Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin liderliyi ilə ölkəmiz regionda davamlı sülhün və sabitliyin bərqərar olması naminə ardıcıl və prinsipial siyasət yürüdür. Bu siyasətin təməlində beynəlxalq hüquqa, ərazi bütövlüyünə və qarşılıqlı hörmətə əsaslanan ədalətli yanaşma dayanır.
İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında nəzərdə tutulan görüş, Azərbaycanın sülh təşəbbüslərinin daha bir sübutudur. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, regionda uzunmüddətli sülhün yeganə yolu dövlətlərarası münasibətlərin normallaşdırılması və bir-birinin suverenliyinə hörmətlə yanaşmaqdır.
Azərbaycan Vətən müharibəsindən sonra qalib tərəf olaraq diktə siyasəti yürütmədən, revanşizmdən uzaq duraraq, Ermənistanla sülh sazişi imzalamağa hazır olduğunu ortaya qoydu. Bu mövqe təkcə region ölkələri deyil, həm də beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunur. Azərbaycanın irəli sürdüyü 5 baza prinsipi əslində beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır ki, bu da sülhə gedən yolda etibarlı hüquqi çərçivə yaradır.
Əbu-Dabi görüşü, həmçinin BƏƏ-nin vasitəçilik səylərinin nümunəsi olaraq Cənubi Qafqazda yeni əməkdaşlıq formatlarının yaranmasına şərait yarada bilər. Prezident İlham Əliyevin strateji baxışı, diplomatik çevikliyi və sülhə sadiqliyi sayəsində Azərbaycan bu gün təkcə regionda deyil, beynəlxalq miqyasda da etibarlı tərəfdaş kimi qəbul olunur.
Bu gün Azərbaycan dövləti yeni reallıqlar fonunda gələcəyə baxır – münaqişəsiz, inteqrasiyalı və rifah içində bir Cənubi Qafqaz vizyonu ilə. Prezident İlham Əliyevin sülh gündəliyi məhz bu ideallar üzərində qurulub və Azərbaycanın bu yoldakı mövqeyi dəyişməzdir: sülh istəyirik, lakin ədalətli sülh!
Elnurə Abuşova
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta