Bakı, 9 iyul, AZƏRTAC
İngiltərənin "Liverpul" klubunun və Portuqaliya millisinin futbolçusu Dioqu Jota və qardaşı Andre Silvanın uğradığı qəzanın detalları məlum olub.
AZƏRTAC “El Confidencial”a istinadən xəbər verir ki, İspaniya Mülki Qvardiyasının yaydığı məlumata əsasən qardaşların həyatlarını itirdiyi qəzaya avtomobilin sürət həddini aşması səbəb olub.
Hadisə ilə bağlı ilkin hesabatda bildirilir ki, qəza zamanı sükan arxasında D.Jota olub. Hazırda hesabat tamamlanmayıb. Yol Hərəkəti Departamenti sənədə əlavə etmək üçün hadisə yerindəki izləri və dəlilləri araşdırır. Daha sonra yekun nəticə məhkəməyə təqdim olunacaq.
Faciə iyulun 3-də İspaniyanın qərbindəki Zamora əyalətində baş verib. 28 yaşlı Jota “Lamborghini” markalı avtomobil hərəkətdə olarkən təkərin partlaması nəticəsində idarəetməni itirib, avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb və yanmağa başlayıb. Hər iki şəxs hadisə yerində həyatını itirib.
Qeyd edək ki, Dioqu Jota 2020-ci ildən "Liverpul"da çıxış edirdi. Bu müddət ərzində o, 182 oyunda 65 qol və 26 məhsuldar ötürmə ilə yadda qalıb. Klub rəhbərliyi futbolçuya ehtiram əlaməti olaraq onun 20 nömrəli formasını əbədiləşdirmək qərarına gəlib.