AZ

Milli Məclisin iclasında...

15 məsələ müzakirə edilib

İyulun 8-də Milli Məclisin növbəti iclası keçirilib. Spiker Sahibə Qafarova iclasın gündəliyi haqqında məlumat verib. Gündəliyə 15 məsələ daxil edilib.

Əvvəlcə “Naxçıvan Muxtar Respublikasının (MR) Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsi üçüncü oxunuşda qəbul edilib. Dəyişikliklər Naxçıvan MR-in idarəetmə strukturunun mərkəzləşdirilməsi, səlahiyyət bölgüsünün dəqiqləşdirilməsi və Azərbaycan Prezidentinin rolu ilə bağlı əhəmiyyətli yeniliklər ehtiva edir. Belə ki, Naxçıvan MR-də Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis olunur. Bu qurum prezidentə birbaşa tabe olacaq və onun müəyyənləşdirdiyi vəzifələri icra edəcək. Naxçıvan MR-in dövlət rəmzləri Azərbaycan Respublikasının dövlət rəmzləri ilə eyniləşdirilir. Konstitusiyanın preambulasında Naxçıvanın Azərbaycanın ayrılmaz hissəsi olması vurğulanır. Naxçıvan MR Ali Məclisinə seçkilər Prezidentin qərarı ilə, Məclis sədrinin təklifi əsasında keçiriləcək. Müharibə şəraitində seçkilərin keçirilməsinin mümkünsüzlüyü halında səlahiyyət müddəti uzadılacaq. Məclisin fəaliyyət göstərməməsi və ya 31 deputatın tələbi əsasında Prezident tərəfindən buraxılması imkanı yaradılıb. Nazirlər Kabineti və digər icra strukturlarının fəaliyyəti Prezidentin razılığı ilə tənzimlənəcək. Mərkəzi icra orqanlarının yaradılması və ləğvi Prezidentin razılığı ilə mümkün olacaq. “Qərar” anlayışı “sərəncam” anlayışı ilə əvəz edilib, hüquqi normativ aktların qəbul qaydalarında dəqiqləşmələr aparılıb. Qanunların qəbul qaydası yenidən müəyyən edilib, bəzi səlahiyyətlər ləğv olunub və ya Azərbaycan Prezidentinə verilib. Bu dəyişikliklər Naxçıvan Muxtar Respublikasının hüquqi və inzibati sisteminin Azərbaycan Respublikası Konstitusiyası ilə daha sıx inteqrasiyasını təmin etməyi hədəfləyir.

Sonra “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə layihə üçüncü oxunuşda qəbul olunub. Belə ki, Milli Məclis Konstitusiyanın 156-cı maddəsini rəhbər tutaraq “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa dəyişiklik edib. Dəyişikliyə əsasən, həmin Konstitusiya Qanununun 2.10-cu maddəsindən “III,” rəqəmi çıxarılıb. Bu düzəliş “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun əvvəlki redaksiyalarının dərc olunduğu rəsmi mənbələrdə, xüsusilə 2011-ci il Qanunvericilik Toplusunun № 2, maddə 69 (Cild I) və 2024-cü il Toplusunun № 10, maddə 1109 nömrəli buraxılışlarında qeyd olunub.

Qeyd edilən dəyişiklik normativ hüquqi aktların hüquqi qüvvə iyerarxiyasına və ya tətbiq dairəsinə dair texniki dəqiqləşdirmə kimi qiymətləndirilə bilər və normativ aktların sistemləşdirilməsi baxımından əhəmiyyət daşıyır.

