AZ

Rusiya Ukraynaya miqyasına görə ən böyük hava hücumu edib  

Rusiya iyulun 9-na keçən gecə Ukraynaya miqyasına görə ən böyük hava hücumu həyata keçirib. Əsas zərbə Lutska endirilib, daha 10 rayonda da dağıntılar qeydə alınıb.

AZƏRTAC bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin bəyanatına istinadla xəbər verir.

Ukrayna Prezidenti vurğulayıb: “Rusiyanın şəhərlərimizə yeni irimiqyaslı hücumu baş verib. Gün ərzində ən çox - 741 hava hədəfi olub: 728 müxtəlif tipli pilotsuz uçuş aparatı, onlardan 300-dən çoxu “Şahed”, 13 ədəd “Kinjal” və “İsgəndər” raketi. Hədəflərin əksəriyyəti vurulub”.

O qeyd edib ki, bugünkü hücum zamanı müdafiə üçün Ukraynanın pilotsuz uçuş aparatlarından istifadə edilib və onlarla hədəf zərərsizləşdirilib.

Prezident əlavə edib: “Texnologiyanın miqyasını genişləndiririk. Mobil atəş qrupları da işə salınıb və onların vasitəsilə onlarla hədəf vurulub. Dəqiq atışlara görə bütün hərbçilərə minnətdaram”.

Bununla belə, Zelenski qeyd edib ki, bu gün səhər saatlarından etibarən Ukraynanın bir çox bölgələrində Rusiyanın gecə saatlarında etdiyi hücumun nəticələri aradan qaldırılır.

Prezident bildirib ki, əsas zərbə Lutskda olub, həmçinin Dnepr, Jitomir, Kiyev, Kirovoqrad, Nikolayev, Sum, Xarkov, Xmelnitski, Çerkası və Çerniqov vilayətlərində də dağıntılar qeydə alınıb. O vurğulayıb: “Bu, nümayişkaranə bir hücumdur və hazırda sülhə nail olmaq, atəşi dayandırmaq üçün bu qədər cəhdlər edildiyi bir vaxtda Rusiya hər şeyi rədd edir. Hücumlar sanksiyaların lazım olduğuna dair əlavə sübutdur, üç ildən artıq davam edən müharibədə Moskvanın döyüş maşınını pulla təmin edən neftlə bağlı ağrılı sanksiyalar vacibdir”.

Zelenskinin sözlərinə görə, Rusiya neftini alan və qətllərə sponsorluq edənlərə qarşı da ikinci dərəcəli sanksiyalara ehtiyac var.

“Tərəfdaşlar necə təzyiq göstərməli olduğunu bilirlər. Rusiya yeni zərbələr haqqında deyil, müharibəni bitirmək barədə düşünməyə məcbur olmalıdır. Sülh istəyən hər kəs hərəkətə keçməlidir”, -deyə Ukrayna lideri vurğulayıb.

Seçilən
38
azerbaijan-news.az

1Mənbələr