AZ

Bir daşın tarixçəsi Türkan Turan yazır

525.az saytına istinadən ain.az xəbər verir.

Türkan TURAN

Bizans dönəmində ippodrom, Osmanlı dönəmində at meydanı, bu ərəfələrdə turistlərin göz bəbəyi olan Sultanəhmədin düz ortasında əsrlərə meydan oxuyarcasına dimdik dayanan, bütün şuxluğu və əzəməti ilə göylərə ucalan, şəhərin tarixi qədər qədim olan bir Misir abidəsi var. Turist axınından fürsət tapıb heç vaxt yaxınlaşa bilmədiyim, ziyarətə ancaq indi imkan tapdığım bu abidə o qədər qədimdir ki, öz-özünə düşünürsən - kim bilir nələrə şahid olub, kimləri görüb gəlib. Qarşısında dayanıb heyranlıqla seyr edən fironları, imperatorları, sultanları xəyalında canlandırıb həyəcana bürünürsən. Zəfər çoşğusuna da şahidlik edib, önündə qurulan dar ağaclarında neçə-neçə insan da edam olunub, qanın dizə çıxdığı üsyanlar da görüb. Uzaqdan baxanda deyirsən, bir dənə uzun daşdır də, bunun nə tarixi ola bilər ki? Amma elə ki yaxınlaşdın, dediyin sözün üzünə baxmağa üzün gəlmir. 3500 illik tarixi olan bu Misir abidəsinin əlbəttə, hekayəsi böyükdür.

Haradan haraya...

Dikilidaşdan danışıram.

Dünyada sadəcə beş dənə olan belə abidənin birincisini yeni imperatorluq dönəminin savaşçı krallarından olan III Tutmosis b.e.ə. 1450-ci ildə Fironların Misirində - Misirin qızıl çağında Tanrıların Tanrısı Amona şükranlıq ifadəsi kimi tarixin gəlmiş keçmiş ən böyük tapınağı sayılan Karnakda ucaltdırıb. Qədim Misirdən günümüzə gəlib çıxan digər bütün bənzər abidələr kimi, bu da Misirin Asvan şəhərindəki mədənlərdən çıxarılan qranitdən ərsəyə gətirilib. O vaxtlar bu daşları tapıb çıxartmaq ən çətin işlərindən imiş. Qırığı, çatlağı olmayan bu daşları tapmaq əsl işgəncə sayılırmış. Bir dənə sağlam daş tapa bilmək üçün bəzən tonla ağırlığı olan bu daşı yerindən çıxarmaq lazım gəlirmiş. Nəhəng heykəllərin, abidələrin inşasında məhz bu daşlardan istifadə edilirmiş.

Fironun fərmanı...

Dikilidaş fikri ilk dəfə Firon III Tutmosisin ağlına gəlir. O, Karnakdakı böyük tapınaqlarda üzərində öz adının və tanrılara olan şükranlığını ifadə edən sözlərin yazıldığı dikilidaş ucaldılması barədə mühəndislərə əmr verir. Misirdə qranit məskəni sayılan Asvanda nəhəng daşlar tapılır,  yerlərindən çıxarıldıqdan sonra budanmış ağacların üstündə yumalandıra-yumalandıra Nil sahilinə qədər daşınır, oradan da xüsusi düzəldilən qayıqlara yüklənərək Şimali Misirə aparılır.

Hər sahədə olduğu kimi, bu məsələdə də müdrik misirlilərin köməyinə zəkaları çatır. Uzaq məsəfəyə daşınan ağır qranit daşların yolda tərsinə çevrilməsini əngəlləmək üçün qəribə bir üsul fikirləşirlər. Daşları daşınan qayıqların boş gövdələrinə mərcimək, buğda, paxla kisələri asıb, üstünə tonlarla ağırlığı olan bu daşları düzürlər. Bu daş blokların yerdən çıxarılması da başqa bir mühəndislik kəşfidir. Eynilə Hititlərdə olduğu kimi... Nəhəng daşların axtarışına isti mövsümlərdə çıxırmışlar. Daşların olduğu ərazidə tək bir xətt üzərində təxminən 10-20 santimetr dərinliyində dəliklər açır, qaraağac, küknar, vələs kimi sərt, dayanıqlı ağaclardan şişuclu çivlər hazırlayıb o dəliklərə salırmışlar. Sonra çivlər salınmış o dəliklərə müntəzəm olaraq su tökürmüşlər. Suyun və gün işığının təsirindən dəliklərə pərçimlənmiş həmin ağac parçaları bir neçə gün ərzində şişməyə başlayırmış. Beləcə şişən ağac parçaları nəhəng daşları bir xətt boyunca partladırmış. Başdan ayağa dümdüz bölünən blok bu vasitə ilə rahatlıqla gün üzünə çıxarılırmış. Bu günün özündə də Misirə gedənlər, Asvanda fironlar dönəmindən qalan daş karxanalarında qədim misirlilərin daş bloklarını partlatdıqları yerləri olduğu kimi, bütün çılpaqlığı ilə görə bilərlər. Yeri gəlmişkən, Hititlərin əsrlər əvvəl Anadoluda, Kapadokyada, Qaziantepdə çıxardığı daş blokları da varmış.