İclasda, həmçinin Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 5-ci bəndinə əsasən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişikliklər də qəbul olunub. Qanuna edilən dəyişikliklərə əsasən, 18.7-ci maddənin ikinci cümləsində “attestasiyadan” sözü “müsahibədən” sözü ilə əvəz olunur. Həmçinin 29.2.9-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilərək yeni 29.2.10-cu maddə əlavə edilir. Bu maddədə prokurorluqda qulluq keçmənin son yaş həddinə çatdıqda əmək münasibətlərinin başa çatması nəzərdə tutulur. 32-ci maddə üzrə isə yaş həddi ilə bağlı dəyişikliklər edilib. Belə ki, 32.2-ci maddədə “yaş həddi 60” ifadəsi “son yaş həddi 65” ilə əvəz olunub, 32.3-cü maddənin müəyyən cümlələri çıxarılıb, 32.4-cü maddədə isə “Yaş” sözü “Son yaş” ilə dəyişdirilib. Qanunun keçid müddəasına əsasən, bu dəyişikliklər qüvvəyə mindiyi gündən prokurorluqda qulluqda olan və bundan sonra qəbul edilən prokurorluq işçilərinə şamil edilir.

Qanunvericilikdə edilən bu yeniliklər prokurorluq orqanlarında qulluq keçmə yaş həddinin artırılması və prosedurların təkmilləşdirilməsinə xidmət edir.

Milli Məclis “Polis haqqında” Qanuna dəyişiklikləri də üçüncü oxunuşda qəbul edib. Bu dəyişikliklər polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədi daşıyır. Qanun dəyişikliyi ilə “Polis haqqında” Qanunun 39-cu maddəsinə III və IV hissələr əlavə olunub. Yeni müddəalara əsasən, müəyyən maliyyə vəsaitləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun xəzinə hesabına köçürüləcək. Bu vəsaitlər aşağıdakılardan ibarətdir: Birincisi, polis orqanları tərəfindən aparılan istintaq çərçivəsində dövlət büdcəsinə cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə köçürülən məbləğin 5 faizi, ikincisi isə cinayət məsuliyyətindən azad edilmə üçün Cinayət Məcəlləsinə uyğun olaraq dövlət büdcəsinə edilən ödənişlərin 5 faizi daxildir.

Həmçinin toplanmış bu vəsaitlərin necə istifadə ediləcəyi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyənləşəcək.

İclasda Qeyri-Hökumət Təşkilatlarının (QHT) fəaliyyətinə və maliyyələşməsinə dair nəzarət mexanizmlərini daha da gücləndirən dəyişikliklər də üçüncü oxunuşda qəbul edilib. Belə ki, deputatlar “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlarda dəyişiklikləri təsdiqləyiblər.

Yeni hüquqi tənzimləmələr çərçivəsində qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə bağlı müqavilələr üzrə bank və digər maliyyə əməliyyatlarının aparılmasına qadağa qoyulur. Konkret olaraq “Qeyri-hökumət təşkilatları haqqında” Qanunun 24-2.1-ci maddəsinə edilən əlavəyə əsasən, qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz. Bundan əlavə, 24-2.2-ci maddədə də əhəmiyyətli dəyişikliklər edilib. Yeni redaksiyada qeydiyyatsız xarici maliyyə mənbələri hesabına göstərilən xidmətlər və görülən işlərə görə maliyyə vəsaiti və ya digər maddi vasitələrin qəbul edilməsi də qadağan olunur. Bu dəyişikliklərin məqsədi QHT-lərin maliyyə şəffaflığını artırmaq və xarici təsirlərin qarşısını almaq kimi şərh olunur.

Eyni zamanda, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun 12.3-cü maddəsində də dəyişiklik edilib. Burada “qrant və ianə alarkən, habelə verərkən” ifadəsi maddədən çıxarılıb, “qrant və ianələr” ifadəsi isə daha geniş “əmlakının pul və ya digər şəkildə formalaşdırılma mənbələri” anlayışı ilə əvəz olunub. Bu dəyişikliyin məqsədi əmlakın mənbəyinin daha geniş kontekstdə araşdırılması və qeyri-qanuni maliyyə axınlarına qarşı effektiv mübarizə tədbirlərinin gücləndirilməsidir.

Qeyd edək ki, iclasın gündəliyində olan digər qanun layihələri də müzakirə olunaraq qəbul edilib.

Nardar BAYRAMLI

Seçilən
31
yeniazerbaycan.com

1Mənbələr