AZ

Türk dünyasını daha güclü edən həmrəylik

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi parlaq qələbədən sonra önü geniş iqtisadi perspektivlərə açılan coğrafiyalardan biri də Orta Asiyadır. Bu böyük geosiyasi bölgə təmsilçilərini Azərbaycanla təkcə dərin tarixi mənəvi köklər deyil, həm də gələcəyə, iqtisadi tərəqqi və yüksəlişə dair vahid platforma bilərşdirir. 

Qarabağ və Şərqi Zəngəzurun Ermənistanın 30 illik işğalından qurtulması yalnız Cənubi Qafqazı deyil, həm də yerləşdiyimiz regionu aparıcı iqtisadiyyata doğru irəliləyən Çinlə əlaqələndirən Orta Asiyanın da dünya ilə işbirliyini, kooperasiyasını sürətləndirən önəmli amilə çevirir. Regionlarımızın iqtisadi həyatının bir-birilə sıx əlaqəsi kompleks problemlərə dair müştərək yanaşma və koordinasiya edilmiş addımlarla müşayiət olunur. Xarici siyasətdə eyni prioritetlərə istinad, təhlükəsizlik çağırışlarına vahid cəbhədən reaksiya, mənəvi bağların möhkəmləndirilməsi və xalqlar arasındakı təmasların intensivləşməsi həmin reallıqdan doğan əsas amillərdir. Bu baxımdan Azərbaycanın əldə etdiyi hərbi-diplomatik zəfər qardaş türk dövlətləri üçün yalnız mənəvi qələbə deyil, həm də iqtisadi qüdrətin artması və sosial rifahın möhkəmlənməsi üçün tarixi fürsətdir.

Tarixi birlik

Azərbaycanın Ermənistan üzərində qələbəsi və ərazi bütövlüyünü bərpa etməklə yeni geosiyasi statusa yiyələnməsi bütöv türk dünyası müstəvisində də ən böyük tarixi-siyasi nailiyyətdir. Bakının hərbi qüdrətini artırması və ciddi gücə çevrilməsi avtomatik olaraq türk dövlətlərinin də müdafiə qabiliyyətinin yüksəldilməsi istiqamətində kompleks islahatlara start vermələrinə yol açır. Son 4-5 il ərzində qardaş dövlətlərin Azərbaycanla və Türkiyə ilə birgə hərbi təlimlərə qatılma statistikası bu qənaətimizi möhkəmləndirən faktorlardan biridir. Türk dünyasında ənənəvi hərbi qüdrətə sahib Türkiyə ilə yanaşı, Azərbaycanın da önə çıxması bütöv coğrafiyanın təhlükəsizliyi baxımından olduqca ciddi məsələdir. 

Formalaşmış yeni reallıq ölkələrimizin bütün sahələrdə, ən əsası isə xarici siyasətdə razılaşdırılmış və koordinə edilmiş addımlar atmasını labüd edir. Bu gerçəklik sovetlər imperiyasından əldə edilmiş müstəqilliklə bərabər aktuallaşan vahid etnik soy fəlsəfəsi və türk birliyi anlayışının daha real görüntülər almasına səbəb olub. Çünki nəzəri həmrəylik gerçək görüntü almağa başlayır: iqtisadiyyat, ticarət və bunların fövqündə duran siyasi maraqların uzlaşması prosesə praktik görüntü verir. Dövlət başçılarının görüşlərinin intensiv xarakter alması və bir araya gəlmə səbəbləri, habelə müzakirəyə çıxarılan mövzuların rəngarəngliyi bu dinamikanı əsaslandıran mühüm detallardır. Türk dövlətlərinin liderlərinin bu illər ərzində daha çox məhz Qarabağda - Azərbaycanın işğaldan azad etdiyi bölgəsində reallaşması dünyaya verilmiş güclü mesajdır: Cənubi Qafqaz, Xəzər dənizi və Orta Asiyanın dünya iqtisadiyyatının yeni trend istiqamətinə çevrilməsinin əsas səbəbi Azərbaycanın öz əraziləri üzərində suverenliyini bərpa etməsidir. 