Fironların "əbədi" həyatı

Sultanəhməddəki Dikilidaş da eyni mərhələlərdən keçib. Əvvəlcə Nil çayından xüsusi qayıq ilə paytaxt Tebə gətirilib və oradakı Karnak tapınağında ucaldılıb.

Bir neçə kəlmə də bu daşın mənasının nə olduğu barədə. Dikilidaşlar Antik Misirdə həm yaşadıqları dövrdə, həm də ölümlərindən sonrakı həyatlarında Fironlara enerji verən abidə olaraq qəbul edilirmiş. Qədim misirlilərin inanıcına görə, milyon illər davam edəcək bu yaşam içində göylərə doğru yüksələn və təpəsindəki pramida şəklindəki ən uc nöqtədə qızıl, ya da gümüşdən düzəldilən şapka görüntüsünə bənzər dikilidaşlar simvolik olaraq günəşdən aldığı enerjini o biri dünyada milyon illər yaşayacaq Fironların ruhuna ötürən vasitədir.

Kimə niyyət, kimə qismət...

İndi gələk İstanbulda ucaldılmış Dikilidaşa. Misirdəki Dikilidaşın inşasından yüz illər sonra Bizansın qurucusu İmperator I Konstantin öz adını verdiyi paytaxta - Konstantinopola idarəsi altında olan ölkələrdən prestijli abidə göndərilməsini tələb edir. Misirlilər yuxarıda bəhs etdiyim Karnak tapınağına dikilən, ardından Heliopolis Tapınağına aparılan Fironun abidəsinin Konstantinopola göndərilməsinə qərar verirlər.  Ancaq nəhəng daş yerindən tərpədilib yola çıxana qədər İmperator Konstantin ölür. 337-ci ildə oğlu II Konstantin taxta oturur. O da eynən atası kimi daşın vaxt itirilmədən Konstantinopola göndərilməsinin sürətləndirilməsini istəyir. Tonlarla ağırlığı olan daşı böyük çətinliklərdən sonra ancaq İskəndəriyyəyə qədər daşıya bilirlər. Təbii ki, həmin ərəfədə İmperator II Konstanin də ölür. Deməli, daş o qədər ağır imiş ki, yerindən tərpətmək bir ömür alırmış. 361-ci ildə taxta oturan Yulian özündən öncəkilərin vəsiyyətini yerinə yetirmək üçün qollarını çırmalayır, ilk gündən Misir valisinə ciddi bir məktub yazır və Dikilidaşın tezliklə Konstantinopola göndərilməyini tələb edir. Tarixçi Markolinu Komesin yazdıqlarına görə, Dikilidaşın İstanbula nə vaxt gətirildiyi dəqiq bilinmir, ancaq tarixi qaynaqlardan öyrənirik ki, abidə Yuliandan sonra taxta keçən imperator I Teodasisin dönəmində, 390-cı ildə ippodromun ortasında, "Spina" adı verilən platformdakı yerinə oturdulub. Uzunluğu 19 metr 59 santimetr olan bu Misir daşının 6 metrlik parçası əskikdir, ehtimal edilir ki, Misirdən İstanbula göndərilərkən çətin şərtlərlə gəldiyi yolda yarısı kəsilib. Fəqət, bu günə qədər kəsilən həmin parçanın harada və necə istifadə edildiyi məchuldur.

