Yer kürəsinin "ağciyərləri" hesab olunan meşələr yalnız oksigen mənbəyi deyil, həm də milyonlarla canlı növünün yaşadığı ekosistemlərdir. Təəssüf ki, son illərdə artan meşə yanğınları bu vacib ekosistemləri ciddi təhlükə altına salır.
Flora və faunanın məhv olmasına, torpaq eroziyası və çirklənməyə, su ehtiyatlarının azalmasına, tüstü və zəhərli qazların səbəb olduğu tənəffüs problemlərinə səbəb olur.
Qlobal istiləşmə, insan fəaliyyəti və təbii səbəblər meşə yanğınlarının daha tez-tez və dağıdıcı olmasına səbəb olur. Statistik məlumatlar 2024-cü ilin indiyə qədər qeydə alınan ən isti il olduğunu göstərir. Alimlər qlobal istiləşmənin 1,5 dərəcə həddində saxlanılmasını olduqca vacib hesab edirlər. Hər 0,1°C temperatur artımı planet üçün ciddi təhlükələr yaradır. Uzunmüddətli istilik dalğaları, daha güclü tufanlar, meşə yanğınları və digər fəlakətlər ehtimalı artır.
Mütəxəssislər qeyd edirlər ki, ötən il bütün dünyada tüğyan edən meşə yanğınları atmosferdəki karbon dioksid səviyyələrində rekord illik sıçrayışa səbəb olub. Onların fikrincə yanğınların çoxalması ilə dünya okeanındakı suyun hərarətinin artması arasında əlaqə var. Belə ki, okean nə qədər isti olarsa, enerjisi bir o qədər azalır və karbon qazı atmosferdən su çəkir.
Yüksək temperatur, quraqlıq, səhlənkarlıq
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən ekoloq Cəmşid Bəxtiyarın sözlərinə görə, meşə yanğınları təbii və antropogen səbəblərlə yaranır: "İldırım düşməsi, uzunmüddətli quraqlıq, yüksək temperatur və güclü külək kimi təbii səbəblər meşə yanğınlarına yol açsa da, insan fəaliyyəti ilə bağlı səbəblər daha geniş yayılıb. Söndürülməmiş tonqallar, siqaret kötüyünün atılması, biçindən sonra otlaq sahələrinin yandırılması, texniki avadanlıqların qığılcımı, bəzi hallarda qəsdən törədilən yanğınlar qısa müddətdə böyük fəlakətlərə gətirib çıxarır. Qlobal istiləşmə səbəbindən yay fəsli daha uzun və quraq keçir ki, bu da meşələrin qurumasına və daha asan alovlanmasına səbəb olur. Güclü küləklər yanğının yayılma sürətini artırır. Bu, xüsusilə Aran və dağətəyi ərazilərdə özünü daha çox göstərir".
Ekoloq bildirib ki, son illərdə Azərbaycanda da bir sıra meşə və meşəətrafı ərazilərdə yanğın hadisələri qeydə alınıb. 2021-ci ilin avqustunda Tovuz, Lerik, Yardımlı, Gədəbəy və Qəbələ rayonlarında genişmiqyaslı yanğınlar baş verib. Tovuzun Muncuqlu və Ağbulaq kəndləri yaxınlığında alovlanan əraziyə FHN-in helikopteri cəlb olunub. 2022-ci ilin yayında Qəbələ və Şabran rayonlarında meşəətrafı otlaq və kolluq sahələrdə yanğınlar müşahidə edilib. Qaraməryəm kəndi yaxınlığında başlayan yanğın nəzarətə alınıb, meşə sahəsinə keçmədən söndürülüb. 2023-cü ilin avqustunda Lerik, Şamaxı, Ağsu və İsmayıllı ərazilərində dağlıq və meşəyə yaxın sahələrdə bir neçə yanğın hadisəsi qeydə alınıb. Bu hadisələr, əsasən, yay aylarında, yüksək temperatur, quraqlıq və insan səhlənkarlığının təsiri ilə baş verib.
Bu, bütün dünyanın problemidir
Meşə yanğınlarının qarşısını almaq üçün müvafiq tədbirlər həyata keçirilməlidir. Cəmşid Bəxtiyar bildirib ki, əhalinin maarifləndirilməsi və ictimai xəbərdarlıq kampaniyaları, meşə və dağlıq ərazilərdə nəzarət-patrul xidmətlərinin gücləndirilməsi, quru ot və yanar materialların təmizlənməsi, düşərgə və piknik sahələrində yanğın təhlükəsizliyi qaydalarına ciddi nəzarət, qanunvericilikdə cərimə və məsuliyyət tədbirlərinin sərtləşdirilməsi, erkən xəbərdarlıq sistemləri və PUA-larla monitorinq sistemlərinin tətbiqi vacibdir. O qeyd edib ki, meşə yanğınlarına müdaxilə Fövqəladə Hallar Nazirliyi və Meşələrin Mühafizəsi Xidməti tərəfindən həyata keçirilir. Yanğınların söndürülməsinə yerüstü texnika, canlı qüvvə və bəzən hava texnikası da cəlb olunur. Yanğınlar dağlıq və əlçatmaz ərazilərdə baş verərsə, bölgədə müasir avadanlıq və su mənbələri məhdud olarsa, peşəkar yanğınsöndürən və könüllülərin sayı yetərli olmazsa, çətinliklər yaranır.
"Meşə yanğınları torpağın münbitliyini azaldır, ekosistemləri məhv edir və heyvanların yaşama mühitini sıradan çıxarır. Bu, biomüxtəlifliyin itirilməsi və ekoloji tarazlığın pozulması ilə nəticələnir. Eyni zamanda tüstü və qazlar havanı çirkləndirir, ətrafdakı əkin sahələri, bağlar və heyvandarlıq təsərrüfatları zərər görür, turizm infrastrukturu və yerli icmaların gəlir mənbələri məhv olur, torpaq eroziyası və su çatışmazlığı artır.
Meşələrin bərpası mərhələli şəkildə həyata keçirilir. Yanmış ərazilər təmizlənir, torpaq bərpa edilir, tinglər seçilir, yerli iqlimə uyğun ağac növləri əkilir, gənc meşə zolaqlarına davamlı nəzarət və qulluq edilir. Əgər ziyan böyükdürsə, tam bərpa 10-20 il davam edə bilər. Lakin ilkin meşə örtüyünün canlanması 3-5 il ərzində mümkün olur. Bərpa prosesinə həm dövlət qurumları, həm də ictimai birliklər və könüllülər cəlb olunur. Meşə yanğınları təkcə bir regionun deyil, bütün dünyanın problemidir. Onların qarşısını almaq üçün hər bir fərdin, cəmiyyətin və dövlətin üzərinə böyük məsuliyyət düşür", - deyə ekoloq qeyd edib.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"