Mütəxəssislər deyirlər ki, dünyanın əsas edarəedici mərkəzlərinin bu amil üzərində dəfələrlə düşünməsində fayda var: əgər bu gün Azərbaycan illərlə davam edən işğala son qoyub baş verənlərə səbəb olmasaydı, izlənilən seysmik geosiyasi vəziyyət fonunda, daha dəqiq desək, İsrail-İran gərginliyi ilə dünya iqtisadiyyatının 30 faizinə nəzarət edən Hörmüz boğazının bağlanması, yaxud Rusiya-Ukrayna müharibəsinə görə Avropaya uzanan ənənəvi logistik marşrutların iflici gerçəkliyində nələr baş verərdi? Bu gün getdikcə daha da aktuallaşan Orta dəhliz layihəsi Azərbaycanın tarixi ədaləti bərpa etməyəcəyi tədqirdə, hətta kağız üzərində belə mümkün görünə bilərdimi? Çıxılmaz logistik labirintə düşmüş Avropa Azərbaycanın tarixi hərbi qələbəsi olmasaydı Orta Asiya təmsilçiləri ilə xüsusi sammit keçirib ticari-iqtisadi gələcəyinə dair təminatlar axtarmağa çalışardımı?

Şübhəsiz ki, bu reallıq təkcə Azərbaycanı deyil, bütün türk dünyasını - Çinlə həmsərhəd olan Qırğızıstandan tutmuş Türkiyənin ən qərb nöqtəsinə qədər böyük tarixi coğrafiyanı gücləndirən, dünya geosiyasəti və qlobal iqtisadiyyatında monolit vahidə çevirən başlıca səbəbdir. Belə görünür ki, qarşıdakı illərdə dövlətlərimizin çəkisi daha da artacaq və türk amili dünya gündəmində öz mövqeyini ortaya qoymaqda davam edəcək. Bu, bizim vahid məkan olmaqla yanaşı, hər birimizin ayrı-ayrılıqda inkişafına təkan verən əvəzedilməz impulsdur.

Enerji mənbələri və logistika

Ümumi platformada inkişafla bərabər, türk dövlətləri arasındakı ikitərəfli təmaslar, xüsusilə də Azərbaycanın Orta Asiya təmsilçiləri ilə intensivləşən siyasi və iqtisadi əlaqələri bütövlükdə türk dünyasının geosiyasi vahid olaraq qüdrətini artıran vacib detallardan biridir. Bu baxımdan Azərbaycanın Özbəkistan, Qırğızıstan və Qazaxstanla siyasi və iqtisadi əlaqələri daha çox maraq kəsb edir. 

Bu ölkələr Azərbaycanla birlikdə yeni dünya trendinə çevrilməkdə olan logistika şəbəkəsi kontekstində fəal əməkdaşlıq edirlər. Pekinin maraqlarına cavab verən və onu Avropa ilə əlaqələndirən ən qısa və büdcəli marşrutların məhz bu ölkələrdən keçdiyini nəzərə alsaq, dövlətlərimiz arasındakı münasibətlər kompleks problemlərin birgə koordinasiyasını və uzlaşmasını tələb edir. Mövcud siyasi iradə imkan verir ki, Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birlikdə Azərbaycan yeni logistika istiqaməti olan Orta dəhliz formatında gömrük, sərhəd, nəqliyyat infrastrukturu kimi amillərə vahid yanaşmaya malik olsun. Avtomobil və dəmir yollarının, dəniz limanlarının təkmilləşdirilməsi dövlətlərimizin önündə duran prioritet vəzifələrdir və əgər biz hamımız bu qlobal layihənin iştirakçılarıyıqsa, sözügedən çağırışları da birgə dəf etməliyik.

Əməkdaşlığımızın mühüm istiqamətlərindən biri də enerji sektorudur. Əslində, bu istiqamətdə onillər boyu formalaşmış işbirliyi mövcuddur. Həm Azərbaycan, həm də Qazaxıstan dünya bazarlarına neft və qaz ehtiyatlarını ixrac edirlər. Ancaq indi bu ənənəvi enerji mənbələrinə ekoloji cəhətdən təmiz, alternativ istiqamətlər də əlavə olunur. Ölkələrimiz zəngin təbii enerji potensialına malikdir. Söhbət günəş və külək enerjisindən gedir ki, proqnozlara görə, Azərbaycan, Özbəkistan və Qazaxıstan yaxın illərdə öz alternativ enerji məhsullarını dünya bazarlarına ixrac edə bilərlər. Politoloqlar bildirirlər ki, Bakı bu istiqamətdə artıq real addımlar artmaqdadır. Qonşu və sınanılmış tərəfdaş olan Gürcüstan vasitəsilə Qara dənizin dibi ilə çəkilən xüsusi kabellərlə ötürülən elektrik enerjisi Avropa bazarlarına çıxarılacaq. Bununla əlaqədar Rumıniya və Macarıstanın da iştirak etdikləri konsorsium artıq fəaliyyətdədir. 

