AZ

Kənan Quluzadə: Yeni qəbul edilmiş qərar Qarabağ və Şərqi Zəngəzura turist axınını daha da sürətləndirəcək

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 9 iyul, Gülay Nəzərova, AZƏRTAC

İşğaldan azad edilmiş ərazilərə giriş üçün icazə tələbi hələ də qüvvədədir. Tələbin əsas məqsədi vətəndaşların təhlükəsizliyinin təmin edilməsidir. Azərbaycan vətəndaşlarının həmin ərazilərə daha rahat və planlı şəkildə səfər etmələri məqsədilə icazə prosedurlarında iyulun 8-dən etibarən bir sıra yeniliklər tətbiq olunub. Yeni qəbul edilmiş qərarın Qarabağ və Şərqi Zəngəzura turist axınının daha da artmasına, həmin iqtisadi rayonlarda sahibkarlıq mühitinin genişlənməsinə, yeni iş yerlərinin yaradılmasına və ümumi iqtisadi fəallığın yüksəlməsinə mühüm töhfə verəcəyi şübhəsizdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə deyib.

O bildirib ki, “Yolumuz Qarabağa” (www.yolumuzqarabaga.az) portalı üzərindən fərdi minik avtomobilləri ilə səfərlər üçün əldə olunan icazələrin müddəti 2 gündən 5 günədək artırılıb. Qeyd edilən dəyişiklik bölgəyə daha uzunmüddətli səfərlər üçün imkan yaradır. İcazə biri sürücü olmaqla, maksimum 9 nəfərin daxil olduğu fərdi minik avtomobillərinə şamil olunur. Burada fərdi minik avtomobili dedikdə Azərbaycan vətəndaşlarına məxsus dövlət qeydiyyat nişanına malik, B kateqoriyasına uyğun nəqliyyat vasitələri nəzərdə tutulur. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən hotellərdə rezervasiya edən vətəndaşlara həmin ərazilərə giriş icazəsi avtomatik şəkildə təqdim edilir. Bu isə əlavə müraciətə ehtiyac yaratmadan vətəndaşlara vaxtlarına qənaət etmək, səfər planlarını daha sürətli və rahat formada həyata keçirmək imkanı verir.

“Xüsusi vurğulamaq lazımdır ki, azad olunmuş ərazilərdə fəaliyyət göstərən hotellərdə rezervasiya məcburi şərt deyil, icazənin alınması üçün alternativ və sadələşdirilmiş üsuldur. Hoteldə rezervasiya etməyən şəxslər əvvəlki qaydada www.yolumuzqarabaga.az portalı vasitəsilə səfər icazəsi ala bilərlər. Eyni zamanda, səfər iştirakçıları tərəfindən təhlükəsizlik məsələləri də nəzərə alınmalıdır. Fərdi avtomobillərlə səfər edən sürücülər və sərnişinlər portal üzərindən mina təhlükəsizliyi və digər qaydalarla tanış olmalı, məlumatlandırma mərhələsindən keçməli, səfər zamanı marşrutdan kənara çıxmamalı, yolayrıcılarında diqqətli olmalı və təhlükəsizlik qaydalarına ciddi riayət etməlidirlər. Vətəndaşlar portal üzərindən səfər etdikləri istiqamətlərdə fəaliyyət göstərən hotel və digər yerləşmə məntəqələri barədə də ətraflı məlumat əldə edə bilərlər”, - deyə K.Quluzadə əlavə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
1
azertag.az

2Mənbələr