AZ

Rusiyada xarici səfərə gedənlərdən vergi tutulacaq?

Yazını böyüt
Yazını kiçilt

Dövlət Dumasının Turizm Komitəsinin sədri, Yeni Xalq Partiyasından olan deputat Sanqaci Tarbayev Rusiya vətəndaşlarının xarici səfərlərinə vergi tətbiq etməyi təklif edib. Tarbayev bu addımın daxili turizmin inkişafına dəstək olacağını bildirib.

Hafta.az-ın yazdığına görə, 2024-cü ildə rusların xarici tətillərə təxminən 700 milyard rubl (təxminən 9 milyard dollar) xərclədiyini qeyd edən deputat hər turpaketə 200-300 rubl rüsumun əlavə olunaraq ildə 5-7 milyard rubl qazana biləcəyini təklif edib. Deputat bildirib ki, bu maliyyə ekoloji təzyiq altında olan Baykal, Altay və Kareliya kimi regionlara yönəldilməlidir.

Vergi təklifi Rusiya vətəndaşlarının getdikcə daha çox xaricdə istirahətə üstünlük verdiyi bir vaxta təsadüf edir. OnlaynTours-un məlumatına görə, 2024-cü ildə onların yalnız 15 faizi tətilini Rusiyada keçirib. Lakin Ukraynadakı hərbi əməliyyatdan dərhal sonra tətbiq edilən sanksiyalar səbəbindən bu nisbət 2022-ci ildə 52 faizə yüksəlib. Son iki ildə daxili turizmə maraq kəskin şəkildə azalıb. “Kommerstant” yazır ki, Rusiya vətəndaşlarının Şengen vizasına marağı sürətlə artır. 2024-cü ilin ilk 10 ayında Şengen vizası müraciətləri əvvəlki ilə nisbətən yüzdə 35 artarkən, bu artım təkcə 2025-ci ilin birinci rübündə yüzdə 20-yə çatıb. OneTwoTrip məlumatlarına görə, 2025-ci ilin yayında Aİ ölkələrinə aviabiletlərin rezervasiyası ümumi beynəlxalq səyahətlərin 22 faizini təşkil edib. Ən çox tələbat olan ölkə İtaliyadır.

Digər tərəfdən, Rusiyada yerli hökumətlər də daxili turizmi dəstəkləmək üçün yeni vergilər tətbiq etməyə başlayıblar. 2025-ci il yanvarın 1-dən ən azı 55 region turist vergisi tətbiq edib. Yeni sistemə görə, hər bir yaşayış yeri üçün 1 faiz vergi tutulur və bu məbləğ bir gecəlik 100 rubldan az ola bilməz. Bu nisbət 2029-cu ilə qədər 5 faizə qədər artırıla bilər.

Seçilən
22
hafta.az

1Mənbələr