki ad milli köklü olmasa da yaxşı mənası olan sözlərdir, lakin adları birləşdirərək körpənin çox uzun adı olmasına şərait yaradıblar.

Tuncay adı dilimizdə istifadə edilən adlardandır, kişi cinsinə məxsusdur. Tunc və ay sözlərinin birləşməsindən əmələ gəlir və türk mənşəli milli addır. Tuncay adının mənası möhkəm, dözümlü və ay kimi parlayan deməkdir. Maraqlıdır ki, ölkəmizdə insanlar kişi adının arxasına bir sait yamayıb qadın adı düzəltməyə maraqlıdır – Zaur-Zaurə, Anar-Anarə, Turan-Turanə, Tural-Turalə kimi çox nümunə göstərmək olar. Tuncay adına bir sait əlavə edib Tuncayə etmək absurddur.

Ötən il uşaqlara verilən adlardan biri də Xədicat olub. Bəli, Xədicə yox, məhz Xədicat. Xədicə adının İslam dünyasında xüsusi çəkisi var, çünki Məhəmməd Peyğəmbərin həyat yoldaşının adı olub və bu səbəbdən müsəlman ölkələrində çox rastlanan addır. Maraqlıdır ki, Xədicə adı ilə kifayətlənməyib şəkilçi artırmaq valideynlərin ağlına necə gəlib? Şəkilçidən sonra adın mənasının nə olacağı, tələffüzü barədə nə düşünüblər?

Ölkəmizdə 1 yaşında Ayala adında qız uşağı da var. Adın mənası yəhudilərdə “dovşan” kimi də işlənir, “maral” kimi də. Bəzi mənbələrdə ibranicə “sürətlə qaçan heyvan” mənasında istifadə edilib. Ötən il bir uşağa da Xosaxan adı verilib. Xosa sözünün mənası barədə bir mənbə əldə edə bilmədik, amma ehtimal olunur ki Xoca sözündən yaranıb, bu söz isə “öyrədən”, “müəllim” mənası verir. Xocaxan adının da “öyrədən, yol göstərən lider” anlamında işləndiyini demək olar.

Çox yazmaq olar, amma övladına Səmərqənd, Zinharə, Ciğəli, Limanə adı verən valideynlər üçün bir əhəmiyyəti yoxdur yazdıqlarımızın. Ümid qalır adlarla bağlı qadağa siyahısının genişləndirilməsinə. Zənnimcə nəzarəti bir qədər də gücləndirmək şərtdir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti çərçivəsində hazırlanıb

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
sesqazeti.az

1Mənbələr