Daşdakı məna

Bu gün Dikilidaşın dörd tərəfində qədim Misirin müqəddəs yazısı hesab edilən heroqliflərlə işlənmiş sözlərdən öyrənirik ki, Kral III Tutmosis bu abidəni vaxtilə Asiya torpaqlarında qazandığı zəfərlərin şərəfinə qurdurub. Dikilidaşın ən yuxarısında yerləşən və taxt üstündə oturmuş şəkildə təsvir edilən Tanrıların Tanrısı Amonun önündə diz çöküb şükran ifadə edən Firon üçün bu sözlər yazılıb: "Günəşin qızıl rəngini dünyaya saçıb, hər şeyə həyat, əbədiyyət və dad verən Tanrılar Tanrısı, göy üzünün sahibi Amonun sayəsində dənizləri aşaraq iki çay arasındakı ölkələri zəbt edən zəngin, güclü və bacarıqlı Kral III Tutmosis, Tanrılar Kralı Amona şükranlarını sunmaq üçün səltənətinin otuzuncu ilində bu abidəni ucaltdı".

Dikilidaşın mərmər səthi üzərində o dönəmin ölkələrarası diplomatik dili olan latıncada yazılmış kitabədə isə bu cümlələr yazılıb: "Əvvəllər dirənmişdim, fəqət uca əfəndimə boyun əymək və onun tiranlar üzərində qazandığı zəfərin çələngini daşımaq mənə əmr edildi. Hər şey Teodasius ilə onun uzun zaman sürəcək sülaləsinə itaət edir. Mənə də beləcə qalib gəlindi və Proklusun idarəçiliyi altında üç dəfə on gündə yüksəlməyə məcbur edildim".

Abidənin qərb yönündə Bizansın rəsmi dili yunanca ilə yazılmış kitabədə isə bu sətirlər işlənib: "Uzun müddət torpaq üstündə bütün ağırlığı ilə yatan dörd üzlü dirəyi dikmək cürəti sadəcə İmperator Teodasiusa nəsib oldu. Bu işi bacarmaq üçün Proklusu yardıma çağırdı və beləcə daş otuz iki gündə yerinə oturduldu". Bu kitabədəki yazılardan da başa düşüldüyü kimi, Dikilidaşın indiki yerinə oturdulması bir ay sürüb. Yenə daşın gövdə hissəsindən dörd tərəfdə imperatorluq lojasındakı Teodasius və ailəsi, ərafındakılar dövlətin birinci dərəcəli şəxsləri, lojanın qarşısında rəqs edən qızlar, orkestr, antik hipodromda təşkil edilən at yarışları və dikilidaş kimi hipodromun ortasındakı platformanı bəzəyən abidələr detallı şəkildə təsvir edilib.

Qoruyucu, yoxsa tilsimli daş?

Mərmər örtüyün dörd tərəfində yerləşdirilən, 50 santimetr hündürlükdə olan bürünc dirəklərin içindəki şişvari pik dəmirlər abidənin yüz illərdir zəlzələyə və digər fəlakətlərə qarşı möhkəm dayanmasına kömək edir. Pik dəmir ilk dəfə antik misirlilər, yunanlar və çinlilər tərəfindən b.e.ə. 1100-cü illərin əvvəllərində istehsal edilməyə başlayıb. Tarixi qaynaqlarda da yazıldığı kimi, ilk dönəmlərdə bu abidənin başında bürünc varmış. Kürə şəklində olması dünyanın simvolik görüntüsü sayılırmış. Ancaq həmin kürə 869-cu ildə meydana gələn böyük zəlzələdə düşür və bir daha yerinə qoyulmur. Böyük səyyah Katib Çələbi məşhur "Səyahətnamə"sində Sultanəhməddə ucalan Misir Dikilidaşının tilsimli olduğunu və İstanbulu zəlzələlərdən, təbii fəlakətlərdən qoruduğunu yazır. İstanbulla bütünləşmiş bu "tilsimli" abidə Nil çayının sərhədlərinin xaricində qalan, dünyadakı dörd böyük Misir daşından biri olaraq məşhurdur. Tarix boyu öz torpaqlarından çox uzaqlara daşınaraq aparılan bu məşhur daşlardan biri Romada, biri Parisdə, biri Nyu-Yorkda, biri də İstanbulda bütün məğrurluğu ilə ucalaraq əsrlərə meydan oxuyur.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
64
525.az

1Mənbələr