Qarşıda Qazaxıstan və Özbəkistanın da bu layihəyə qoşulma ehtimalları olduqca yüksəkdir. Necə ki, bu gün Azərbaycanın neft və qaz kəmərləri Qazaxıstanın karbohidrogen ehtiyatlarının Avropaya nəqlinə imkan verir, eyni ssenari qarşıdakı illərdə alternativ enerji daşıyıcılarına münasibətdə də istifadə olunacaq. Qazaxıstan artıq fəal şəkildə Azərbaycanla birlikdə Xəzər dənizinin dibi ilə yeni kabelin çəkilişini müzakirə edir və planlaşdırırlar. 

Çoxtərəfli platformalarda birgə fəaliyyət

Türk dövlətləri hər zaman yalnız ikitərəfli əlaqələrdə deyil, həm də çoxtərəfli beynəlxalq müstəvilərdə Azərbaycanın maraqlarına cavab verən siyasi kurs nümayiş etdiriblər. Ölkələrimiz postsovet məkanının təmsilçilərini bir araya gətirən qurumlardan tutmuş türk birliyi və islam həmrəyliyini təcəssüm edən platformalaradək müxtəlif səpkili beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edir və vahid mövqedən çıxış edirlər. Müasir beynəlxalq şəraitdə bu, olduqca vacib amildir, çünki indi geniş dəstək olmadan siyasi iradənin millətlərarası müstəvidə keçərli olmasını təmin etmək mümkünsüzdür. Bu prizmadan baxarkən Azərbaycanın sözügedən dövlətlərlə ümumi mənafelərə cavab verən möhkəm münasibətləri mövcuddur. 

Orta Asiyanın qardaş ölkələri Azərbaycanın istənilən beynəlxalq təşəbbüslərinə dərhal səs verirlər. Məsələn, bu günlər Xankəndidə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatı - ECO-nun növbəti Zirvə toplantısında türk dövlətlərinin fəal iştirakı bunun əyani sübututdur. Sammit ərəfəsində Azərbaycana gələn Özbəkistan və Qazaxıstan liderlərinin azad edilmiş Qarabağda həyata keçirilən yenidənqurma işləri ilə yaxından və səmimi maraqlanmaları hər bir azərbaycanlıya xoş gələn hal olmaqla yanaşı, həm də illər boyu erməni işğalına leqal görüntü verməyə çalışan bəzi dövlətlərə və dairələrə ötürülmüş mesajdır. 

Siyasətçilər də təsdiq edirlər ki, bu konsolidasiya olunmuş yanaşma dövlətlərimiz üçün qarşıdakı illərdə daha böyük uğurlara, xüsusilə də iqtisadi nailiyyətlərə imza atmaq baxımından əlahiddə dərəcədə əhəmiyyətlidir. Təkcə bir misal bu əməkdaşlığın çəkisini təsvir etmək üçün kifayətdir. Orta Asiya, Xəzər dənizi və Cənubi Qafqazın müasir dünya iqtisadiyyatı üçün yeni və aktual nəfəslik, giriş olduğu hamı tərəfindən qəbul edilmiş reallıqdır. İndiyədək bölgəmizdəki prosesləri inkar edən və region dövlətlərinin daxili işlərinə qarışmaqla öz geosiyasi gözləntilərini reallaşdırmaq istəyən dairələr bu gün bizim qazancımız hesabına ortaya çıxmış fürsətdən fayda götürmək istəyirlər. Götürək elə Avropa İttifaqını. İndiyədək bu qurum Orta Asiya dövlətlərinin həyatında hansı müsbət rola imza atıb? Amma bu gün Avropa qitəsinin iqtisadiyyatına cavabdeh bu böyük təşkilatın liderləri toplaşıb Özbəkistana gəlir və burada Orta Asiya təmsilçiləri ilə enerji mənbələri və logistikaya dair sammit keçirirlər. Yaxud Avropa İttifaqı (Aİ) üzvlərinin liderləri bir-birinin ardınca bölgə üzvlərinə səfər edib strateji münasibətlərin əsasını qoyurlar. Və bu reallıqda əlamətdar haldır ki, region dövlətləri Aİ ilə əməkdaşlıqlarının detalları barədə Azərbaycanı məlumatlandırırlar. 

Bu baxımdan türk dövlətlərinin ikitərəfli münasibətlər və türk birliyi platformaları ilə yanaşı başqa beynəlxalq təşkilatlar çərçivəsində də koordinə edilmiş mövqedən çıxış etmələri ümumi məqsədlərimizə xidmət edir və hər birimizin fərdi inkişafına əlavə təkan verir. Bugünkü türk dünyasını daha güclü edən başlıca amil məhz budur! 

İradə ƏLİYEVA,

"Azərbaycan"

Seçilən
51
azerbaijan-news.az

1Mənbələr